18 Oktyabr – Müstəqillik Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki        

                           

Əziz ismayıllılar!

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə  edərək özünün suveren dövlətini yaradıb. 1918-ci ilin 28 mayında elan olunmuş müstəqillik müxtəlif səbəblərdən cəmi 23 ay çəkdi. Bundan 70 il sonra 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini yenidən elan etdi. Bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu. Lakin müstəqilliyi qazandıqdan iki il sonra xalqımız onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan Silahlı qüvvələrinin ölkəmizə təcavüzü, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr ölkəni müstəqilliyinin sonuna doğru aparırdı. Amma böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra bu təhlükə sovuşdu. Bundan sonra dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına başlanıldı.

Hal-hazırda ölkəmizin qüdrətlənməsi üçün Ulu öndər tərəfindən başladılan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Bu gün rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixini yenidən yazır.

Tez bir zamanda üç rəngli bayrağımız Şuşada, Xocalıda, Xankəndində dalğalanacaqdır. Bu qələbədə vətənpərvər ismayıllıların əməyinin olması qürurvericidir. İsmayıllı gəncləri vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlara yazılır. Bu mübarizədə qazandığımız qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Müstəqilliyimizin qorunması yolunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin.

Müstəqilliyimiz əbədi olsun!
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Şərh Yaz