Minnətdarlıq                                   

Hörmətli redaksiya, uzun illərdir ki, gözəl rayonumuzun tikinti-abadlıq işlərində çalışıram, Mübaliğəsiz, yaşım artdıqca rayonumuzun inkişafı, daha da gözəl görkəm alması üçün qurub-yaratmaq həvəsim artır. Bu istəkdə ikən bir müddət əvvəl tamamilə halsızlaşdım. Yaşadığım ünvana təcili yardım çağırmalı olduq. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirildiyimi burada xeyli vaxt keçəndən, özümə gələndən sonra bildim. Yüksək təzyiq, mədəaltı vəzi və  böyrək çatışmazlığı diaqnozu ilə təcili yardım bölməsində ilkin yardımları aldım və ambulator qaydada müalicə olunmağa başladım.

Özümə gəldikdən sonra rayonumuzda bu qədər yüksək mədəniyyətə, savada, bacarığa, insanlara səmimi münasibəti olan həkimlərimizin varlığına sevindim. Əvvəlcədən bilməzdim ki, belə həkimlərimiz var. Bu gün ayaq üstə dayanmağım məhz vicdanlı, qayğıkeş həkimlərimizin xidməti sayəsindədir.

Təcrübəli tibb işşçisi, Respublikanın Əməkdar həkimi Şahmurad Şirəliyevin düzgün müayinə və müalicəsi böyük minnətdarlığa layiqdir. Ambulator müalicəmin aparılmasında təcili yardım şöbəsinin sabiq feldşeri Yusif Yusifova da minnətdarlıq edirəm.

Sağlamlıq əvəzsiz nemətdir. Təəssüf ki, bunu çoxlarımız xəstələndikdə dərk edirik. Bununla belə, İsmayıllı rayonunda müasir xəstəxanamızın və bacarıqlı tibb işçilərimizin olmasından qürur duyuram. Allah sağlamlığımızın özümüzə qaytarılmasında zəhməti olanlara kömək olsun!

Mirəli Bəkirov,

İsmayıllı şəhər sakini

Şərh Yaz