Hüseynov Miryavər Rəsul oğlu                   

Miryavər Rəsul oğlu 89 yaşında dünyasını dəyişmişdir.

Miryavər Rəsul oğlu Hüseynov 5 fevral 1932-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuşdur. 1950-ci  ildə Müəllimlər İnstitutunu, 1961-ci ildə isə Dillər İnstitutunu Fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəlcə rayon mərkəzində, sonra isə Basqal qəsəbəsindəki orta məktəbdə rus dili və ədəbiyyatından dərs demişdir. Qabaqcıl metodikaya sahib olaraq, rayonun adlı-sanlı müəllimləri arasında “Metodist müəllim”, ”Təhsil əlaçısı” adlarına layiq görülmüş, təlim-tərbiyə işinin yaxşılaşdırılması, təhsilin intensivləşdirilməsi sahəsində elmi-praktik konfranslarda, metodbirləşmə yığıncaqlarında mütəmadi olaraq çıxışlar etmişdir.

Doğulduğu yurdun, Basqal qəsəbəsinin yorulmaz tədqiqatçısı olan Miryavər müəllim Şirvan torpağının əsrarəngiz gözəlliyini, Odlar diyarının tarixi keçmişini, istedadlı insanlarını tərənnüm edən 200-dən çox publisistik və bədii yazıların, iri həcmli pedaqoji məqalələrin müəllifi idi. Xüsusi istedad və vətənsevərliklə qələmə aldığı yazılar respublikamızın dövrü mətbuat səhifələrində mütəmadi dərc olunmuşdur.

Miryavər Hüseynovun “Ulu vətənim Basqal”, ”Basqal əcdadlarımızın əks-sədasdır”, ”Həyatın elmi”, ”İztirablı illər, pak ömürlər”, ”Basqal və basqallılar” və s. kitabları nəşr olunmuşdur.

Miryavər Hüseynov Azərbaycan  Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi“ medalı ilə təltif olunmuşdur.

Miryavər Hüsenov el ağsaqqalı idi. Milli-mənəvi, dini dəyərləri, elini, obasını ürəkdən sevirdi və bu keyfiyyətləri gənc nəslə də aşılayırdı. Onun əziz xatirəsi həmişə onu sevənlərin yaddaşında qalacaq.

Məkanı cənnət, ruhu şad olsun. Allah rəhmət eləsin.

İsmayıllı Rayon İcra Hakimiyyəti və yaxınlarından bir qrupu

Şərh Yaz