Eldən iki gəlin köçdü                                             

                                                                                 

(Badam və Svetanın əziz xatirəsinə)

 

Sürəyya arvad üç oğlundan sonra sonbeşiyi olan Səmidin də çantasına bir az çörək, bir-iki qoğal, bir az da duz qoyub, cəbhələrədək uzanan yollarına həsrətlə baxıb, arxasınca su atdı. Bahar buludutək dolmuş gözlərini məsum baxışlı  nəvələri görməsin deyə, üzünü yana çevirib özünü otaqların birinə güclə saldı. Dörd oğullu ana ikən birdən-birə oğulsuz qaldığını indicə dərk edib, fəryadla, ərşə çatacaq bir nalə ilə  ucadan ağlamaq istəyirdi. Amma çöldə, qapı ağzında dayanan nəvələrini  xatırlayıb özünü dəryişdirdi. “Lənət şeytana” – deyib, qayınatası Hacı Səbzəlinin 1910-cu ildə Həcc ziyarətindən qayıdarkən, onu bir neçə oğlan uşağından sonra qız nəvəsi ilə sevindirən gəlininə hədiyyə etdiyi  canamazı götürüb namaz qılmağa başladı. Əvvəlki namazlarından olduğu kimi  bu namazını da eyni dualarla bitirdi: “Allahım, heç bir ananı gözü yaşlı qoyma, mən də onların içində. Amin!”

Kənd igid, qeyrətli oğullardan boşaldıqca, kolda-kosda qalıb qaçaq-quldurluq edən bəzi ünsürlər  müxtəlif vasitələrlə kənddə rəhbər vəzifələr yüksəlirdilər. Ac, yalavac insanlara zülm edir, öz güclərini göstərirdilər. Belə ünsürlərdən birisi, fürsət tapıb Sürəyya arvadın oğulsuz qaldığını onun başına qaxınc edib belə demişdir: “Ay arvad, oğlun da qalmadı ki, canına and içəsən”.

Bu odsuz, tüstüsüz atəşdən göyüm-göyüm göynəyən ana qəlbinin nə hala düşdüyünü yalnız oğulları səngərlərdə vuruşan analar dərk edə bilərlər. Aldığı mənəvi zərbədən sarsılan Sürəyya arvad, onun kimi cəbhələrə 4 oğul göndərən, 1918-ci ildə ermənilərə qarşı vuruşda şücaət göstərən 65 yaşlı qonşusu İbrahim Əkbəroğlugilə gedir, dərdini ona danışır, vəsiyyətini ona edir: “İbrahim, sən mənə naməhrəm deyilsən yaxın qohumuq. İşdir, əgər oğlanlarım cəbhədən geri dönməsələr, kənddə öldüyüm zaman  məni yumağa adam tapılmazsa, məni sən yuyub, sən dəfn-kəfn edərsən”.

İbrahim kişinin təmkinli sözlərindən nisbətən özünə gələn nənəm, bu dəfə əngin səmalara əl açıb belə dua edir: “Ya Rəbbim, verən də sənsən, alan da. Övladlarımın qıçı yox, qolu yox, gözü yox, əlil arabasında olsa da qayıtdıqlarını mənə göstər”, ağlamaram, sıtqınmaram. Ondan sonra səndən bir həftəlik ömür diləyirəm”.

Nənəm Allahın necə bəndəsi idisə, dili ilə dediklərini gözləri ilə görərdi. Müharibə sona yetdi. Nənəmin oğlanlarının hamısı burunları da qanamadan geri döndülər. Təkcə son ciyərparası Səmidin sağ ayağının yarısı yox idi. Elə o günün  səhərisi nənəm yorğan-döşəyə düşdü. Həftə tamamında, 1946-cı ilin isti yay günlərinin birində, nənəm əbədiyyətə qovuşdu.

Yel qanadlı illər bir-birini əvəz etdi. Anasının yoxluğundan 9 ildir keçirdi. Səmid bu illər ərzində Azərbaycan Dövlət Universitetini bitirmişdir. Qırmızı diplomlu, ali təhsilli mütəxəssis kimi əvvəlcə İsmayıllı rayon Təhsil şöbəsində, sonra bir saylı şəhər orta məktəbində dərs hissə müdiri işləyirdi. 33 yaşında olsa da, hələ də subay idi. Daha doğrusu, subaylığın dəllal dövrünü yaşayırdı. Ailə qurmaq üçün təklif olunan qızlarda  yüz cürə mənfilik tapırdı. Digər tərəfdən respublikada  möhkəm ruslaşma siyasəti aparılırdı. Xuruşşov-Mikoyan hakimiyyəti bu məqsədlə Rusiyanın ucqar vilayətlərindən orta məktəbi yeni bitirmiş 30 min gözəl-göyçək qızları, bir o qədər də onlara qoşulub gələn xalaları göndərmişdi. Onlar respublika məktəblərində, o cümlədən İsmayıllı məktəblərində rus dilini tədris etməli idilər.

