2020-ci ildə İsmayıllıda sənaye istehsalı

 2020-ci ilin yanvar-dekabr ayları ərzində İsmayıllı rayonunda iqtisadiyyatın mühüm sahələrindən biri olan sənaye ilə məşğul olan 14 müəssisə mövcud olmuşdur ki, onun 13-ü fəaliyyət göstərir. Həmçinin rayonda hüquqi şəxs yaratmadan əsas fəaliyyət növü sənaye olan fiziki şəxslərdən 19-u fəaliyyət göstərmişdir.

2020-ci ildə sənaye üzrə dövriyyə keçən ilin müvafiq dövründən 7,8 faiz artaraq 14504,2 min manat təşkil etmişdir. Öz istehsalı olan malların yüklənməsi və xidmətlərin göstərilməsi isə, əvvəlki illə müqayisədə 7,8 faiz artmış və bu göstərici 14496,7 min manat olmuşdur.

Bütövlükdə sənaye sahəsində 2020-ci ildə müvafiq ilin faktiki qiymətləri ilə malların istehsalı və xidmətlərin göstərilməsi 14443,5 min manat olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövründən 847,8 min manat çoxdur. Sabit qiymətlərlə bu göstərici (fiziki həcm indeksi) keçən ilə nisbətən 100,5 faiz təşkil edir.

Sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatlarının işinin qiymətləndirilməsi də nəzərə alınmaqla emal sənayesində 7883,2 min manatlıq malların istehsalı və xidmətlərin göstərilməsi olmuşdur. Keçən ilin müvafiq dövründə isə bu göstərici 7884,8 min manat təşkil etmişdir. Emal sənayesində keçən ilin müvafiq dövründən faktiki qiymətlərlə 1,6 min manat az sənaye məhsulu istehsal edilmişdir. Sabit qiymətlərlə emal sənayesində 0,5 faiz artım  müşahidə olunmuşdur. Emal sənayesi üzrə istehsalın 34,0 faizini və ya 2684,8 min manatı qida məhsullarının istehsalına, 43,2 faizi və ya 3407,8 min manatı içki istehsalına, 1,5 faizi və ya 118,5 min manatı tikinti materiallarının istehsalına, 8,3 faizi və ya 656,1 min manatı sair nəqliyyat vasitələrinin istehsalının, 13,0 faiz və ya 1016,0 min manatı isə digər emal sənayesi məhsullarının istehsalına aiddir. 2019-cu illə müqayisədə qida məhsullarının istehsalı 0,5 faiz artmış, içki istehsalı isə 62,1 faiz azalmışdır.

Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində iş və xidmətlərin dəyəri ötən ildən 765,3 min manat artaraq 5433,7 min manat təşkil etmişdir. Bu sektor üzrə sabit qiymətlərlə 7,3 faiz azalma qeydə alınmışdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 1126,6 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövrındən 84,1 min manatlıq və ya 8,2 faiz sabit qiymətlərlə artım müşahidə olunmuşdur.

Rayonda sənaye məhsulu istehsalında qeyri-dövlət mülkiyyəti dövlət mülkiyyətin qabaqlamışdır. 2020-ci ilin hesabat dövrü ərzində qeyri-dövlət mülkiyyəti bölməsi üzrə 7883,2 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən real ifadədə 0,5 faiz çox təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 6560,3 min manat, yəni əvvəlki ilin müvafiq dövründən 849,4 min manat çox olmuşdur. Dövlət mülkiyyətinin bütün sənaye istehsalında xüsusi çəkisi 45,4 faiz (əvvəlki ilin müvafiq dövründə isə 42,0 faiz), qeyri-dövlət mülkiyyətininki isə 54,6 faiz (əvvəlki ilin müvafiq dövründə isə 58,0 faiz) təşkil etmişdir.

Natura ifadəsində mühüm növ məhsulların istehsalı aşağıdakı kimidir.

Elektrik enerjisi ilə təchizat: 73,6 milyon  kv. saat

Elektrik enerjisi istehsalı:       8,6  milyon kv. saat

Təbii qaz:                             36,6 milyon kub. metr

Çörək  istehsalı:                                      1445,0  ton

Velosiped istehsalı:                              14603  ədəd

Üzüm şərabı:                             29,2  min. deka. litr

Spirt istehsalı:                           54,4  min. deka. litr

 

Hesabat dövründə rayonun sənaye müəssisələrində 537 nəfər işçi çalışmışdır ki, onun da 156 nəfəri emal sənayesində, 198 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 183 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda olmuşdur. Sənayedə çalışanların orta aylıq əmək haqqı 2020-ci ildə 520,6 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən illə müqayisədə emal sənayesində 23,4 faiz, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 24,6 faiz artmışdır. Ümumilikdə isə sənaye sektoru üzrə orta aylıq nominal əmək haqqı 2019-cu illə müqayisədə 16,0 faiz artmışdır.

Hafiz Bayramov,

İsmayıllı Rayon Statistika İdarəsinin baş məsləhətçisi             

Şərh Yaz