Döyüş yoldaşları ziyarətçi olublar 

 

Polkovnik-leytenant Ruslan Tağıyevin ailəsi onun döyüş yoldaşları tərəfindən ziyarət olunub. Döyüş yoldaşları Ruslanın ata-anası ilə  görüşüb, səmimi söhbət edib, qəhrəman zabitin döyüş yolundan danışıblar. Onun necə qəhrəman və qorxmaz bir hərbiçi olduğu söhbətin əsas mövzusu olub.

Ruslanın döyüş yoldaşları onun müxtəlif vaxtlarda çəkilmiş xatirə şəkillərinə baxıblar. Döyüş yoldaşlarının sözlərinə görə Ruslan döyüşə həmişə əsgərlərindən öndə gedərdi. O, əsgərlərdə ruh yüksəkliyi yarada bilirdi. Tez-tez eyni sözü təkrar edirdi: dünənə qədər məhəllədə dava-dava oynayan uşaqlar indi torpaqlarını işğaldan azad etmək uğrunda silaha sarılıb, düşmənə qan uddurur. Döyüş yoldaşları Ruslanın valideynlərinə onun son döyüşdə qəhrəman kimi necə döyüşməsindən və qəhrəmancasına şəhid olmasından danışıblar. Ruslan şəhidliyinə gülə-gülə yetişdi, ana torpağı azad görmək istəyən gözlərini əbədi olaraq yumdu.

Nə qədər Ruslan kimi igid peşəkar hərbiçilərimiz var, bundan sonra heç bir qüvvə Azərbaycan Ordusuna qalib gələ bilməz. Ruslanın valideynləri onları ziyarətə gələn hərbiçilərə təşəkkür ediblər. Əzizləri haqqında bilmədiklərini onlardan eşitmələri ailə üzvlərində az olsa da təsəlliyə çevrilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı, 38 yaşlı İsmayıllı rayon sakini Tağıyev Ruslan Fuad oğlu  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fuad ailəli idi, 3 övladı var.

Onu da qeyd edək ki, Ruslan hərbi xidməti zamanı bir çox medallarla təltif edilib. Ölümündən sonra medallarının sırasına daha üçü əlavə olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad edilməsi” uğrunda medalları ilə təltif edilib.

Ruslan Aprel və Tovuz döyüşləri, eləcə də Naxçıvanda gedən döyüşlərin iştirakçısı olub. Tovuz döyüşlərində Polad Həşimov və digər döyüş yoldaşlarının şəhid olması bu peşəkar hərbiçiyə çox pis təsir etmişdi. İşğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı “Tərtər”, “Suqovuşan”, “Kəlbəcər” zirvələrinin azad edilməsində də Ruslanın xidmətləri olub. Cəsur komandir noyabr ayının 4-də Laçın döyüşləri zamanı qəhrəmancasına şəhid olub. II Fəxri xiyabanda dəfn olunub. Komandiri olmuş Polad Haşımovla yan-yana, Fəxri xiyabanda uyuyur. 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanları ilə bənzəri olmayan Zəfər salnaməsi yazıldı. O salnamə ki, bundan sonra min illər boyu qürurla vərəqlənəcək, fəxrlə anılacaqdır.

Rafiq Həsənov

Şərh Yaz