QAZİ MÜƏLLİMİN QƏHRƏMAN ŞAGİRDLƏRİ                         

Səmədov İlham Mütəllim oğlu 1964-cü il may ayının 24-də İsmayıllı rayonu Təzəkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1981-ci ildə Ç.İldırım adına Politexnik İnstitutuna hər iki fəndən əla qiymət alaraq qəbul olunub. O zaman Azərbaycan KP MK-nin birinci katibi olan ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində İlham Səmədovun bu nailiyyətinə toxunmuşdur.

1986-cı ildə ali təhsilini başa vurub İsmayıllı Suvarma Sistemləri İdarəsində əvvəlcə baş motorist, sonra mühəndis kimi fəaliyyət göstərib. Təhsil sahəsində 1990-cı ildən çalışmağa başlayıb və ilk dəfə rayonun Minkə kənd məktəbində riyaziyyat müəllimi işləyib.

Yenicə ailə həyatı qurmuş və iki yaşlı körpə övladı olan İlham müəllim 1992-ci ildə Milli Orduya çağırılıb və zabit kimi xidmətə başlayıb. Divizion komandirinin müavini, tank əleyhinə taqım komandiri olub. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə divizion komandirinin müavini kimi iştirak edib. Düşmənin xeyli sayda silah-sursatının məhv edilməsi ilə yekunlaşan əməliyyatlarda iştirak edib, kontuziya almağına baxmayaraq, döyüşləri davam etdirib.

1996-cı ildə hərbi xidmətdən tərxis olunan İlham Səmədov həmin ildən başlamaqla artıq 25 ildir İsmayıllı rayonunun Gəndov kənd ümumi orta məktəbdə riyaziyyat müəllimi işləyir.

Bu illər ərzində şagirdlərinin təlim-tərbiyəsi ilə bağlı əlindən gələni əsirgəməyib. Riyaziyyatın sirlərini məktəblilərə öyrətməklə yanaşı, vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi önəm verib, müəllimiyi dövründə yorulmadan Vətənə dəyərli övlad, müstəqil Azərbaycanımız üçün layiqli vətəndaş yetişdirmək üçün səy göstərib.

Bu cəhdlər, yorulmaz fəaliyyət öz bəhrəsini verib. İlham müəllim yetirmələrinin orta ixtisas və ali məktəblərə qəbul olunması sevincini  çox yaşayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində isə həm də düşmənə qarşı cəsarətlə vuruşub doğma torpağı mərdliklə azad edən, mənfur yağılardan təmizləyən Gəndov kənd ümumi orta məktəbin məzunu olmuş doqquz nəfər şagirdinin şücaətinin, igidliyinin qürurunu yaşayıb. Hər dəfə bir şagirdindən xoş xəbərlər eşidən, günlər keçdikcə vaxtilə dərs dediyi uşaqların işğal altında olan rayonlarımızın azad olunmasında göstərdikləri əzmkarlıq və mətanət sorağını alan müəllim göz yaşlarına sahib ola bilməyib.

V-IX siniflərdə riyaziyyatı öyrətdiyi Atayev Rəşad İkram oğlunun, Abbaslı Cavidan Gülbaba oğlunun yaralanması xəbərini duyunca sanki İlham müəllimin keçmiş yaraları sızıldayıb. Şagirdlərinə dəyən yağı gülləsinin ağrısını öz canında hiss edib. Birinci Qarabağ müharibəsində vəzifəsini layiqincə yerinə yetirmiş İlham müəllimin şagirdləri haqqında qısa məlumat:

Abbaslı Cavidan Gülbaba oğlu və Atayev Rəşad İkram oğlu “Cəsur döyüşçü” medalı, həmçinin Abbaslı Cavidan Gülbaba oğlu və Atayev Ruslan Əkrəm oğlu “Laçının azad olunmasına görə” medalı, Mikayıllı Kamil Baloğlan oğlu isə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər. Bu təltiflərdən başqa Atayev Ruslan Əkrəm oğlu, Atayev Rəşad İkram oğlu, Bağırlı Rəşad Mirzə oğlu, Hacıyev Elmar Alim oğlu və Mirzəli Turan Fikrət oğlu hərbi hissə komandirləri tərəfindən Fəxri fərmanlarla təltif ediliblər.

İlham müəllimin pedaqoji fəaliyyət və tərbiyə baxımından güzgüsü yuxarıda adları çəkilən şagirdləridir.

Birinci Qarabağ müharibəsinin qazisi, şagirdlərinin vətənpərvər ruhda yetişməsində böyük xidmətləri olan İlham müəllimin timsalında bir əli qələm, digəri silah tutmuş təhsil işçilərinə hər zaman vəfa və ehtiram borcumuz var.

Ceyhun Əsgərov,

İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərh Yaz