BİZLAN GÖZƏLİ

İsmayıllıdan olan Lamiyə xanımın və göyçaylı Zimistan bəyin (hər ikisi laldır) toylarında qəlbim belə dilə gəldi…

 

Bu nə qaş, bu nə göz, bu nə yaraşıq?!

Sanki, lap pərisən, Bizlan gözəli.

Bəxtəvər başına, Yusif qamətli,

Bir gəncin yarısan, Bizlan gözəli.

 

Laləyə, nərgizə bənzər yanağın,

Sevgidən lal oldu dilin, dodağın?

Əlçatmaz, ünyetməz o Baba dağın

Elə bil qarısan, Bizlan gözəli.

 

Gəlin bəydən gözəl, bəy də gəlindən,

Kim məhrum eylədi sizləri dildən?

Deyirlər, yarını sevdiyin gündən

Sanki ayparasan, Bizlan gözəli.

 

Gözləri qamaşır sənə baxanın,

Gəlinlik paltarı zəri yaxanın,

Bizlanın, Göyçayın, yadın-yaxının

Namusu, arısan, Bizlan gözəli.

 

Ataya, anaya dayaqsan, dayaq,

Güldən ətirlisən, bülbüldən oyaq…

Daim sənə bu cür ilhamla baxaq,

Elimin varısan, Bizlan gözəli.

İldırım Dəmirli,

Əməkdar jurnalist

Şərh Yaz