XATİRƏLƏRDƏ YAŞAYAN USTAD                       

 

İnsan ömrü çiçək üzərindəki şeh damlasını xatırladır, günəş çıxan kimi yuvarlanıb yox olur, əcəlin gəlməsi ilə ruhlar aləminə qovuşur. Müdriklər haqlı olaraq deyirlər ki,  doğumdan və ölümdən qaçmaq olmaz, bizə bu iki labüdlük arasındakı vaxtı yaxşı keçirmək qalır.  Allah-Təalanın doğum və ölüm arasında  verdiyi ömrü gərək elə yaşayasan ki, bu dünyada olmayanda da xatırlanasan, xatirəyə çevriləsən. Xatirəyə çevrilmək üçün ölmək hələ bəs eləmir”

Zəlimxan YAQUB

Gərək ürəyində kibritdən yox, haqqdan yanan çıraq ola. Sənə bəxş olunan ömür payını  şərəflə, ləyaqətlə yaşayasan, yüksək əxlaq və fəzilət sahibi kimi insanlara və insanlığa nümunə olasan.  Xeyirxahlığın, mərhəmətin, sədaqətin, məhəbbətin, sadəliyin, səmimiyyətin,  geniş erudisiyan, intellektual səviyyən və cəmiyyət üçün dəyərliliyin ilə seçiləsən.  Əməlisaleh, vicdanı təmiz, halal adam olasan. Ağac əkəsən, bağ salasan ki, insanlar meyvəsindən bəhrələnə, kölgəsində dincələ. Əlindən xəta, dilindən səhv söz çıxmaya, əliaçıq, süfrəsi açıq, qapısı açıq olasan, cəmiyyət üçün  layiqli işlərin olsun. Kitablar yazasan ki, sən bu dünyada olmayanda da oxuna, insanların əqlinə və ruhuna qida verə. Vaxt gəlib tamam olanda, dünyanı dəyişəndə səni tanıyanlar  söyləyə: “Dünyadan nə gözəl bir insan köçür”. Məhəmməd Peyğəmbər (s.a.v.) buyururdu ki,  ömrünü elmə sərf edən insan heç vaxt ölmür!  Alimlər cismən ölsələr də, ruhən ölmürlər, qələmə aldıqları dəyərli elmi əsərlərdə yaşayır, hər zaman oxunulur və  beləliklə də  yaddaşlara əbədi həkk olunurlar.

Tanış adamla ayaqüstü salamlaşanda ağlımıza belə gəlmir ki, bu insanın daxilində fikir, hisslər və bilikdən ibarət necə böyük sərvət gizlənə bilər. Xeyli sonralar bundan xəbər tutanda isə həmin insanın daxili dünyasına ötəri də olsa, nüfuz edə bilmədiyinə, ondan özün üçün nə isə əxz etmədiyinə heyfsilənirsən.

Bir vaxtlar, indi artıq uzaq keçmişdə qalmış 1980-ci illərdə İsmayıllı rayonunda həftədə 3 dəfə nəşr edilən “Zəhmətkeş” qəzetinin “Məktublar” şöbəsinin müdiri işləmiş Bəybala Babayev də, düşünürəm ki, məhz belə insanlardan idi. Xatirimdədir, o vaxtlar, qəzetin ştatdankənar müxbiri kimi buraya tez-tez yolum düşəndə, həmişə onun gülümsər, sakit, eyni zamanda, ciddi çöhrəsinə fikir verərdim. Əslində bu qəzetdə ilk dəfə onu və onunla bir otaqda əyləşmiş Nüşabə Mirzəyevanı tanımışdım. Sonralar isə qonşu otaqdan “İqtisadiyyat və kənd təsərrüfatı” şəbəsinin müdiri işləyən Məmmədmirzə Rzayev, əməkdaşlardan Mustafa Səlimov, Xavər Abbasova ilə də tanış olmuşduq. Yadımdadır, ilk dəfə ilk yazımı bu qəzetə gətirəndə redaksiyanın ikinci mərtəbəsindəki ofisinin qapısı ağzındakı otaq “Məktublar” ilə “İqtisadiyyat və kənd təsərrüfatı” şöbələrinin idi. Qeyd etdiyim kimi, ilk dəfə Nüşabə xanımı gördüm, kim olduğumu, nə məqsədlə gəldiyimi bilib əyləşməyimi məsləhət gördü. Bir azdan şöbənin müdiri Bəybala müəllim də gəldi. Salamlaşıb yerinə keçəndə Nüşabə xanım məni ağayana təqdim etdi. Bəybala müəllim ilk yazımı oxuyub elə hala saldı ki, kim olsaydı, ondan sonra əlinə qələm götürüb bir cümlə belə yazmazdı. Maraqla baxdığımı, izlədiyimi görüb dedi ki, utanma, vaxt gələcək sən də jurnalist olacaqsan, kimlərinsə yazılarını işləyəndə bu vəziyyəti başa düşəcəksən. Mən isə utandığımdan başımı belə qaldırmadım. Xəbəri yanımdaca işləyib redaktorluğa təqdim etdi. Dəyərli tövsiyə  və məsləhətlərini verdi. Hətta bir az da zarafat edib könlümü aldı. Bu dəmdə qonşu otaqdan Məmmədmirzə müəllimlə Mustafa müəllim də səs verdilər, məni ruhlandırmağa çalışdılar. Bir az oturandan sonra üzrxahlıq edib otaqdan çıxdım. Və beləliklə, mənim yaradıcılığım Bəybala müəllimin sayəsində davam etməyə başladı. Mən yavaş-yavaş “böyüyür”, inkişaf edir, daha geniş həcmli yazılar yazmağa, redaksiyadan, şöbələrdən tapşırıqlar almağa can atırdım. Bu da səmimi bir kollektivin gənc olaraq mənə qayğısının təzahürü nəticəsində yaranırdı. Sözün yaxşı mənasında, onlara isinişəndən sonra hətta həsəd də aparır, özümün də nə vaxtsa yazı masası  arxasında oturub işləyəcəyimi düşünür, xəyallar qururdum.

