Şəhid Ramil Musayev                                          

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında payı olan, Vətənin azadlığını öz yaşamından üstün tutan qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Ramil Musayevdir.

Ramil Aydın oğlu Musayev 6 may 1991-ci ildə İsmayıllı rayonunun günəşli qəsəbəsində anadan olmuşdur. Tam orta təhsilini N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində bitirmişdir. Orta məktəbdə Ramil öz sakitliyi, nizam-intizamı ilə fərqlənən şagirdlərdən biri idi. Vətənə olan borcunu yerinə yetirmək üçün, O, 2008-ci ildə həqiqi hərbi xidmətə yollanır, xidməti borcunu layiqincə yerinə yetirən Ramil az bir vaxt ərzində əsgər və zabit heyyətində fərqlənməyə başlayır. Hərbiyə olan marağı, xüsusilə də Vətən sevgisi onun müddətdən artıq hərbiçi kimi ordu sıralarına yazılmasına səbəb olur. Hərbi bacarığı, nizam-intizamı, hərbiyə dair bilikləri nəticəsində O, Azərbaycan ordusunun “Ölüm mələkləri” hesab olunan Xüsusi Təyinatlı Qüvvələrin sıralarına daxil olur. Burada təlim gördüyü müddətdə o, hərb sənətinin sirlərinə yiyələnir. Ən ekstrimal şəraitlərdə, eləcə də çətin dağ relyeflərində təlimlərdə iştirak edən Ramil XTQ-nin giziri vəzifəsinə kimi yüksəlir. R.Musayev ən çətin döyüşə hazırlıq  təlimlərindən XTQ-nin peşəkar üzvü olmaq uğrunda  təşkil olunan sınaqlardan hər zaman yüksək göstərici ilə, Türkiyə, Gürcüstan kimi ölkələrdə hərbi təlimlərdə iştirak edərək ölkəmizi layiqincə təmsil etmişdir. Bu təlimlər zamanı O, medal və sertifikatlara layiq görülmüşdür. Türkiyədə baş tutan “Evdə sülh, dünyada sülh” devizi adı altında təşkil olunan hərbi təlimdə fərqlənərək sertifikata layiq görülmüşdür.

2016-cı ildə aprelin 1-dən 4-nə kimi baş verən ermənilərə qarşı keçirilən əks-hücum əməliyyatlarından Ramil Musayev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş hərbi paradda iştirak etmiş və medala layiq görülmüşdür. Torpaqlarımızın azad olunması uğrunda 26 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Ramil ən çətin döyüş tapşırıqlarında iştirak etmişdir. O, Cəbrayıl, Füzuli, Suqovuşan, Murov istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir.  Ramil Musayev 4 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşmuşdur. Şəhadətindən sonra şəhidimiz “Qarabağ”, “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. Ötən günlərdə Ramil Musayevin özü olmadan qeyd olunan 30-cu yaşı idi. Şəhidimizin yaxınları, məktəb kollektivi, rayon İcra Hakimiyyətinin nümayəndələri onu məzarı başında təbrik etdilər. Biz də “Azərxalça” ASC-nın İsmayıllı filialı kollektivinin üzvləri olaraq şəhidimizi ziyarət etməyi özümüzə borc bildik. Hazırda Ramilin vaxtı ilə yaşadığı Günəşli məhəlləsində üç şəhidimiz – Ramil Musayev, Novruz Həmzəyev və Famil Əhmədzadə hörmətlə yad edilir. Bu gün xalqımızın rahat yaşamı əmin əllərdədirsə, torpaqlarımız cəmi 44 gün ərzində düşmən işğalından azad olunubsa məhz şəhidlərimizin, qazilərimizin və güclü ordumuzun sayəsindədir. “Azərxalça” ASC-nin İsmayıllı filialı rəisi və işçi heyətinin adından vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Elbrus Əhmədov

Şərh Yaz