DAĞLARIMIZIN ORİJİNAL OĞLU ŞAHMƏMMƏD DAĞLAROĞLUNA         

“İsmayıllı xəbərləri” qəzetinin 500-cü yubiley nömrəsi çox əlamətdar bir vaxta –  həm 1929-cu ildə ləğv edilmiş Şamaxı qəzasından sonra İsmayıllı inzibati rayonunun yaradılmasının 90-cı ildönümünə, həm də qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlunun (Soltanovun) anadan olmasının 65 illiyinə təsadüf edir. Ötmüş illər ərzində müxtəlif adlarla rayonumuzu təmsil edən“Yeni İsmayıllı”, “Zəhmətkeş”, “Cavanşir yurdu”, “Girdiman” kimi qəzetlər fəaliyyət göstərsələr də, onların sayları barəsində səhih məlumatım yoxdur. Bircə onu deyə bilərəm ki, Musa Yaqubun “Zəhmətkeş”ə gəlişindən sonra qəzet öz inikasını tapmış, ətrafına bacarıqlı, yazmaq qabiliyyəti olan insanları toplamış, onu ümumrayon miqyasında oxunan, növbəti sayı oxucular tərəfindən intizarla gözlənilən sevimli informasiya mərkəzinə çevirmişdi. Bu gün isə, əsası Musa Yaqub tərəfindən qoyulan həmin ənənələri 8, 12, 16, əksər vaxtda 24 səhifə ilə çap edilən “İsmayıllı xəbərləri” davam etdirir. Artmaqda olan oxucularının sayı da əhatə dairəsindən kənara çıxıb, səsləri Respublikanın kənd, qəsəbə və şəhərlərindən, Özbəkistandan, Tatarıstandan, Qırğızıstandan və digər türkdilli dövlətlərdən gəlir. Qəzetin 500-cü sayı artıq əlimizdədir. 13 il ərzində bu cür nailiyyətə imza atmaq heç də asan iş deyil. Buna nail olmaq üçün peşəsini dərindən sevmək, canında “can yanğısı” olmaq gərəkdir. Etiraf edək ki, Respublikamızda bu cür uğurla inkişaf edən mətbuatların sayı barmaqla sayılası qədərdir.

Şahməmməd Dağlaroğlu ilə şəxsi tanışlığımın tarixi bir o qədər də çox deyil. Barəsində isə şox eşitmişdim. Mən “Dağlaroğlu” imzası altında bədii ədəbiyyatda uğur qazanan bir neçə müəllif tanıyıram. Hamısına da dərin hörmət bəsləməklə yanaşı, bəzilərinin kitablarını da əldə etmişəm. Onları mütaliə edərkən öyrənmişəm ki, bu müəlliflərin əksəriyyəti ata-anasına qoşulub yad ellərdə qoyub gəldikləri, bəlkə də üzünü görmədikləri dağların oğullarıdır. Öz qulağımızın dibində olan Babadağımızın, Niyaldağımızın köksündə doğulub ərsəyə çatan “orijinal dağlaroğlumuzdan” isə bir qədər  gec xəbər tutmuşam…

Özlüyümdə onu başı buludlara dəyən, canlı-cəsədli, kürəkləri qaya parçası tək enli, bığı eşməli, Koroğlu cüssəli, sazlı-sözlü ozan şair kimi canlandırırdım. Günlərin birində yaxın həmkarımın təkidi ilə onunla tanış olmaq üçün xüsusi olaraq Bakıdan İsmayıllıya gəldim. Bələdiyyə binasının ikinci  mərtəbəsindəki açıq qapılı otağına daxil olmaq üçün salam verib icazə istədim. Kompüterin monitoru qarşısında oturan ortaboylu, enlibığlı 60-65 yaşlar arasında olan birisi, cəld salamımı alıb, məni qarşılamaq üçün qapıya gəldi. Tanış olduq. Bu, mənim yuxarıda xəyalımda cızdığım etüdlərin bəzilərinə uyğun, bəzilərinə isə uyğun gəlməyən şair Şahməmməd Dağlaroğlu idi.

İlk tanışlıqdan öz aramızda kitab mübadiləsi etdik. Kitab – hər bir müəllifin həyatıdır, tərcümeyi-halıdır. Xeyli söhbətləşdik. Hisslərimdə yanılmadığıma, düşündüklərimin öz təsdiqini tapdığına əmin oldum. Təkcə uyğun gəlməyəni o idi ki, vaxtında həyatın acı keşməkeşli sıxıntıları olmasaydı, fərəhli, firavan həyat tərzi keçirsəydi, bəlkə də qarşımdakı Dağlaroğlu Koroğludan daha cüssəli, daha nəhəng can sahibi olardı. Bir də sifət cizgilərinə yaraşan enli bığlarına lazımınca qulluq etmədiyindən, bığları hələ eşmə deyildi. (Bunun üçün isə hələ vaxt var). Uyğun gələn arqumentlər isə daha çox idi. Səsi amiranə və gur idi, əsl ozan səsi idi. Neçə-neçə kitab müəllifidir. Kefinin kök vaxtlarında sazını sinəsinə basıb Aşıq Şakir yetirməsi Aşıq Yanvar Bədəlovla sinə-sinəyə durub deyişdiyi anlar da olub…

