Yeni nəşrlər:   Vətən sevgisi ilə yazılan şeirlər                   

Həmyerlimiz Orxan Teymurun “Dövran belədir” adlı şeirlər kitabı işıq üzü görüb. Gənc şairin bu ilk kitabı ulu öndər Heydər Əliyevə həsr olunmuş sadə, səmimi bir şeirlə açılır:

Heydər babanı

Sevir kainat.

Ona borcludur

Hər ömür, həyat!

Bizə bu günü,

İşığı verdi.

Bu xoş dövranı,

Bu çağı verdi.

Onun nurunda

İsinirik biz…

Yeni Azərbaycanın banisi, xalqını qəlbən sevən Ümummilli liderin ideyalarına hörmət və sədaqət nümayiş etdirməyə hələ orta məktəb illərindən başlamış Teymurov Orxan Mövlud oğlu 1986-cı ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Orta təhsil aldıqdan sonra Sumqayıt Dövlət Universitrtinin tarix fakültəsini bitirib. Tarixçi olması yazdığı şeirlərdən də diyulur.

Bəlkə də Buynuz kəndinin bənzərsiz təbiətinin – havasının, suyunun təsirindəndir ki, erkən yaşlarından ədəbiyyata, şeirə, poeziyaya maraq göstərib.

Yerinə, yurduna əsil vətəndaş sevgisi ilə bağlılığını “Ata yurdu” başlıqlı şeirində göstərməyə can atan O.Teymur buna demək olar ki, müvəffəq olub:

Canım gözüm,

Ata yurdu!

Şirin sözüm –

Ata yurdu!

 

Salxım üzüm,

Düzüm-düzüm.

Birə-yüzüm –

Ata yurdu!..

Kitabdakı şeirləri oxuduqca belə bir qənaətə gəlmək olur ki, qələmə alınan mövzular hamının maraq, düşüncə dairəsinə daxildir. Şeirləri bir oxunuşdan yadda qalması isə sanki onların məktəb yaşlı oxucular üçün yazılması fikrini daha inandırıcı edir. Şeirlərdəki, ahəng və axıcılıq da bu düşüncəni təsdiqləyir. Bu düşüncələr gənc şairin “Olub” şeirində ifadəli əksini tapıb:

Orta məktəb illərindən

Oxuduğum Rəsul Rza,

Səməd Vurğun, Müşfiq olub.

Neçə-neçə ozan olub,

Aşıq olub, aşiq olub,

Məcnun, Kərəm, Sənan olub,

Çox sevdiyim Azərbaycan,

Odlar yurdu – anam olub!

Doğma yurdu tərənnüm edən müəllif şeirlərinin bir çoxunda Vətənə, torpağa sevgisini də özünəməxsus tərzdə qələmə ala bilmişdir:

Doğulduğum kənd – Buynuz,

Bərə Buynuz, bənd Buynuz.

Hər təsədüf, zənd Buynuz –

Doğru, düzüm belədir!

Orxan Teymurun oxuculara təqdim etdiyi bu kitab mövzu rəngarəngliyi baxımından zəngindir və o səbəbdən 48 səhifədən ibarət olması hec də həcminin kiçikliyini büruzə vermir. Kitabı oxuyub sonuncu şeirə çatdıqda, gənc şairin gələcəkdə daha sanballı şeirlər yazacağına ümidvar olursan:

Şərəfdi, şandı,

Sərhəd xidməti.

Böyük ad-sandı,

Sərhəd xidməti!..

 

Fəxr etməyə

Biz qadir olaq.

Düşmənə qarşı

Yumruq, bir olaq!

Gənc şair həmyerlimizə yeni-yeni yaradıcılıq uğurları diləyir, yeni kitablarının işıq üzü görməsini arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz