Yaddas kitabcasi

30 SANİYƏ VƏ YA ŞİRİN YUXU        

 

Salam, hörmətli redaksiya heyəti!

 

Əməkdaşlarınızı Vətən müharibəsindəki Zəfər-Qələbə münasibəti ilə səmimi qəlbdən təbtik edirəm. Şükür olsun ki, 30 illik bir həsrət sona yetdi. Doğrudur, qələbəmizlə yanaşı itkilərimiz də oldu. Amma “itkisiz də qələbə olmaz”, – deyiblər. İnşallah, bundan sonra Bütöv Azərbaycanımız daha belə problemlər yaşamaz.

Bu şərəfli tarixi yaşadığımız aylarda vaxt tapıb məktubumu oxuduğunuz üçün Sizə təşəkkür edirəm, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Sizə nəşr üçün göndərdiyim bu yazı 44 günlük Vətən müharibəsində “qanı ilə tarix yazan tarix müəllimi”m, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şəhid-müəllimi Famil Əhmədzadənin ruhuna ithaf etdiyim qəlb çırpıntılarım, ürək döyüntülərimdir.

Ümidvaram ki, bəyənəcək və oxucularınıza çatdıracaqsınız.

Hörmətlə,

İlknur Çingiz qızı Murad

 

II Qarabağ – Vətən müharibəsində şəhid olmuş müəllimim Famil Əhmədzadənin əziz xatirəsinə ithaf edirəm

Deyirlər,  insan ölməzdən 30 dəqiqə əvvəl bunu hiss edirmiş. Və deyirlər, son nəfəsini verərkən

30 saniyə bütün həyatı gözlərinin qarşısından bir film kimi keçirmiş.

O, həmişə bu fikrin doğru olub-olmadığını düşünmüşdü. Hə, indi hiss edirdi ölümü bədənində. Necə də qəribə idi, bədəni əsirdi, sanki ağacda qalan son yarpaq o imiş və sanki payızın soyuq küləyi onu qoparmağa, onu tək dayağından almağa gəlmişdi. Necə qəribə idi bədəni ilə ruhundakı bu təzad. Cismindəki təlatümün əksinə ruhu çox sakit idi. Bax indi həyatı keçirdi gözünün qarşısından: Atasının onunla hər zaman fəxr edib başını sığallaması, anasının sonsuz sevgi ilə bağrına basması… Gözəl üzlü sevgilisinə ilk görüşdə aşiq olduğu həmin o an, sonra evlənmələri… Ata  olacağını eşitdiyi o gün.. Oğlunun əlinə ilk toxunduğu o an… Bacısının süfrə açıb ailəni bir yerə yığmaq üçün bişirdiyi dadlı yeməklərin ətrini belə duydu sanki bir anlıq. Gözündən od kimi isti bir damla göz yaşı soyuyan yanaqlarından üzü aşağı süzüldü. Bir anlıq dondu. Bəs şagirdləri? Onları yarımçıq qoyub getmişdi. “Gərək daha çox oxumalı olduqları mövzuları son dəfə xatırladardım”- deyə düşündü. Bir də çox heyfisləndi. Gərək iki gün bundan əvvəl ailəsi ilə son dəfə telefonla danışanda daha uzun müddət səslərini dinləyərdi. Qəribə bir qorxu gəldi ürəyinə. “Görsən səslərin xatırlayırammı?” – düşündü. Özünü imtahan edərmişcəsinə beynində hamısının səsini bir daha canlandırdı. Sanki onu səsləyirdilər.  Sonra öz üstünə baxmaq üçün boylanmağa çalışdı. Bacarmadı. Amma bilirdi, üstü-başı qan içində idi. “Eh, bəs qoymurdun ayaqqabında toz olsun, nə oldu, indi hər yerin qan olub, təmizləyə bilmirsən?!” Gözləri bir daha bax elə bu payız buludu kimi doldu… Artıq rahat nəfəs ala bilmirdi. Vicdan əzabı çəkirdi. O, bura döyüşməyə gələndə ölmək üçün gəlməmişdi axı. O yaşamalı, ona tapşırılan əsgərlərini irəli, yalnız irəli aparmalı idi. İndi onun əsgərlərindən ikisi yerdə qan içində idi. Kaş gücü olsaydı, durub onların qanayan yaralarını sarısaydı. Onlara yaşamalı olduqlarını, savaşmalı olduqlarını, bu vətənin onların hər birinə ehtiyacı olduğunu hayqıra bilsəydi. Kaş…

Ölüm onu qorxutmurdu. Vətəninin azadlığı mühüm amalı idi… Və irəli gedib bir qarış belə olsa qaytarılan  o hər zərrə torpağın ana vətənimizin yarasına məlhəm olduğunu bilirdi.