Hərbi xidmətə getdim, orada da dinc durmur, yaradıcılığımı davam etdirirdim. O da yadımdadır ki, mən əsgərlikdən qabaq o vaxtkı “Kommunist” qəzetinə bir yazı göndərmişdim. 6 ay sonra o yazı çap olunmuş, hətta qəzetin nümayəndəsi rayona gələndə mənimlə maraqlanmış, xoş təsadüfdən redaksiyada ilk qarşısına çıxan Bəybala müəllimdən soruşmuşdu. Əsgərlikdə olduğumu bilən həmin jurnalist mənim gələcəyimin parlaq olduğunu Bəybala müəllimə bildirmişdi. Rəhmətlik atam deyirdi ki, bu söhbəti ona danışan Bəybala müəllimin gərək işıqlı gözlərini və sevincli çöhrəsini görəydiniz, bu fikirləri necə fəxrlə, qürurla çatdırırdı.

Əsgərlikdən sonra da yaradıcılığımı “Zəhmətkeş” qəzeti ilə eyni həvəslə davam etdirməyə başladım. Bu dəfə, mübaliğəsiz deyərdim ki,  bütün kollektiv məni himayəyə götürmüşdü. Redaksiyaya daxil olan kimi, hamı məndən xoş müjdəli yazılar gözləyirdi. Mənsə ilk olaraq Bəybala müəllimin şöbəsinin yazılarını verirdim.

Bakı Dövlət Universitetinin jurnalistuka fakültəsinə sənəd verəndə də Bəybala müəllimin zəhməti danılmazdır. Redaksiyadan arayışın təşkilində çəkdiyi əziyyəti heç vaxt unutmaram. Onda ştatdankənar əməkdaşa demək olar ki, arayış verilmirdi. Bəybala müəllimin, eləcə də digər tanıdığım jurnalistlərin xeyir duasi ilə arzuma çatdım,  BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Kəndə qayıdan kimi rayona getdim, qəzetdə Bəybala müəllimi muştuqladım. Hamı gözaydınlığı verdi, çox sevindi. Hiss edirdim ki, ən çox Bəybala müəllim yetirməsinin uğuruna sevinir.

Bu qeydləri ona görə yazdım ki, tanımayanlar Bəybala müəllimin xarakterinə bələd olsunlar. Bütün bunlar Bəybala Babayev üçün bəlkə də adi xidməti vəzifə idi, lakin bu işi də özünə xas olan tərzdə, ürəklə görürdü, can yandırırdı – başqa cür bacarmırdı.

