Yaddas kitabcasi

Yenilməz “İsmayıllı uşaqları” batalyonunun qaziləri  

                       

Əlil Mikayıl və Dəli Yaşar

 

Onlardan birincisi haqda yazmağı planlaşdırmışdım. Lakin, söhbətin axrı elə gətirdi ki, istər-istəməz  ikincisini də müsahibəmə qoşmalı oldum.  Hər ikisi əsrarəngiz “İsmayıllı uşaqları” batalyonunun üzvləri olmuşlar. İndi isə xronoloji ardıcıllıqla hər biri haqda eşitdiklərim, dinlədiklərim barədə sizi məlumatlandırıram.

Eşitmişdim ki, səkkiz yaşından atasız qalıb, anasının himayəsində boya-başa çatan on bir uşaqlı ailənin 9-cu övladı olan Mikayıl, vətəndən uzaqlarda keçirdiyi iki illik hərbi xidmətdən  sonra kəndə qayıtmış, ana, bacı və qardaşları ilə doyunca oturub-durmadan, ailəyə dəstək olmaq üçün Bakıya gəlib kondensionerlər zavodunda işə düzəlibmiş. Bir gün qəhrəman ana olan Xanbəyim xanım oğlundan narahat olub,  onun iş yerinə zəng edir. Telefonun o biri başından xəbər verirlər ki, oğlunuz işdən azad olub könüllü  cəbhəyə yollanıb. Bu və ya  digər eşitdiklərimin səhihliyini öyrənmək üçün Mikayılla üz-üzə oturub söhbət etmək, onun barəsində mətbuatda bir yazı dərc etdirmək istəyirdim. Bu məqsədlə evlərinə qalxan sərt yoxuşlu yamacı dəfələrlə qalxıb ensəm də, onu evdə tapa bilməmişdim. Hər dəfə ömür-gün yoldaşı Həmail xanım Mikayılın rayona həkimə getdiyini,  taxıl biçimində  olduğunu və xülasə, evdə olmadığını bildirirdi. Nəhayət, bir axşam çağı yazacağım məqalənin qəhrəmanını evdə tuta bildim. Söhbətə başlamazdan əvvəl 64 il öncə  olduğum bu yurdun genişliyi gözlərim önünə gəldi. Onda mənim 15 yaşım vardı. Mikayılın atası Şabanın toy günü idi. İndi, nəsil artdığından həyət kiçilib bapbalaca bir guşəyə çevrilmişdi. Nə isə…

Çənəsini əl ağacına söykəyən Mikayılın  o qədər də danışmaqla arası olmadığından xəbərdar olduğum üçün  ona istiqamətləndirici suallar verməli oldum.

– Mikayıl bəy, necə oldu ki, sən ailə üzvlərini məlumatlandırmadan birbaşa cəbhəyə getməyi qərarlandırdın?

– Bilirsiniz, 1988-ci ildə sovet qoşunları tərkibində xidmət etmək üçün Almaniya Demokratik Respublikasına  yollananda, Azərbaycan-Ermənistan münasibətləri yenicə gərginləşirdi. Artıq 28 fevral Sumqayıt hadisələri baş vermişdi. Moskvanın respublikamıza göstərdiyi ögey münasibəti açıq-aydın görünürdü. İki illik hərbi xidmətim ərzində də mən bunun şahidi olmuşdum. Hissəmizin şəxsi heyyəti əsasən Orta Asiya xalqlarından çağırılan əsgərlərdən ibarət olduğu üçün, bizə “Kitayskiy polk” deyirdilər. Aralarında azərbaycanlılar da az deyildi. Xidmətimiz ərzində bizi tez-tez faşist Almaniyasının 6 milyon yahudi millətini soyqırıma məruz  qoyduğu yeraltı cəbhəxanalara aparıb göstərirdilər. Hissəmizin yerləşdiyi Berinburq şəhərinin ətrafında olan ölüm düşərgələri mənə ümidlərin bitdiyi, insanlığın itdiyi bir məkan kimi görünürdü.

