Aşıq Ələsgər zirvəsi – 1821-1926                               

Qədim və doğma Azərbaycanımızın, Qərbi Azərbaycanın Göyçə mahalı deyilən bir yurd yerimiz var. Bu yurd 30 ildən çoxdur ki, vətəndə ikən vətənsiz qalan vətənimizdir. Vaxt var idi ki, bu mahal saz və söz beşiyinin məkanı, Dədə Qorqud yurdu,  ozan eli adlanırdı.

Bu yurd 500 ildən artıq idi ki, özünün aşıq məktəbi ilə bütün Qafqaz, Türkiyə, İran və başqa yerlərdə tanınırdı. Bu, torpaq yüzlərlə saz və söz  ustadları yetişdirib. Miskin Abdulladan başlayaraq, Aşıq Allahverdi, Ustad Alı, Dədə Ələsgər, Aşıq Nəcəf, Aşıq Mehdi, Məmmədhüseyn, Aşıq Məhərrəm, Şımpırli Sevgili, Aşıq Əsəd, Aşıq Aydın, Aşıq Rəcəb, Aşıq Behbud, Aşıq Talıb, Növrəs İman tərəfindən bu günədək davam etdirilir, amma Göyçəsiz. Bu aşıq məktəbinin zirvəsində əlbəttə, Aşıq Ələsgər dayanır. O Ələsgər ki, indi bütün aləmdə Dədə Ələsgər adı ilə tanınır.

Ələsgər  Alməmməd oğlu 1821-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində saz-söz ocağını sevən bir ailədə dünyaya göz açmışdır. Onun atası Alməmməd kişi qardaşı Məhəmməd də o vaxt saz-söz xiridarları kimi bütün ətrafda tanınırdılar.

İlk vaxtlar öz həmkəndlisinə nökərçilik edən gənc Ələsgər onun qızı Səhnəbanuya vurulub. Onlar biri-birini sevsələr də, ailə qura bilməmişlər. Buna görə də bu məhəbbətin, sevginin iztirabları ilə yaşamış, lap gec, 40 yaşında ikən Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı qızla evlənmişdir. Bu izdivacdan 9 övlad – Bəşir, Əbdüləziz, Talıb, Nigar, Xeyrənisa, Gülnisə, Bəsti, Əsli və Zümrüd dünyaya gəlmişdir.

Aşıq Ələsgər gənc yaşlarında Qızılvəngli Aşıq Alıya şagird olmuş, onun sayəsində aşıqlıq sənətinin bütün incəliklərini dərindən öyrənmiş, ömrünün axırlarına kimi ona sadiq olmuş, heç vaxt onu unutmamış, ona həmişə kömək əlini uzatmışdır.

Onun savadı olmasa da, aşıq şeirinin bütün janrlarında söz qoşub məclislərdə oxumuşdur. O, çox yüksək duyğuya, dərin zəkaya malik olaraq, bütün Göyçə mahalında haqq aşığı, Allah vergisi verilmiş kimi tanınmışdır. Onun qoşmaları, gəraylıları, müxəmməsləri, divaniləri, qıfılbəndləri, müstəzadları, təcnisləri, ustadnamələri, qoşayarpaq, dildönməzləri və s. ədəbi nümunələri sinədəftərlər tərəfindən geniş yayılaraq, bu günümüzə qədər gəlib çatmışdır.

Vaxtı ilə aşıq şagirdi olan Dədə Ələsgərin özü də şagirdlər yetişdirmişdir. Onlardan Aşıq Qurban, Aşıq Talıb (öz oğlu), Aşıq Nəcəf (Ağkilsədən), Aşıq Mikayıl (Zoddan), Aşıq Nəcəf (Daşkənddən), Aşıq Yusif (Qızılbulaqdan – Çaxırlıdan), Aşıq Paşa, Aşıq Məmmədəli (Sarıyaqubdan), Aşıq Mustafa (Qızılvəngdən – Çiçəklidən), Aşıq Hüseyn (Hüseynquluağalıdan – Nərimanlıdan), Aşıq Nağı (Kəsəmənlidən – Bahardan), Aşıq Qoyas (Böyük Məzrədən), Aşıq Sadiq, Aşıq Əsəd (Böyük Qaraqoyunludan), Aşıq Nağı (Zərzibildən – Zərkənddən), Aşıq Məhərrəm (Alçalıdan), Aşıq Alı (Dərəçiçək mahalı – Torpaqlıdan).

Aşıq Ələsgər şeirlərində məhəbbət, sevgi mövzusu ilə yanaşı, dağların vəsfi, təbiətin gözəlliyi, ictimai-siyasi həyata baxışı, dövrün haqsızlıqlarının tənqidi də geniş yer alır.

Bununla yanaşı, O, vara-dövlətə uymamağa, namuslu, mərd, ədalətli olmağı hər şeydən üstün tutur.

Öyrən sözlərimi, saxla əmanət,

Ağalıq fikrinə dalma dünyada.

Yazın payız olar, yayın zimistan,

Çəkib qılıncın çalma dünyada.

 

Nakəsi kəs bilib qoyma evinə,

Naxoş olan zəhər qatar kininə.

Mərdin xəncərini çək öz sinənə,

Namərddən köməyi umma dünyada.

 

Eşitsin sözümü nəsihət yazan,

Alar cəzasını yolundan azan.

Xərclə pulu, ver malını, dost qazan,

Malını yeməztək qalma dünyada.

 

Ələsgər dost bilməz öz düşmanını,

Axarsan sulara tökmə qanını.

Çor deyənə can de, qurtar canını,

Başını qovğaya salma dünyada.

Və ya:

Mən istərəm alim, mömin yüz ola,

Gözü haqq yolunda, doğru, düz ola.

Dəhanında sözü üzbəüz ola,

Ələsgər yolunda can qurban eylər.

Dədə Ələsgər 105 yaşında, 1926-cı ildə Göyçə mahalında vəfat etmiş, doğma vətənində – kəndində dəfn olunmuşdur.

200 illik yubileyinin keçirilməsi çox təqdirəlayiq haldır və əsl saz-söz bayramıdır.

Nizami Nadirov

 

Şərh Yaz