Yetər ki dincəlsin, gülsün bu torpaq

Şəhid polkovhik-leytenant Ruslan Tağıyevə ithaf

 

Alındı Qarabağ, azaddır Şuşa,

Ruhuna borcluyam bu hünər üçün.

Doğan günəş ilə verib baş-başa,

Yurda dönəcəksən hər səhər, hər gün.

 

Qovub otuz illik ağrı-acını,

Qələbə sözünü yazdın qanınla.

Aldın başımızın şanlı tacını,

Bizi yumruq etdin son ünvanınla.

 

Qırx dörd gün – ömürdə bir an kimidir,

Sənin şəhidliyin əbədiyyətdir.

İndi soydaşların yurd hakimidir,

Azadlıq, şəhidlik nurlu niyyətdir.

 

Ata, məğrur dayan, ağlama, ana,

Şəhidlik yetənin payına düşməz.

Oğullar can verdi Azərbaycana,

Onlarsız bu eldə bir an ötüşməz.

 

Alındı yağıdan cənnət Qarabağ,

Söndü ürəklərin niskili, ahı.

Yetər ki dincəlsin, gülsün bu torpaq,

Övladlar şən görsün gələn sabahı!

Şərqiyyə Balacanlı

Şərh Yaz