Salamlaşarkən ilk salamı o verməyə çalışdı. Bəzi insanlar kimi özünü su dəymiş noxud və yaxud lobya kimi şişirtmədi, candərdi, könülsüz əl uzatmadı. Mehriban və səmimi təəssürat yaratmaqda bişmiş insan obrazı yaratdı. Şahməmməd müəllimin bu xüsusiyyətləri, universitetdə təhsil aldığım illərdə mənə “Etika və estetika” fənnindən dərs demiş müəllimim, SSRİ Xalq artisti, respublikada “Otello” obrazının ilk və son mahir ifaçısı, sənətşünaslıq və fəlsəfə elmləri doktoru, professor Mehdi Məmmədovun təyin etdiyi parametrlərə çox uyğun gəlirdi. O, deyirdi: “Böyük insan o şəxsdir ki, salamlaşmaqda tələsir, birinci əl uzadır. Danışarkən qarşı tərəfin sözünü kəsməyir, nə qədər üzücü olsa da onu sona kimi dinləməyi bacarır. Həmsöhbətini layiqincə, razılıqla yola sala bilir…”

Şahməmməd müəllim bir dülgər, bir xarrat emalatxanasında, elektrik mühərriklərinin yeknəsəq uğultuları içərisində kamilləşən, yetginləşən, müdrikləşən və nəhayət yaşadığı mühitə sığmayıb fitri istedadı ilə zülmətdən işıqlı dünyaya  qovuşan simurq quşuna bənzəyən bir şairdir. Onu həm də, Babadağın, Niyalın qarlı zirvələrində bitən, şaxtalı havasında çiçəkləyən naməlum, nadir bir dağ gülünə bənzətmək olar. O, gördüyü, eşitdiyi hər detalı bədahətən nəzmə çəkməyi bacaran fitri istedaddır. Şeirlərində geniş diapazonludur, hansı mövzuda yazırsa yazsın, hamısı təbii alınır. Adət-ənənəsini, ləhcəsini, dialektini tərənnüm etməyi bacarır, xəritədən silinən, Xalq qəhrəmanı Cümşüd yurdu –  kəndi Pirəqanımı yaşadır.

Şahməmməd müəllim 44 günlük müharibə zamanı öz geniş, işıqlı otağına da sığmadı. Otağından da, qəzetindən də, elə öz nəfəsindən də barıt qoxusu gəlirdi. Şənbə, bazar bilmədi, pandemiya-korona nə olduğunu tanımadı. İşə hamıdan tez gəlib, gec getdi. Cəbhədən gələn hər uğura əks-səda verdi, qələmini süngüyə çevirdi. Rayonumuza gətirilən hər müqəddəs şəhidimizin dəfnində iştirak etdi, qırıq könüllərə məlhəm oldu, qəbrüstü abidələrə mənalı şeirlər yazdı. Çox qısa bir zaman kəsimində “Döyüşən sətirlər” adlı növbəti  kitabını ərsəyə gətirdi. Bununla da kifayətlənməyən şair, Ali Baş Komandana:

Yazın, məni də yazın, müzəffər ordumuza,

Bu gün dayaq gərəkdir torpağa, yurdumuza.

Tükənməmiş qəzəbim, bitməmiş həyəcanım,

Mənə də silah verin, Ali Baş Komandanım! – deyə müraciət etdi.

Yazımı yekunlaşdıraraq, bu günlərdə Şəki qəbristanlığını ziyarət etdiyim zaman, rastlaşdığım bir qəbrüstü abidə üzərində yazılanlardan aldığım təəssüratı sizinlə də bölüşmək istəyirəm. Qəbrüstü abidə mərhum tərəfindən sağlığında düzəldilmiş və vəsiyyətinə uyğun olaraq dünyasını dəyişəndən sonra məzarı üstə yerləşdirilibdir. Abidə üzərində yarı ənsari, yarı islami fonda həkk olunan belə bir yazı var: “DÜNYANIN XOŞBƏXTLİYİ, BAĞ BECƏRİB ONUN MEYVƏSİNİ DƏRMƏKDİR”.

İbrətamizdir, deyilmi?

Dağlarımızın orijinal oğlu, Şahməmməd müəllim, “İsmayıllı xəbərləri”nin 500-cü sayı və anadan olmağınızın 65 illiyi münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ağrısız-acısız uzun ömr, dağlarımız kimi ucalıq, çiçəklənməkdə olan yaradıcılığınızda müvəffəqiyyətlər arzulayıram. Becərdiyiniz bağın bəhrəsini dərəsiniz, xeyrini görəsiniz. Allah zəhmətinizi itirməsin, deyirəm.

Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz