Düşmənə qan udduranlardan biri                           

                Topçu kəndinin Vətən müharibəsi iştirakçıları silsiləsindən növbəti qəhrəmanımız əsgər Zərbaliyev Elton Eldar oğludur.

Elton sentyabrın 21-dən hərbi təlimlərə cəlb edilib. Ona görə ki, ilk  həqiqi hərbi xidməti də cəbhə bölgəsində keçib, düşmənlə üzbəüz mövqedə olub. Xidməti zamanı mərmi partlaması nəticəsində yaralanıb, bir sözlə təcrübəli əsgər olub.

Vətən müharibəsində cəbhənin Ağdam rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib, Ağdamın düşməndən təmizlənməsi, boşaldılması prosesində iştirak edib.

Çox qısa söhbət etmək imkanımız oldu, bütün qəhrəman oğullarımız kimi Eltonun da cəbhədən xatirələri var.

Eltondan cəbhədə baş verənləri, əhval ruhiyəni soruşduq. Qəhrəman oğullarımızın “Döyüşə mən gedim, sən dayan, getmə, şəhidlik mənim də qismətim olsun” – dediklərini, əhval ruhiyənin çox yüksək səviyyədə olduğunu, düşmənə qan uddurduqlarını dedi.

Bütün hərbiçilərimiz kimi, Elton da ona edilən təşəkkürləri, çox sağolları, minnətdarlıqları qəbul etmək istəmirdi “Biz nə etmişik ki, işimizi görmüşük” – deyirdi. Düz edir, səhv edir deyə bilmərəm, deyə bildiyim odur ki, bizlər, bizdən sonrakı nəsillər Eltona və onun timsalında bütün hərbiçilərimizə, şəhidlərimizə, qazilərimizə və onların ailələrinə borcluyuq.

Bu gün Elton qardaşımız təxris olunaraq evinə, ailəsinə gəlib. Vətən müharibəsinə ilk yola düşdü, ilk də qayıtdı çox şükür. Bu münasibətlə Eltona, valideyinlərinə, ailəsinə, dostlarına və bütünlükdə xalqımıza gözaydınlığı verirəm. Vətənimizin keşiyində duran bütün hərbiçilərimiz sağ salamat evlərinə dönsünlər, Allah ordumuzu qorusun!

Qələbə sevincini bizə yaşadan hər kəsə sonsuz şükranlarımı çatdırır, şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm.

Var olun, Allah sizlərdən razı olsun!

Rəşid Məmmədli

Şərh Yaz