Zəfər şadyanalığı və ya 20 illik beynəlxalq axtarış                   

 

Gecənin sübhə yaxın bir çağı idi. Cib telefonuma zəng gəldi. Ürəyim ayaqlarım altına düşdü. Cəbhədə vuruşan oğlanlarımı düşündüm. Başım qara fikirlərdən gicəlləndi. Telefon isə ara vermirdi. Barmaqlarım əsə-əsə düyməni basdım. Nəfəsimi dərişdirib “alo” demək istəyirdim ki, yaxın bir qohumum sevincək, gur səslə: “Ay Zeynal, belə gecədə də yatmaq olar? Xəbərin var ki, bayrağımızı Şuşaya sancmışıq? ermənilər təslim olublar ey, təslim! Gözümüz ayın olsun!” Gözlərimdən axan sevinc yaşları yanaqlarımdan süzülüb yerə tökülürdü. Uşaqların anasını səslədim, təbrik etdim. 2001 və 2002 təvəllüdlü oğlumuzu 4 aydır ki, yola salmışıq. Hər ikisi eyni gündən, eyni hərbi hissədə ön cəbhədə qulluq edirlər. Gecəmiz, gündüzümüz yox idi. Şükür o Allaha ki, bu böyük zəfər xəbərini bizə nəsib etdi.

Tircanda noyabrın 10-u səhərini bu xəbərlə qarşılayan təkcə Zeynalın ailəsi deyildi. Kəndin qaranlıq küçələrində adamların bərkdən danışıq səsləri eşidilirdi. Hamı böyük coşqu  ilə bir-birlərini təbrik edirdilər. Alatoranlqda mal-qaranı tələm-tələsik yemləyənlər, oğulları cəbhələrdə zəfər tarixi yazan ailələrə gözaydınlığı verməyə tələsirdilər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Tircan inzibati dairəsindən ermənilərə diz çökdürən bu oğullar aşağıdakılardır:

Xəlilli  Əlağa Zeynur oğlu, Əhmədov Taleh Zeynal oğlu, Əhmədov Balakişi Zeynal oğlu, Kərəmli Şirvan Şövqi oğlu, Aslanlı Namiq Rəhim oğlu, Etibarlı Emin Mehdi oğlu, Namazlı Ruslan Vidadi oğlu, Əlizadə Soltan Sübhi oğlu, Adgözəlli Abdulkərim Amil oğlu, Ələkbərli Mehdi Vahid oğlu, Hüseynov Nemət Qasım oğlu, Qasımzadə Adil Təhməz oğlu, Abdurrəhmanov Cəlil Əziz oğlu, Əlizadə Yaşar Bünyad oğlu, Salehli Saleh Sübhan oğlu, Dərgahlı Qadir Yasin oğlu, Şirinov Elnur Vəlixan oğlu, Əhmədli Orxan Teyyub oğlu.

Hədsiz sevinc içərisində çalxalanan tircanlılar, qrup-qrup ayrılaraq birinci Qarabağ döyüşlərində, Aprel hadisələrində və sonuncu Vətən müharibəsində həlak olan və itkin düşənlərin, habelə erməni xəyanətinin qurbanı olmuş aşağıdakı şəhidlərin də ailələrinə baş çəkilmiş və məzarları ziyarət edilmişdir:

Piriyev Musa Gülbaba oğlu, Əhmədov Akif Həzrətqulu oğlu, Mahmudov Sanil Hasil oğlu, Aslanov Zəfər Məhərrəm oğlu, Məmmədov Naməddin Məmməd oğlu, Bəbirov Zaur Mazan oğlu, Vahabzadə Mikayıl Yaqub oğlu, Məmmədli Elyaz Ziyalı oğlu, Məmmədli Elçin Ziyalı oğlu, Məmmədli Kamran Kərim oğlu.

Yazımıza çıxışı ilə başladığım Zeynal, çox pərişan görünürdü. O da oğlanları kimi bu həyatı yaşamışdır. 18 yaşının tamamında, 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıbdır. Döyüş  yolu Ağdərədən başlayan Zeynal, Papravənd və Səhrabadda olarkən ermənilər Ağdərədəki qərargahı partladır və sənədlər məhv edilir. Tərtər hospitalında kantuziya diaqnozu ilə müalicə olunur. 1994-cü il yanvar ayının 1-də batalyonu yenidən təşkil etmək üçün Bakıya gətirilir. 6 aydan çox ailəsilə əlaqəsi kəsilir. Bundan narahat olan qardaşı, Zeynal barədə axtarış elan edir. Əlində heç bir sənədi olmadığı üçün Zeynal ordudan 1994-cü ilin avqustunda tərxis olunur. Axtarış isə heç kəsə bildirilmədən davam edir. Bu axtarış nə az, nə çox düz 20 il davam edir. Bu illər ərazində əlində heç bir sənədi olmayan Zeynal doğum şəhadətnaməsilə ailə qurur, iki oğul atası olur. 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyindən kənd rəhbərliyinə sorğu gəlir ki, axtarışa xitam  vermək üçün axtarılan adamın valideynləri nazirliyə gəlsinlər. Nazirliyə cavab verilir ki, həmin adam kənddədir, ailəlidir. Nə isə, anlaşılmazlıq şəraitində baş verən bu axtarışa iki ildir ki, son qoyulub, o nəhayət ki, vətəndaşlıq hüququ qazanıb.

Zeynal, anası Narıncbəyim və ömür-gün yoldaşı Nəzakət xanım keçmiş ağrı-acıları unudaraq, Şanlı qələbəmiz münasibətilə mal-qaranı örüşə aparmazdan əvvəl qurban kəsib paylamağı qərara alırlar.

Qurbanınız qəbul olunsun!

Vaqif Məmmədov,

Tircan kəndi

Şərh Yaz