Kamalı ilə qəlbləri fəth edən Kamal               

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El q
ədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sev
ərək yaşayanlar, sevilərək ölənlər.

 

Vətənini sevən, onun çiçəklənməsi, inkişafı və müdafiəsi üçün fədakarlıq göstərən hər bir insan doğurdan da heç vaxt unudulmur.

2020-ci ilin bəd xəbərli 27 sentyabr günü…

Xalqımızın qanına, canına hərisliklə susayan, torpaqlarımızın işğalını müntəzəm olaraq genişləndirməyə can atan bədnam qonşularımız atəşkəs rejmini pozaraq müharibəyə başladılar. Ali Baş Komandanımızın əmri ilə ordumuz əks hücum əməliyyatına başladı.

Qarabağ İsmayıllıdan nə qədər uzaq olsa da cəbhədə atılan top və mərmi səsləri açıq-aydın eşidilirdi. Bu həyəcanı yaşayan vətən oğulları heç zaman mübarizədən kənarda qala bilməzdilər. Odur ki, vətəni qəlbən sevən igidlərimiz könüllü olaraq cəbhəyə getdilər. Belə qoçaq, igid, cəsur, vətəni canından artıq sevən oğullardan biri də İsmayıllı rayon Xanagah kənd sakini Babayev Kamal Eynulla oğlu oldu. O, valideynlərinə demədən könüllü olaraq müharibəyə yola düşdü. Kamal cəbhənin qızğın döyüşlər gedən Cəbrayıl, Zəngilan, Qubadlı rayonları ərazisində döyüşdü. O, çox çevik və diribaş idi. Hər hansı keçilməz ərazini keçmək, dağlara dırmaşmaq onun üçün heç nə idi. Düşmən harada gizlənirsə gizlənsin Kamal onu tapmağa, yerini təyin edib məhv etməyə çətinlik çəkmirdi.  Kamal həmişə irəlidə gedir, qorxu nə olduğunu bilmirdi.

Kamalın özündən yaşca balaca qardaşı Şamil də cəbhədə vuruşurdu. Şamil neçə illərdi ki, peşəkar hərbiçi kimi vətənə xidmət edir. Müxtəlif istiqamətlərdə düşmənə qarşı vuruşan qardaşlar cəbhədə əldə olunan qələbələrdən sevinir, daha şücaətlə döyüşürdülər. Vətən təəssübkeşliyi onları bir an belə tərk etmir. Çünki onlar həmişə müəllimlərinin, valideynlərinin verdiyi öyüd-nəsihəti, tapşırıqları ləyaqətlə yerinə yetiriblər.

Kamal, istərsə də qardaşı Şamil məktəb illərində də əməksevərlikləri, qoçaqlıqları və yaxşı oxumaqları ilə seçilirdilər. İdman yarışlarında nümunəvi iştirak edər, məktəbin, kəndin ictimai faydalı işlərində fəallıq göstərirdilər. Kamal kəndin sevimli, hörmətli cavanlarından biri idi.

2020-ci il oktyabrın 15-də Kamalın döyüş meydanında qəhrəmanlıqla həlak olması hamını nə qədər kədərləndirdi və  məyus etdisə, vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalması onu sevənlərə qürur hissi yaşatdı. Ata-anası da: “Kamalın şəhidlik zirvəsinə ucalması ilə fəxr edirik, qürur duyuruq,  təki Vətən yaşasın!” – dedilər.

Kamalın dostları tez bir zamanda kəndin girəcəyində “Kamal bulağı” düzəldərək şəhidmizin xatirəsini əbədiləşdiriblər.

Kəndimizin fəxri, sevimlisi olan vüqarlı şəhid Kamalın məzarı kənd camaatının and yerinə çevrilib. O, bir ailənin övladı yox, bütün kəndin sevimli şəhid oğlu oldu.

Dövlətimiz də Kamalın döyüş fəaliyyətini yüksək qiymətləndirdi. Vətənini sevərək yaşadı, işlədi, vuruşdu Kamal. Şəhidlik zirvəsinə ucalaraq öz ölümü ilə ölməzlik simvoluna çevrildi Kamal. Qəbrin nurla dolsun. əziz şəhid şagirdimiz. Sən həmişə qəlbimizdə yaşayacaqsan!

Zahir Məhərrəmov,

təqaüddə olan müəllim

Şərh Yaz