Bir də onun haqqında yazdığım bir yazımda belə vurğulamışdım: “Onu niyə bu qədər çox istəyirəm? Bəlkə də izah edə bilməyəcəyəm. Bəzən çox dəyər verdiyin adamlara bəslədiyin böyük rəğbəti, sevgini balaca səbəblərlə bağlayıb izah etmək olmur. Hörmətli jurnalist, istedadlı qələm sahibi, mənim kimi bir çoxunun özünə ustad hesab etdiyi Bəybala müəllimin yazılarından bircə cümlə, ya adi bircə abzas oxumaq kifayətdir ki, onun kimliyi barədə söz deyə biləsən. O, hər cümləsində özüdü; bircə hərf də özünü gizlətmir, başqa cür təqdim etmir, yaxşı adam obrazı yaratmağa çalışmır. Onu oxuyub duyduqca, iç dünyasının dərinliyini kəşf elədikcə, necə adam olduğunu anlayırsan…

Hər şeyi o qədər səmimi, içdən yazır ki, bu saf ürəyin sahibini sevməyə bilmirsən. Əslində, hər yazı insanın özünüifadəsidir. O, böyük ürək sahibidi; aydın mövqeyi, cəsarətli sözü, həssas yanaşması, olduqca maraqlı müşahidələri orijinal yumoru var”.

O, “Zəhmətkeş” qəzeti bağlananadək burada çalışdı. Bir müddət də “İsmayıllı xəbərləri” qəzeti ilə əməkdaşlıq etməyə başladı. Şahməmməd müəllim sanki onun nazı ilə oynayır, qayğısını xüsusi çəkirdi. Şahməmməd Dağlaroğlu Bakıya gələndə qəzetlə bərabər Bəybala müəllimin qucaq dolusu salamlarını da gətirirdi.

Bir dəfə də “Bizim Basqal yerindəmi” sualıma qənaətbəxş cavab aldıqdan sonra Şahməmməd müəllim dedi ki, düş aşağı, məni görsən, Basqalın yerində olub-olmamasını deyəcəyəm. “Azərbaycan” nəşriyyatının 1-ci mərtəbəsində onun qəzet çıxartdığı otağın baş tərəfinə doğru addımlayıb Bəybala müəllimin salamlarının və salamlarının da üstündə hədiyyəsi olduğunu xüsusi şövqlə mənə çatdırdı. “Tarixi yaşadanlar” kitabını mənə verərkən bildirdi ki, sənin də yazın var. Maraq məni üstələdi, elə oradaca vərəqlədim və gördüm ki, “Zəhmətkeş”dən “Azərbaycan”a uzanan” yol adlı xatiratımı kitaba salmışdı. Mənə isə belə avtoqraf yazmışdı Bəybala müəllim:  “Zəhmətkeş” qəzetinin şinelindən çıxmış istedadlı jurnalist Daşdəmir Əjdəroğluna xoş xatirələrlə. 15.03.2017”. Kitabdan daha çox bu sözlər məni sevindirmiş və sözün düzü, daha da ruhlandırmışdı. Ustaddan belə xoş sözlər eşitmək necə də ləzzət edirdi adama!

Neçə il üstündən keçməsinə baxmayaraq bu məqamı yada salanda düşünürəm: nə yaxşı ki, insanlara yadda saxlamaq bacarığı verilib! İlk növbədə də, bir çoxumuzun həyatında yer alan işıqlı, xeyirxah məqamları.

Bəli, Bəybala Babayev onu tanıyanların qəlbində xeyirxah işlər sahibi kimi yaxşı ad qoyub getdi. Onun haqqında yazılanları oxuyanda, söhbətləri dinləyəndə gözümüzün önündə ziyalı, savadlı, dərin zəka sahibi, öz işinə sadiq və olduqca nəcib bir insan surəti canlanır.

Bəybala müəllimlə bir yerdə çalışan insanlar əksər hallarda onun dostuna, məsləkdaşına çevrilmişdilər. Bu adamlar onun özü kimi parlaq şəxsiyyətlər idi. O dövrdə dostluq, yoldaşlıq xüsusi cəsarət, kişilik tələb edirdi. B.Babayev insan ləyaqətini sınağa çəkən bu imtahandan başıuca çıxmışdı. O, cəsarətli jurnalist kimi rayonda nüfuz sahibi idi. Bu cəsarətdən savayı, başqasının dərdinə şərik olmağı bacarmaq da lazımdır. Belə keyfiyyət isə yalnız ürəyiyumşaq, həssas təbiətli insanlarda olur. Bəybala müəllim də bu cür insanlardan idi.

Ömür vəfa etməsə də, Bəybala müəllim xeyli iş görə bildi. Ancaq yəqin ki, bir çoxunu da görməyə macal tapmadı… O, aramızdan getdi, amma yaddaşlardan silinmədi. Silinməyəcək də. Çünki xeyirxah əməllər sahibi olan, yaxşı ad qoyub gedən insanlar unudulmur…

Ruhunuz şad olsun, Bəybala müəllim!

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz