Zəngilan ziyalıları Musa Yaqubu ziyarət etdilər              

Zəngilanlı ziyalılar ustad şairi ziyarət etmək üçün onun Buynuz kəndindəki evində qonaq oldular. Səmimi söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaş nəticəsində şanlı ordumuzun torpaqlarımızı, o cümlədən dilbər guşə olan Zəngilan rayonunu erməni vandallardan azad etməsinin böyük ruh yüksəkliyi doğurduğu bildirildi.

Bu günlərdə doğma dədə-baba yurdunu ziyarət edən zəngilanlı şair qardaşlar – “Zəngilanın səsi” qəzetinin baş redaktoru Salam Cavadlı  və Azərbaycan Yazıçılar Birliyi Zəngilan şöbəsinin rəhbəri Mahir Cavadlı və qiraətçi Əzizağa Cəfərovun ustad şairlə görüşündə rayonun təbiəti, ədəbi mühiti haqqında fikir mübadiləsi aparıldı. Ustad şair vaxtilə sənədli film həsr etdiyi “Bəsitçay” çinar qoruğunun vəziyyəti ilə maraqlandı.

Sonra Musa Yaqubun və şair qardaşların şeirləri onların öz ifasında səsləndi. Çay süfrəsi arxasında 2 saata yaxın davam edən səmimi söhbət qonaqlarda və İsmayıllı ziyalılarında xoş təəssürat doğurdu.

Mahir Cavadlı

 

USTADIN SÖZ DİVANINDA

 

Necə xoş məclisdi, gözəl ovqatdı?!

Şirin xatirəli, şeir sovqatlı.

Közərən ocağa od, alov qatdı

Bir ustad baxışı Musa Yaqubun!

 

Axdı misra-misra, bağlandı bənd-bənd,

Gəzdi oba-oba,  dolandı kənd-kənd,

Bu pak təbiətə baxan aynabənd,

Bu bahar yağışı Musa Yaqubun!

 

Söz-söz sevinc coşdu, qəmə çəkildi,

Səs-səs zilə qalxdı, bəmə çəkildi,

Bir cavan gözündə nəmə çəkildi,

Bir “əhsən” alqışı Musa Yaqubun!

 

Sıx meşə qoynunda, dağ yamacında,

Yeri var çayın da, sərv ağacın da!

Sultandır şairlik taxtı-tacında

Sözdür zər, naxışı Musa Yaqubun.

 

Tanrım, verdiyinə min dəfə şükür!

Deyəsən toxunub hədəfə fikir.

Sözüm də söz olub meylini çəkir

Yaxşılardan yaxşı Musa Yaqubun!

 

Şeirdir şairə canda şah damar,

Ürəkdən süzülər, dodağa damar,

Bu zirvənin yolu kiminə hamar,

Enişi, yoxuşu Musa Yaqubun!

 

Yaşanan həyatdır, ömür xatirə!

Qurban da deyərdin mən o xətirə –

Bəxtimə bir daha məqam yetirə,

Olam söz sirdaşı Musa Yaqubun!

Şeirimin zər qaşı Musa Yaqubun!

                       Buynuz 26 mart, 2021

***

Sonra pandemiya şəraiti nəzərə alınmaqla zəngilanlı qonaqların İsmayıllı şairi “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr etdiyi və məhz o günlərdə qələmə aldığı “Döyüşən sətirlər” kitabının yığcam müzakirəsi keçirildi. Kitabdakı şeirlərin bədii məziyyətlərinə toxunuldu, müəllifə yeni-yeni uğurlar diləndi.

Yaradıcı dostluq şəraitində keçən görüşdə belə qarşılıqlı münasibətlərin davam etdirilməsinin vacibliyi vurğulandı.

 P.S Təəssüf… Böyük şairlə görüşmək arzusuna may ayının 7-də, anadan olmasının 84 ilinin tamamına 3 gün qalmış ulu Tanrı tərəfindən nöqtə qoyuldu. Qardaşlar görüşə gəlməsələr də, şairlə vida mərasiminə gəldilər. Onu son mənzilə yola saldılar…

İsmayıllı xəbərləri”

Şərh Yaz