Əziz müəllimlər, dəyərli təhsilverənlər!


Bu gün Siz peşə bayramınızı qeyd edirsiniz! Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, gəncləri, öz ümidini, öz gələcəyini Sizə etibar edib. Azərbaycan müəllimlərinin böyük ordusu, çoxminlik dəstəsi ölkəmizin fəxri, Dövlətimizin etibarlı dayağıdır.
Ulu öndər Heydər Əliyev müəllim sənətinə yüksək dəyər verərək söyləmişdir: “Mən müəllim adından uca ad tanımıram”.
Hörmətli müəllimlər, bildiyiniz kimi, xalqımız öz tarixi günlərini yaşayır. Rəşadətli Azərbaycan ordusunun zəfər yürüşləri tarixin salnaməsinə qızıl hərflərlə həkk ediləcək böyük qələbənin lap yaxında olduğunu xəbər verir. Torpaqlarımız uğrunda gedən döyüşlərdə rayonumuzun verdiyi şəhidlər hər birimizin fəxr və qürur yerimizdir. Böyük ruh yüksəkliyi ilə Vətən torpaqlarının müdafiəsinə yollanan İsmayıllı müəllimləri cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini bəyənir və dəstəkləyir.
Dəyərli təhsilverənlər! Yola saldığınız 2019-2020-ci tədris ili İsmayıllı təhsili üçün böyük uğurları ilə yaddaqalan olub. Rayonumuzun məzunları respublika və respublikamızdan kənarda ən nüfuzlu universitetlərə qəbul olunub, şagirdlərimiz müxtəlif Respublika və Beynəlxalq Olimpiadaların, müsabiqə və idman yarışlarının qalibi olub, qızıl və gümüş medala layiq görülüb. Əziz müəllimlər, İsmayıllı təhsili Sizin sayənizdə Respublikada qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında seçilib.
Bəli, Azərbaycanımızın hər bir vətəndaşı bu gün özünü müsəlləh əsgər hesab edir. Bu, şərəfli və tarixi mübarizədir. İnşallah, biz bu tarixi mübarizədə qalib gələcəyik!
Əziz təhsilverənlər! Sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, Siz müəllimlər Azərbaycanın sabahının bu gündən də gözəl olması üçün səy və bacarıqlarınızı əsirgəməyəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcəksiniz.
Bu şərəfli yolda Sizə əzm və fədakarlıq arzulayıram!
Rövşən Əliyev,
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

 

 

Şərh Yaz