1990-cı ilin 20 yanvarında Bakıda baş verən qırğınları bizə təfərrüatı ilə demədilər. Həmin gün və ondan sonra qalmış bütün xidmətimiz boyu biz azərbaycanlıların əlinə silah verib  postlara göndərmədilər, daxili xidmətlərə buraxmadılar. Görünür, bu Moskvanın əvvəlcədən planlaşdırdığı göstəriş idi. Biz, azərbaycanlılar sözü bir yerə qoyub, komandanlığa etirazımızı bildirdik. Bir təşkilatçı kimi məni 7 sutkalıq qauptvaxt cəzası ilə cəzalandırdılar. Bizdən ucuz əmək aləti kimi, qara qul kimi istifadə edirdilər. Biz azərbaycanlı əsgərləri maşınlara doldurub Berlin şəhərinə gətirir, vaxtilə sovetlərin əli ilə ifşa edilmiş, şəhəri yarıya bölən 6-7 metrlik hündürlüyü olan  məşhur “Berlin sədləri” kimi adı tarixə düşən beton divarları bizə sökdürürdülər. Miş-lehim divarlar qəlpə-qəlpə olub yoxa çıxdıqca, 45 ildən sonra qərbi Berlinlə, şərqi Berlinin bir-birinə qovuşması, məndə qəhər dolu bir sevincmi, yoxsa, kədər dolu bir ağlamaq duyğusu yaradırdı. Sevinirdim ona görə ki, bütün Araz boyu çəkilən tikanlı məftillər də nə vaxtsa beləcə söküləcək, Güneyli-Quzeyli Azərbaycanımız da bir-birinə qovuşacaqdır. Kədərlənməyim isə 200 illik tarixi  olan  ayrılığın nisgilindən yaranırdı.

Ordudan vətənə yararlı bir oğul kimi qayıtmaq istəyirdim. Bu məqsəd 1990-cı ilin fevralında sənədlərimi Ukraynanın Sumı vilayətindəki hərbi məktəbə göndərdim və qəbul oldum. Lakin, sevincim çox sürmədi. Məlum olmayan səbəblərə görə məni məktəbdən xaric etdilər. Həmin ilin noyabrında ordudan tərxis olundum, uzun müddət işsiz qaldıqdan sonra, kondisionerlər zavodunda işə düzəldim. Cəbhədə nisbi sakitlik olsa da, Qarabağdan gələn  xəbərlər ürək açan deyildi. 1992-ci ilin  aprel-may aylarında  vəziyyət daha da gərginləşdi.  May ayının 9-da Şuşa şəhəri xəyanətin qurbanı oldu. Bu xəbərdən çox sarsıldım. Yataqxanaya qayıdıb şam yeməyi yemədən yatağıma uzandım. Yuxuda anamı gördüm. Gördüm ki, çarpayım beşik olub. Anam onu yırğalayıb, həzin, kədər dolu bir səslə mənə layla çalır. Sözləri də həmişəki sözləri idi. Əzbərləmişdim.

Süd verəndə doğma anam

Belə demişdir mənə:

Səni qurban bəsləyirəm

Türk yurduna, Vətənə.

Azadlığı bu dünyada

Şan-şöhrətdən üstün tut!

Yaltaqlığı, alçaqlığı,

Rəzilliyi, sən unut!

 Sənin sevgin vətən olsun,

Millət olsun, mən olum!

Südüm sənə haram olsun

Xəyanət etsən, oğlum!

Bu bir ana fəryadı, vətən harayı idi. Səhər  açılar-açılmaz iş yerimə gedib ərizə yazaraq,  işdən azad oldum. Yol maşınlarının birinə oturub hərbi qeydiyyatda olduğum İsmayıllı Rayon Hərbi Komissarlığına gəldim. Komissarlığın qabağı çoxlu sayda könüllülərlə dolu idi. Adımı yenicə təşkil olunan 120 nəfərlik  batalyona güclə saldıra bildim. Elə bu andan dəstəmizə “İsmayıllı uşaqları” batalyonu adı verildi. Cəbhəyə yola düşməzdən, komissarlıqda icazə alıb, ana, bacı, qardaş və qohumlarla vidalaşmaq üçün Tircana getdim.

– Mikayıl, cəbhə yoldaşlarıdan kimləri xatırlayısan, onların adlarını deyə bilərsənmi?

– Kontuziya alana kimi hamısını ad və soyadları ilə xatırlayırdım. Buna baxmayaraq bir qisminin adlarını sadalaya bilərəm. Məsələn İsmayıllıdan Hənifə, Tahir, Ramiz, Rəhman, Əli, Valeh, Sahib, həmkəndlilərim Akif, Rahim, Əlağa, Vidadi, Maçaxıdan Əlif, Təzəkənddən Mübariz, Topçudan Elşad, Talıstandan Yaşar Bayramov, Əlvan, Şahin, İvanovkadan Sergey, kəndlərinin adlarını unutduğum Ülvi, Ruslan.

– Mümkünsə bir az “İsmayıllı uşaqları” batalyonunun döyüş yollarından danış.

– Yuxarıda qeyd etdiyim kimi, biz “İsmayıllı uşaqları” ilk andan qələbə əzmi ilə elə köklənmişdik ki, nizama düzülüb yeriyəndə torpaq ayaqlarımız altında titrəyirdi.  İlk döyüşümüz Naxçıvanikdən başladı. Şamaxının Sündü kəndindən olan qərargah rəisi, Milli qəhrəman Şikar Şükürovun komandanlığı altında bir gündə 12 kəndi işğaldan azad etdi, mühüm yüksəklikləri ələ keçirdik. Elə gün olmazdı ki, “İsmayıllılar” yeni-yeni uğurlara imza atmasınlar. Ağdərəni işğaldan azad etdik.  Xankəndi ilə aramızdakı məsafə Şəbiyanla Tircan arasındakı məsafə qədər olardı. Xankəndi demək olar boşalmışdı, baş götürüb  qaçanları açıq-aydın görürdük. Qaradağ, Salyan batalyonları ilə yanaşı vuruşurduq. Bir  gün nahar vaxtı idi. Ermənilər bizi nişan alıb qırad atdılar. İki nəfərimiz şəhid, xeyli yaralımız oldu. Bir neçə gündən sonra qonşuluqda vuruşanlar yoxa çıxdılar. Ağdamdan “Qlobus” adlı yerə kimi ərazinin müdafiəsi də 120 nəfərdən cəmi 23 nəfəri sağ qalmış, “İsmayıllı uşaqları”nın payına düşdü. 10 gün mərdliklə vuruşduq. Döyüşlərdə itirdiyimiz Topçu kəndindən Elşadı, Tircandan Akifi, Tərtərdən Şahverdini, Milli Qəhrəman Şikar Şükürovu, Ülvini, Ruslanı bu gün də ehtiramla xatırlayıram. Bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm.

Vaqif müəllim, “İsmayıllı uşaqları” arasında Yaşar Bayramov adlı cəsur, qorxu nə olduğunu bilməyən, polad maşını ilə ermənilərə qan udduran “Dəli Yaşar” ləqəbli bir tankçı barədə xüsusi danışmaq istəyirəm. Onun qədər igidlik göstərən ikinci bir döyüşçünü xatırlamıram. Onun inanılmaz vəziyyətlərdən açdığı  atəşlərin heç biri hədəflərdən yayınmazdı. Onun adı gələndə ermənilər zağ-zağ əsirdilər, onunla üzbəüz gəlməmək üçün siçan kimi qaçıb gizlənərdilər. Ermənilər onun başına milyonlarla pul qoymuşdular. Yaşarın, şahidi olduğum bir şücaəti haqda danışmaq istəyirəm. Ağdərəni  alıb Drambon gölünə çatanda, qəflətən ermənilərin mühasirəsinə düşdük. Yeganə çıxış yolumuz düşmən tankları ilə  kəsilmişdi, sürətlə üstümüzə yeriyirdilər. Yaşar: “Ölmək ölməkdir, xırıldamaq nədir” – deyib, ani sıçrayışla tankının  sturvalı arxasına keçdi. Qızmış aslanlar kimi düşmənə sarı şığıdı. Birini taran edib gölə saldı, digərini isə nişan alıb göyə sovurdu. Yerində dövrə vurub manevr etdi, düşmənə sarı çevrilib neçə-neçə mərmi buraxdı. Pərəm-pərəm olan düşmən qaçmağa başladı. Beləliklə, biz mühasirədən çıxdıq.

