Sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi                       

Sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi, İsmayıllı rayon Təhsil Şöbəsinin və rayonun ümumtəhsil məktəblərinin də diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür. Bu uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar.

Ümummilli lider H.Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında, Azərbaycan respublikasının qanunu”nda (19 iyun 2001-ci il) irəli sürdüyü əsas tələblər, şəxsiyyətin inkişafına təkan verən amillərdəndir.

Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili üzrə hərtərəfli imkanlar mövcuddur.

Qeyd edək ki, sağlamlığında ciddi qüsurları olan elə uşaqlar vardır ki, onlar daha artıq qayğıya möhtacdırlar, onların təhsilinin təşkili xüsusi forma, yanaşma tələb edir.

Hazırda xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri müvəffəqiyyətlə davam etdirilir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,  UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Bakıda, Sumqayıtda və respublikanın bir sıra rayonlarında xüsusi təhsil müəssisələrinin təmiri və yenidən tikintisi ilə bağlı böyük işlər görülür.

Xüsusi təhsilin hüquqi bazasının yenidən qurulması, maddi-texniki təminatın yaxşılaşdırılması işləri ilə yanaşı, bu sahənin elmi-metodik təminatının möhkəmləndirilməsi və xüsusi korreksiyaedici pedaqogikanın (defektologiyanın) müxtəlif istiqamətlərində, zamanla ayaqlaşan müasir həyatın tələblərinə cavab verən elmi-tədqiqat işlərinin aparılması da olduqca vacibdir

Hal-hazırda xüsusi təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Təhsil müəssisələrində psixoloji-pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir. Bu o deməkdir ki, sağlamlıq imkanları məhdud hər bir uşaq öz inkişafı üçün ona uyğun imkanlarını inkişaf etdirən şəraitdə təlim-tərbiyə almalıdır. Bu kompleks tədbirlər, bir çox mütəxəssisin-defektoloq, loqoped, həkim və s. daxil olduğu qrupun birgə əməyi deməkdir. Xüsusi fənn proqramında göstərilir ki, uşaqların təliminə kompleks yanaşılır. Nəzərdə tutulur ki, uşaq təlim alaraq inkişaf edir və əksinə, inkişaf edərək təlimlənir.

Xüsusi qayğıya ehtiyacı olan uşağın təhsildə uğuruna təsir göstərən başqa faktorlar da mövcuddur. Bunlar uşağın ailəsinin vəziyyəti, imkanları, dövlət tərəfindən verilən təminat, mütəxəssislər (loqoped, fizioterapevt, əmək terapevti) və təhsil müəssisələrində tərbiyəçi-müəllimlə uşaq arasında yaranan münasibətləri əhatə edir. Hər hansı xüsusi qayğıya ehtiyacı olan uşağın təhsilə və cəmiyyətə uğurlu inteqrasiyasından söhbət açanda məhz bu faktorların əlaqəli olması və hər birinin lazımi səviyyədə vurğulanması zəruridir.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Təhsilin normativ hüquqi bazasının təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Sağlamlıq imkanları məhdud şəxslərə ictimaiyyətin münasibətini köklü surətdə dəyişmək, insanlarda bu şəxslərə dözümlülük, tolerantlıq tərbiyə etmək lazımdır. Cəmiyyət bu insanları özünün ayrılmaz bir hissəsi kimi qəbul etməli və onlara qayğı ilə yanaşmalıdır. Bu insanlar üçün iş yerləri açılmalı, onlar öz imkanlarına uyğun peşələrə yiyələnməlidirlər.

Ruslan Kamilov,

Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın sədri

                                                                         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz