HƏR ŞEYİ SAĞLIĞINDA DEYƏN ŞAİR                           

Dünya xristianlarının müqəddəs kitabı olan Əhdi Cədidin (elə bizim Müqəddəs Qurani Kərimimiz də ona çox böyük sayğı ilə yanaşır) Müjdələrindən (Yevangeliya) biri bu sözlərlə başlayır: “Əzəl başdan kəlam var idi”. Musa Yaqub ömrü boyu bu əzəli olan Kəlama sədaqətlə xidmət elədi, əlahəzrət Sözə xəyanət etmədi. Onu sevənlər, ölümünə acıyanlar arxayın olsunlar. O, sorğu-sualsız artıq Cənnətdədir. Acımaq demişkən, yaradıcılığının lap ilkin dövründə (ötən əsrin 60 cı illərinin əvvəllərində) “Şair ömrü” adlan bir bəndlik şerində görün nə yazırdı:

Dünyadan bir ömür qoparıb o da,

Qovuşur torpağa günün birində.

Yaratdıqlarında yaşayırsa da,

Ölür yaranmamış nəğmələrində.

İndi, əlbəttə poeziya təşnələri kədərlənməlidirlər. Görün nə qədər nəğmə yaranmamış o dünyaya köç etdi…

Təsəllimiz isə Musa müəllimin yaratdıqlarında həmişə bizimlə olacağına əminliyimizdir.

Harada dəfn edək?

Özü deyib:

Bəlkə də borcundan çıxmadım Vətən,

Ömür bahar deyil, bir də qayıtsın

Ölsəm də qoynunda qoy ölüm ki, mən

Çürüyüm bir ovuc torpağın artsın.

Vətən qismində bütün həyatı boyu haranı vəsf edib? Şerlərinin poetik qəhrəmanları, qoca palıd, tənha qovaq, isgəndər quşları, dağ çayı, boynubükük bənövşə, yanağı xallı lalə, sal qaya, buz bulaq hardadırsa, oranı. Rəvadırmı Şairi onlardan ayırmaq?

Yaradıcılığı ilə tanış olanlar oranı da tanıyırlar, “İlahi, mən hara gəlib çıxmışam?” sualının ünvanını da.

Bir də ki, onu ömrü boyu üstündə nanə yarpağı kimi əsdiyi həyat yoldaşının son mənzil ünvanından kənar salmaq nə dərəcədə Tanrıya xoş gedərdi?

Simran Həsənov

 

Şərh Yaz