– Mikayıl, bir az da özün barədə danış. Deyirlər sən özün yaralı olduğun haqda xəstəxanada müalicə alarkən Kəlbəcərin işğal olunduğu xəbərini eşidib müalicəni yarımçıq qoyub həkimlərin razılığı olmadan cəbhəyə qaçmısan. Bu barədə müfəssəl danışa bilərsənmi?

– Düzdür, belə məqam olubdur. Amma, bir çox döyüşçü yoldaşlarımın etdikləri  qəhrəmanlıqları kölgədə qoyub özüm barədə danışmağım qəbahət olar. Məsələn, Ağdərə əməliyyatında həlak olan  Milli Qəhrəman Şikar Şükürovu, Göyçayın İnçə kəndindən olan Cəlalı, Əfqanıstan döyüşçüləri olmuş Yevlaxlı Əfqanı, Xosrov Əhmədovu, batalyon komandiri Dosteli Hacıyevi, qərargah rəisləri Mahir Kərimovu, Alimi (soyadını unutmuşam), Xaçmazdan kargüzar Bəhramı qoyub, özüm barədə nə danışa bilərəm?! Bu insanlar o illərin əsl qəhrəmanı idilər. Ölümün üzərinə göz qırpmadan irəliləyirdilər. Onların hər biri Allah dərgahında şəhidlik zirvəsinə ucaldılar. Cəlal kimi dəqiq qumbaratan yox idi. Mayor Xosrov Əhmədov əlinə PK alıb, yıxılmasın deyə özünü tanka bağlayırdı, dığaları otbiçən kimi biçirdi. Qərargah rəisi Alim kargüzar Bəhramla KAMazda silah-sursat gətirərkən yolda erməni atəşinə tuş gəlmişdilər.

Özüm haqda yalnız bunları deyə bilərəm ki, cəbhədə iki dəfə yaralanmışam. Birinci dəfə Çıldıran döyüşündə yaralandım, həm də kantuziya aldım. Gözümü Bakı şəhər Mərkəzi Hərbi Hospitalında açdım. Yaralarım nisbətən qaysaqlanıb özümə gələndə həkimlərin məsləhəti ilə mənə 10 günlük məzuniyyət verildi. Kəndə gəldim. Üç gündən sonra bədənim şişib məni incitməyə başladı. Məni yenidən İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirdilər. Müalicə günlərinin birində Kəlbəcərin işğal olunduğu xəbərini eşitdim. Həkimlərin xəbəri olmadan döyüş yerinə qayıtdım.  1993-cü ildə Haramı düzündəki döyüşlərin birində  yenidən qəlpə yarası aldım. 1994-cü ildə Horadiz qəsəbəsinin alınması münasibəti ilə Horadizə gələn Ulu Öndər Heydər Əliyev cənabları mənimlə səngərdə görüşdü, mənə “kiçik leytenant” hərbi rütbəsinin paqonlarını təqdim etdi. Onun göstərişi ilə məni kiçik zabitlər məktəbinə oxumağa göndərdilər. Daha sonra Bakı Ali Dənizçilik məktəbinə  daxil oldum. 1999-cu ilin avqustundan səhhətimlə əlaqədar olaraq 2-ci qrup əlil kimi təqaüddəyəm, siyasi işlər üzrə komandir müaviniyəm, baş leytenant kimi ehtiyatda olan zabitəm.

– Mikayıl, görürəm bədənində gəzdirdiyin qəlpələrin yaratdığı ağrılardan əziyyət çəkirsən, sənə sonuncu bir sual da verəcəm. Döyüş illərinin ən ağrılı məqamları hansılardır? Qısa olaraq bu barədə danışın.

– Hərbiçi üçün ən ağır an döyüşçü yoldaşını itirməkdir, onu öz əli ilə torpağa tapşırmaqdır. Kəndçimiz Akif Qulu oğlu şəhid olanda, onun cənazəsini kəndə gətirib dəfn etmək mənə həvalə olundu. Gərək daş qəlbli insan olasan ki, axan göz yaşlarına, ana-bacı oxşamalarına dözə biləsən. Akifi dəfn edib hissəyə yenicə qayıtmışdım ki, dedilər bəs Akifin Şəbiyan kəndindən olan xalası oğlu da şəhid olub. (adını unutmuşam). Komandirim onun da dəfnini mənə tapşırdı.  Bu tapşırığı da yerinə yetirməyim barədə komandirə məruzə etmək üçün yanına gedəndə, yolda adı ölüyə çıxan Akifin xalası oğlu ilə rastlaşdım. Gördüklərimi komandirə danışdım. Demə şəhidin cənazəsi tanınmaz halda olduğundan  bu cür  yanlışlığa yol verilibdir. Komandirin göstərişi ilə həmin əsgəri İsmayıllıya gətirdim. Bazarın qabağından keçən təsadüfən onun qardaşı ilə rastlaşdıq. Təsəvvür edin bu səhnəni, bu anı, bu görüşü. Qardaşın qəşş eləyib yerə yıxılmasını… Baxın, mən belə anlar yaşamışam.

