“Şuşadan şəkillərimi göndərəcəm”-  demişdi mayor…            

Komandir, necəsən? – deyə axırıncı dəfə keçən ilin yayında, elə İsmayıllı Rayon Təhsil Şöbəsinin qaşısında görüşmüş, hal-əval etmişdik.

Səmimi, mehriban, bir o qədər də ciddi adam idi komandir…

Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu İsmayıllı rayonunun Qurbanəfəndi kəndində Balamirzə müəllimlə Cəmilə müəllimin mehriban ailəsində dünyaya gəlib. Balamirzə müəllim Qurbanəfəndi kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hərbi-hazırlığı fənnini tədris edir, həm də Birinci Qarabağ savaşının iştkrakçısı, ehtiyatda olan kapitan idi (dərdin ağırlığından oğlunun 40 mərasimini görmədən dünyasını dəyişdi). Cəmilə müəllimə isə uzun illər Qurbanəfəndi kənd tam orta məktəbinin riyaziyyat müəllimi işləyib, təqaüdçüdür. Beş övlad böyüdüb, üçünü müəllim, ikisini isə hərbiçi peşəsinə yiyələndiriblər.

Sübhinin hərb sənətini seçməsində birbaşa Balamirzə müəllimin böyük rolu olub. Baxmayaraq ki, o, Bakı Dövlət Universitetini bitirmişdi, peşə olaraq hərb sənətini seçdi, valideynlərinin, həm də öz istəyi ilə…

El arasında deyildiyi kimi “kadrovik” zabit olmasa da briqadanın artileriya rəisi vəzifəsinə qədər yüksəldi, hətta döyüşçü yoldaşları səngərdə, döyüş gedə-gedə Sübhi komandirin korpusun artilleriya rəisi təyin edildiyini deyirlər.

Hərbiyə olan bağlılığı, hərb sənətinin sirlərinə dərindən yiyələnməsi, əsgər və zabitlər arasında olan xətir və hörmətini birə-min artırmışdı, əsgərin arxasında dayanan, əsgərə qol-qanad verən, əsgərin xətrini daima uca tutan zabit idi Sübhi komandir.

Sentyabrın 27-si günü qardaşı Nəsimi müəllimə zəng edib vəziyyəti, komandiri soruşdum.

Qazaxda olduğunu və ailəsini gətirdiyini, komandirin döyüşlərdə və yaxşı olduğunu dedi. Demək olar ki, tez-tez soruşurdum, yaxşı olduğunu, vəziyyətin bizim xeyrimizə getdiyini, ordumuzun düşmənə qan uddurduğunu deyirdi.

Mayor Sübhi Mürsəliyev Madagizin alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdi, elə burada da əbədiyyətə qovuşdu…

“Şuşadan sənə şəklimi göndərəcəm” – demişdi qardaşı Nəsimi müəllimə. Şuşaya gedə bilmədi, amma Cənnətə getdi. Şuşa da bizim cənnətimizdir, Cənnətdə bizim Şuşamızdır, fərq etməz. Bəlkə də qədər onu elə tez göndərdi Cənnətə, nə bilmək olar?! Biz uzun ayrılıqdan sonra 2020-ci ilin noyabr ayının 8-də Şuşaya qovuşduq, o isə həmin ilin oktyabrın 1-dən görür Şuşanı.

Artilleriyamızın generalları –  Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, polkovnik İlqar Mirzəyevin adı yanaşı çəkiləcək Sübhi komandirin də adı. Buna tarix və bizlər şahidlik edəcəyik.

Mayor Sübhi Mürsəliyev İsmayıllıda böyüyüb, boya başa çatmış və şəhid olaraq İsmayıllıda dəfn edilmiş ən yüksək rütbəli zabitimizdir.

Sübhi komandir xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Vətənə, bizlərə əmanət üç övladı var.

Allah ailəsinə, yaxınlarına və Azərbaycan xalqına səbirlər versin.

Rəşid Məmmədli

Şərh Yaz