Musa Yaqub (Yaqubov Musa Səfiməmməd oğlu)    

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın Xalq şairi Musa Yaqub (Yaqubov Musa Səfiməmməd oğlu) 84 yaşının tamamına 3 gün qalmış vəfat etmişdir.

Musa Yaqub 1937-ci ilin may ayının 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Texnikumunu bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdir (1958-1967).                                                                   

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd səkkizillik məktəbinin müdiri olmuşdur. Bakı şəhərinə köçdükdən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bölməsində direktor müavini (1974-1978), “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978 – 1991).

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan”  jurnalında çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır.                                                           

Moldoviyada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan günləri və digər Ümumittifaq tədbirlərdə iştirak etmişdir. Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin büro üzvü, rayon Xalq Deputatları Soveti yanında Ticarət və Məişət Xidməti daimi komissiyasının  sədri olmuşdur. İsmayıllı Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

20-yə yaxın şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü M.Yaqub M.F.Axundov adına mükafata layiq görülmüşdür.  1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Musa Yaqub 24 may 2019-cu ildə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür.

Parkinson xəstəliyindən əziyyət çəkən şair 7 may 2021-ci ildə vəfat etmişdir. Xalq şairi vəsiyyətinə əsasən anadan olduğu Buynuz kəndində, həyat yoldaşının məzarı yanında torpağa tapşırılmışdır.

Yaradıcılığa başladığı ilk günlərdən təbiət və məhəbbət şairi kimi tanınan və sevilən Musa Yaqubun işıqlı ömrünün xatirələri zaman-zaman onu tanıyanların xatirində yaşayacaq, əsərləri poeziyasının vurğunu olanların dilində əzbər olacaqdır.

İsmayıllı Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin adından Musa Yaqubun ruhuna dualar edir, məkanının cənnət olmasını uca Yaradandan rica edirik. Ruhun şad olsun, qəbrin nurla dolsun, Azərbaycan xalqının sevimli oğlu.

İsmayıllı Rayon İcra Hakimiyyəti,

Qələm yoldaşlarından bir qrupu

Şərh Yaz