Axı necə öləcəkdi o?! “Bu qədər insan xəbər gözləyir, mən ölüb necə onların sevincinə kölgə sala bilərəm?”- bir anlıq düşündü. Amma birdən ürəyinə sakitlik çökdü. “Yox, – dedi, – biz güclüyük! İndi arxamızca başqalarını göndərəcəklər. Şəhid olacam. Ailəm ağlamasın ardımca, nə olar, Allahım. Mən xoşbəxt ölürəm! İllərdir bu murdarların bizdən qopardığı torpaqda ölürəm”.

Heç bu qədər rahat hiss etməmişdi özünü. Deməli, illərdir məktəbdə uşaqlara dərs verərkən ağızdolusu bəhs elədiyi qəhrəmanlar da belə hiss edibmiş. Bəlkə də, əksinə… Onlar narahat köçüblər bu dünyadan. Axı o vaxt ana-vətənlərini işğalçıların əlində qoyub köçüblərmiş. Amma indi bitir bu həsrət… Artıq yaralı anasına qayıdır o həsrət içində gözü yollarda qalan, otuz ilə yaxın narahatlıqla doğmalarını gözləyən torpaqlar. Bəlkə, əvvəlki kimi deyil… Amma qovuşsalar, bitsə bu ayrılıq! Necə də firavanlaşacaqdı hər şey…

İllər sonra onu sevənlər bura gələndə “Bir tarix müəllimim var idi, bir yerlim var idi, atam var idi, bir vətən oğlu var idi və bir şəhid var idi elə burda, bu torpaq, bu vətən yolunda gözlərini elə burdaca yumdu!” – deyəcəkdilər.  Ona da Allah bu şanlı tarixə bir iz qoymağı hədiyyə etmişdi… Bu qısa ömründə aldığı ən gözəl doğum günü hədiyyəsi idi bu. Son ad gününü təzə qeyd edib getmişdi… Bircə nigarançılığı var idi: hələ xəyalları, istəkləri var idi… Cismən yanlarında ola bilməsə də, hələ neçə-neçə xoş günləri görəcəkdi o…

Son dəfə Allahın adını çəkdi. Bu qaranlıq gecəni aydınlığa qovuşduran aya baxdı. Və bu möcüzələri yaradana şükür elədi… Son nəfəsini verib bu fani dünyadan ayrıldı, qara gözlərini yumub əbədilik bir şirin yuxuya getdi…

 

Epiloq

 

Hə, deməli, insan ömrünün son 30 saniyəsi belə imiş. Oxuyanda 5 dəqiqə, yazanda 40 dəqiqə, yaşayanda bir ömür, öləndə bircə an!… Sizcə, hansı daha çətindir?! Yaşamaq, ya ölmək?! Amma ən çətini hər nəfəsdə gedənin bir də qayıtmayacağını dərk etməkdir. Bu vətənin igid oğulları qəhrəmancasına vuruşub vətənimizi qoruyur, onu tamamlayırlar. Öz şirin canlarından keçib müqəddəs “şəhdilik” zirvəsinə ucalırlar. Ən kədərlisi isə budur ki, ailələri, bəlkə, heç son dəfə onlarla vidalaşa bilmir… Övladlar atasız, analar övladsız, qadınlar həyat yoldaşısız, dost dostsuz qalır… Amma unutmaq olmaz ki, qan ilə torpaq qarışanda “Vətən” olur. Bütün insanlar bu dünyadan köçürlər, adını vətənin tarixinə həkk edib getməksə, hər insana qismət olmur! Azərbaycanımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Və sən, ey Vətən oğlu, ey mənim nur üzlü müəllimim!  Şərəfli yaşadığın bu ömrə layiq köçdün bu dünyadan. Səndən geriyə nə qədər xatirə, nə qədər iz qaldı. Özündən sonra nə qədər şagird qoyub getdin. Hamısı sənin kimi qəhrəmana layiq olmağa çalışacaq! Sən getdin, amma məktəbimizin hər tərəfində izin qaldı. Ey qəlblərdə yaşayacaq, ölümsüz şəhidimiz, məkanın cənnət olsun!

Şərh Yaz