Kaş gülümsəməyini bir də görəydim

Şəhid Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.

1 sentyabr 1997-ci ildə məskunlaşdığı İsmayıllı rayon Quşencə kəndində tam orta məktəbin birinci sinfinə daxil olub və 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.

2009-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb, xidmətini Müdafiə Nazirliyin Quru Qoşunlarının “N” saylı hərbi hissəsinin zirehli texnikalar bölüyündə keçib və 2010-cu il oktyabr ayında xidmətini başa vurub. Bir müddət ara verdikdən sonra yenidən hərbiyə yollanır. 2013-cü il iyun ayında Daxili Qoşunların xüsusi təyinatlılarında xidmətə başlayır.

Təlimlərdə, məşğələlərdə fəal işdirak edir və təcrübə toplayır. Vətən müharibəsindən bir müddət əvvəl Xüsusi Təyinatlı Qüvvələrə ezam olunur, orada təlimlər keçdikdən sonra sentyabr ayının 27-dən başlayan döyüşlərdə iştirak edir. Döyüşlərə ilk olaraq Murovdağ uğrunda gedən döyüşlərdən başlayır və Murovdağın alınmasında iştirak edir.

01 oktyabr 2020-ci ildə Murovdağda Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Abdullayev Həsən Aydın oğluna “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları verilir.  Şəhidin şair təbiətli atası Aydın Abdullayevin oğlunun xatirəsinə yazdığı ürəkağladan şeirlərdən birini sizlərə təqdim edirik:

Məzarınla görüşməyə

Mən əlləri boş gəlmişəm.

Yanağımla axan damcı,

Gözlərimdə yaş gəlmişəm.

 

Baş daşından öpürəmsə,

Sağa, sola çönürəmsə,

Geriyə tez dönürəmsə,

Demək qəlbi daş gəlmişəm.

 

Aydınam, unutmaram səni,

Sənsizlik saraltmış məni

Ruhun bağışlasın məni

Duyğulu, çaş-baş gəlmişəm.

 

Kaş o gülümsəməyini həyatda bir də görəydim. Vətən torpağına tökülən qanın Vətənə halal olsun, oğlum!..

Aytən Əliyeva

Şərh Yaz