Bir şəhid ailəsi və beş Qarabağ müharibəsi əlili evlə təmin olunub          

      İsmayıllıda şəhid ailələri və Qarabağ əlillərinə fərdi yaşyış evlərinin orderləri təqdim olunub. İsmayıllı şəhəri ərazisində 2, İvanovka, Hacıhətəmli, Quşencə və Kürdmaşı kəndlərinin hər birində 1 ev olmaqla ümumilikdə 6 fərdi yaşayış evi təhvil verilib.

İsmayıllı rayonunun İvonovka kəndində evlərin sənədlərinin təqdim olunması tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin aparat rəhbəri Bəxtiyar Əzizov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarə etmə və özünü idarə orqanları ilə iş şöbəsinin müdiri Namik Kərimov mənzil alanları təbrik ediblər.

Çıxışlarda vurğulanıb ki, bu günlər ölkəmizdə Qələbə ovqatı hökm sürür.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin misilsiz şücaəti ilə 30 ilə yaxın bir müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsi hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir.

Düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. Bütün torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.

Tədbirdə yeni fərdi evlə təmin olunanlar erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər.

Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə yeni ev alan qazi, II qrup Qarabağ müharibəsi əlili Nazim Mirzəliyev evlə təmin olunanlar adından minnətdarlıq edib.  Bildirib ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdaram. Çünki cənab Prezident bütün qazi yoldaşlarımı işğalda olan torpaqlarımızın azad olunması ilə ikiqat sevindirib.

Qarabağımızın düşməndən azad edilməsi Azərbaycanın tarixi Qələbəsidir.

Rafiq Həsənov

 

 

Şərh Yaz