Cəfərov Rasim Cəfər oğlu                                 

 

İsmayıllı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Həkim-onkoloq, tibb elmləri namizədi, Respublikanın Əməkdar həkimi, SSRİ-nin “Səhiyyə əlaçısı” Cəfərov Rasim Cəfər oğlu vəfat etmişdir.

Cəfərov Rasim Cəfər oğlu 1947-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur. 1965-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbini, 1971-ci ildə N.Nərimanov adına ADTİ-nin müalicə fakültəsini bitirdikdən sonra əfsanəvi “Neft daşları” adasında qəhrəman dəniz neftçilərinin sağlamlığını qorumaq məqsədi ilə 12 saylı TSH-də cərrah kimi əmək fəaliyyətinə başlamışdır.

Rasim Cəfərov son dərəcə gərəkli olan müsbət insani keyfiyyətləri özündə cəmləşdirmiş, zəngin biliyi və çoxillik təcrübəsi ilə onkoloji xəstəliklər kimi çarəsi tapılmayan bir bəlanın aradan qaldırılması üzrə əsl mütəxəssisə çevrilmişdi.

1972-1974-cü illər ərzində hərbi həkim kimi SSRİ DİN Daxili Qoşunları sırasında alay tibb məntəqəsinin rəisi vəzifəsində hərbi xidmət keçmiş və nümunəvi xidmətə görə komandanlığın Fəxri fərmanı ilə təltif olunmuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən əvvəlki iş yerinə qayıtmış,  TSH-də ilk dəfə cərrahi əməliyyatların (appendiktektomiya, herniotomiya və bəzi travmatoloji) yerli anesteziya ilə icra olmasının təməlini qoymuşdur (1974-1976-cı illərdə).

Tibb sahəsində müxtəlif illərdə əldə etdiyi yeniliklərə, dissertasiya işinə aid hazırladığı iki təklifə görə o, SSRİ  Elm və Texnika Komitəsinin “İxtiraçılıq haqqında şəhadətnamə”sini almışdır.

Rasim Cəfərov bir sıra MDB, Avropa və Asiya ölkələrində elmi forumlarda iştirak və çıxışlar etmiş, 170-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 22 ixtiranın, 6 səmərələşdirici təklifin və 6 metodik tövsiyənin müəllifi olmuşdur.

Son dərəcə təvazökar və qayğıkeş insan – Rasim Cəfərov eyni zamanda nümunəvi vətəndaş, ailə başçısı olmuş, üç övlad tərbiyə etmişdir.

Fəaliyyətinin və həyatının ali məqsədini xalqımızın sağlamlığında, respublikamızın tərəqqisində və qüdrətlənməsində görən Rasim həkimin işıqlı xatirəsi onu tanıyanların xatirəsində uzun illər yaşayacaqdır.

Allah rəhmət eləsin.

Rayon ictimaiyyəti, dost və yoldaşlarından bir qrupu

 

 

Şərh Yaz