Məsələdən agah olan Səmidin Bığ Məhəmməd kimi tanınan böyük qardaşı onu yanına çağırtdırır. Ona analarının ruhunun nigaran qaldığını xatırladır. Ona arvadı Hənifə tərəfindən bir qız yön görür…

20-25 evdən ibarət olan Kəlfərəc kənd camaatı kəhər atlı, çiynində qoşa lüləli silah, başında çərkəz papağı, ayağı xrom çəkməli, qəddi-qamətli Bığ Məhəmmədin gəlişini eşidib  pişvazına çıxmışdılar. Hər yaxınlaşan, hörmət əlaməti olaraq onun atının yüyənindən tutub evlərinə dəvət edirdilər. Amma gələn qonaqlar gün irəlidən bir növ bacanaq sayılan, çılğınlığı ilə tanınan boz atlı Gülalının evində gecələməyi planlaşdırmışdılar.

Doqqazın iki paralel qollarını yanlara itələyib həyətə daxil olan Məhəmməd kişi Gülalı kişi ilə özlərinə məxsus tərzdə görüşdükdən sonra, yana çəkilib nəsə pıçıldaşdılar. Gülalı kişinin Məhəmmədin çiyninə vuraraq dediyi sözləri isə hamı eşitdi:

– Ayəə, Məhəmməd, belə xoş gəlmisən, səfa gətirmisən. Qohum idik, indi lap yaxın olarıq.

Axşam süfrəsinin ətrafına düzülmüş, yaş hədləri çətinliklə seçilən xeyli uşağa nəzər yetirən Məhəmməd kişi, Gülalı kişidən soruşur ki, bunlardan savayı da uşaqların var? Gülalı kişi arvadı Balabacıya yanpörtü baxıb: “bu arvaddan hə, hələ ikisi çöldədir”, – deyir. Balabacı arvad qonağın yanında həya edib dillənməsə də, ərinin ikibaşlı cavabından silkələnərək  yerində möhkəmcə qurdalandı.

Süfrə başında xumarlanıb yatan uşaqları yerbəyer etdikdən sonra Gülalı kişi başını aynabəndin kiçik pəncərəsindən çölə çıxarıb: “A gədə Şiralı, Badam, çayınız hazırdısa gətirin” – deyir. Çox keçmir ki, əllərində zümzümə edən samovar və stəkan, nəlbəki tutan evin böyük övladları içəri girirlər. Hər ikisi gələn qonaqlarla ədəblə görüşürlər. 17-18  yaşlarında olan, yanaqları dağ havasındanmı. yoxsa həyadanmı qızarmış Badam  Məhəmməd kişini öpüb qucaqlasa da, onunla gələnə əl uzadıb, “xoş gəlmisən dayı” – deyib tez uzaqlaşır.

Səmid müəllim mühazirəyə diqqətlə qulaq asan tələbəyə dönmüşdü. Üzünün cizgilərindən dəllallıq axtarışının sona yetdiyi hiss olunurdu…

Kənd-kəsəkdə bütün toy düyünlərin başlarında oturan, ağsaqqallıq edən Bığ Məhəmməd, gonbul, şirin və bütün mübahisəli məsələləri məharətlə yoluna qoymağı bacaran Həmid qardaşlarına uzun  zaman yaddaşlarda qalacaq bir toy etmək qərarına gəlmişdilər. Hətta toylara saat hesabı gedən o dövrün məşhur aşığı olan, Respublika Ali Sovetinin deputatı Aşıq Şakir Hacıyevin Tircanda üç gün toy edəcəyi razılığını da almışdılar. Qalırdı ipə-sapa yatmayan Gülalı kişini yola gətirmək. O, çox ağır şərtlər irəli sürürdü. Tələb edirdi ki, Aşıq Şakir bir gün bir gecə Kəlfərəcdə çalıb oxumalıdır. Qız evinin  bütün xərcləri o cümlədən, 7 qoyun, bir il yarımlıq dana, bir də Şirvan mahalında dəbdə olmayan yüksək məbləğdə başlıq. O vaxtlar toylarda pul yığmaq adəti yox idi. Toya gələnləri hamısı, məmə yeyəndən, pəpə deyənə kimi hamı yedizdirilərdi. İrəli sürülən şərtlərin bəziləri qəbul edilsə də, bəziləri toyun axırına saxlanıldı.

Kəlfərəc kimi kiçik bir kənd Aşıq Şakir kimi böyük sənətkar üçün tamaşaçı baxımından çox dar və kiçik məkan olsa da, razılığa əsasən, 1955-ci ilin avqustunda Tırxa, Cumalı təpələri, Musa dağı, Divarvəli, Abasyan meşələrini, Soltan-Şıxfirəki  aşırımını arxada qoyub pay-piyada və atla Kəlfərəcə gəldik.

Yerli adamların “Zırxana” (yəqin ki, əsl adı “Zorxana” – güləş yeri) adlandırdığı yer ətraf çökəkliklərdən xeyli hündürlükdədir. Toy mağarı burada qurulmuşdu. Buradan Basqala, Zərnavaya, Tağlabiyana, Mücüyə, Suluta, Kalvaya və s. kəndlərə gedən yollar ovuc içi kimi görünürdü. Mütəxəssislərin dediyinə görə bura dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdədir. Aşıq Şakir adamı üşüdən belə gecə də səs tellərinin xəstələnməsindən qorxmayaraq, səhərə kimi yorğan-döşəyə bürünmüş, bəlkə də 10 kənddən gəlmiş tamaşaçıları üçün çalıb oxudu, nağıl dedi, bəy tərifi etdi, yerli istedad, məharətli səsi olan Şabudağı dinlədi…

Gözəl-göyçək, ağıllı, abırlı Badam gəlinimizi qırmızı duvaqda kəl arabasına mindirib, gəldiyimiz dağ-meşə yolu ilə kəndimiz Tircana gətirdik. Bütün bu yazdıqlarımdan 65 il keçməsinə baxmayaraq, o illər yenə də gözlərim önündə canlanır. Yadımda qalan bir də odur ki Gülalı kişi tələb etdiyi “başlığı” ala bilmədiyi üçün hirslənib, papağını çıxarıb təndirxananın damına atdı…

Badam, gəlin gəldiyi 65 il ərzində necə vardısa, eləcə də qaldı. O, gəlin gəldiyi kəndin adlı-sanlı Abdullahlılar nəslinə daha da yeni təravət, xeyir-bərəkət, xətir-hörmət gətirmişdi. Ailədə hər bir böyüyə, hər bir kiçiyə şirin adlar qoymuşdu. Dünyaya gətirdiyi 7 övladını Xoşbətxi, Sevinci, Rövşəni, Zəfəri, Maisəni, Sevdanı və Arzunu özü və ömür gün yoldaşı Səmid nümunəsində tərbiyə etmişdi. Sevgisinə sona kimi sadiq qaldı. Amansız xəstəlikdən yorğan döşəyə düşdüyü son iki gün ərzində yalnız 32 il əvvəl itirdiyi Səmidini çağırıb, onun ruhuna qovuşdu.

Badamın yoxluğundan duyğulanıb yazdığım bu yazıma nöqtə qoymaq istəyirdim ki, qaysaqlanmayan yaramız bir də təzələndi. 10 gün fərqlə daha bir sevimli gəlinimiz dünyasını dəyişmişdi.

Elə bil doğma bacı idilər. Hər ikisinin üzündə nur vardı. Gülər çöhrələrilə rastlaşanda, nə qədər vacib işin olur-olsun hal-əhval tutmaq istəyirdi. Bu ünsiyyətdən rahatlıq tapardı.

Sveta bacımız çoxdan idi ki, çox həlim təbiətli ömür-gün yoldaşı Vahidlə qəpik-qəpik pul yığıb qocalıq çağları üçün ev tikirdilər. Deyirdi ki, ev hazır olan kimi hamını dəvət edib başıma toplayacağam. Amma tale elə gətirdi ki, Svetanı sevənlər  yeni mənzilində onun başına sağlığında yox, cansız cənazəsinin  başına toplaşdılar. Cəmisi iki gün qonağı olduğu yeni mənzilindən onun daha yeni mənzilinə-son mənzilinə köçürməli  olduq.

Bacım Sveta sən bu xəstəliyi özün arzulamışdın. Oğlun Cavid ürək xəstəliyindən əziyyət çəkəndə, namazlarının birində əl açıb Allahdan diləmişdin ki, “Allahım balamın dərdini mənə ver!”, verdi də. Amma nə oğlun, nə sən bu dərddən qurtula bilmədiniz. 20 yaşlı oğlun 20 il öncə cərrah stolunda, sən isə eyni cərrah əməliyyatından 3 ay sonra əbədiyyətə qovuşdunuz.

Bacım Sveta, qaynım arvadı olsan da bir bacı kimi istəyirdim səni. Ölümün necə təsir etmişdisə, dəfninin 3-cü günü yuxuma girmişdin. Üzünü görmədiyim halda, məzarından səslənirdin ki, “burada elə darıxıram ki!” elə biz də sənin üçün darıxmışıq. Oğlanların Rəhimi, Bəxtiyarı, Nicatı məzarından qoparmaq olmayır. Gəlinlərin, nəvələrin hər gün səni yad edirlər.

Əziz Sveta, sən uzaq qohumları axtarıb tapan, onları yaxınlaşdıran, yadları doğmalaşdıran, küsülüləri barışdıran, dinində, imanında kamil bir insan idin. Uzun müddət bir dam altında 13 nəfərlik bir ailədə yaşadın, bir inciklik olmadı. Üstəlik İsmayıllıdan, Çayqovuşandan, Qurbanəfəndidən, Lahıcdan, Pirhəsənlidən, Mirikənddən, Şamaxıdan və s. yerlərdən Bakıya üz tutub gələnlər də o dam altında cəmləşirdilər, bir dəfə də üzünü turşutmazdın. Ruhun şad olsun, bacım.

Bəli, ilk gəlişi ürəyimizcə olmayan 2020-ci ildə eldən iki dəyərli gəlin köçdü. Ruhlarına fatihə.

Vaqif Məmmədov,

Tircan kəndi

Şərh Yaz