50 yaşı yenicə tamam olmuş Mikayıl üç oğul atasıdır. Böyük oğlu Qarakişi hərbi xidmətdən yenicə qayıdıb. Ortancıl oğlu Ülvi Aviasiya liseyində oxuyur, hərbi pilot olmaq arzusundadır. Sonbeşiyi Bünyad 9-cu sinifdə oxuyur, atasının yolunu davam etdirmək niyyətindədir.

Yazımın ikinci qəhrəmanı Dəli Yaşarı tanımırdım. Xəyalımda başı buludlara dəyən, kürəkləri Niyal qayalarıtək enli canlandırdığım Yaşarı yaxından görüb onunla təmasda olmağa böyük ehtiyac duyurdum.  Minik vasitəm və sağlamlıq durumum lazımi səviyyədə olmadığı üçün onun koordinatlarını əldə edib, onu evimizə sadə bir çay süfrəsinə dəvət etdim. Sağ olsun, “böyük məmnuniyyətlə” deyib sözümü yerə salmadı.

Yaşar gəlməmişdən əvvəl həyətimizə açılan, boyuma uyğun düzəltdirdiyim  ala qapıdan bu nəhəng qəhrəmanın necə əyilib keçəcəyi haqda düşünürdüm ki, birdən qapı  döyüldü. Qapını açdım.  Bir az aralıda iki nəfər dayanmışdı. Onları tərəvəzsatan  zənn edib: “qardaş nəyiniz var, nəyiniz yoxdur” soruşdum, onlar: “biz tərəvəz satan deyilik, Talıstandan gəlmişik” dedilər. Mən “bəs Yaşar gəlmədi?” soruşdum. Onlardan bir az yaşlı görünəni irəli yeriyib “Yaşar mənəm” deyib gülümsədi. “Bu da oğlumdu” – dedi. Xəyalımda cızdığım Yaşarla reallıqda gördüyüm Yaşar arasında yerlə-göy qədər fərq vardı. Sovet dönəmində çəkicə yüngül, boyca belə qısa olan adamları “karlik” hesab edib heç əsgərliyə də aparmırdılar. Şəxsiyyətini təsdiq edən sənədləri gördükdən sonra  məşhur atalar sözünü xatırladım: “İgidin adını eşit, üzünü görmə”.

Ümumi tanışlıq əsnasında həyat yoldaşının da Tircandan olduğunu bildikdə, biz daha da səmimiləşdik. Səliqəli,  təmiz geyimi, hərəkətində, danışığında olan dinamiklik, gözlərinin civə damlasıtək parlaqlığı, Yaşarı 40-45 yaşlar arasında cavan bir oğlana bənzədirdi. Üzündən, gözündən igidlik yağırdı. Düşünürdüm ki, əcəba, Yaşar etdikləri şücaətləri, igidlikləri bu kiçik vücuduna necə yerləşdirib, necə daşıyıb. Bu suala Yaşar belə cavab verdi: qızıl da həcmcə kiçikdir, dəyərcə  isə çox yüksəkdir.

– Yaşar, barəndə eşitdiyim xoş sözlər bizim tanışlığımıza səbəb oldu. İstəyirəm sənin barəndə eşitdiklərimi, vətənimizin bu ağır çağında bütün gənclərimiz eşitsinlər, çoxlarına örnək olsun. Mümkünsə özünüz barədə qısaca məlumat verəsiniz.

– Məlumat deyəndə ki, mən adi, sadə, halal çörəklə böyüyən 9 uşaqlı ailənin üzvüyəm. Axşamlar bir süfrə arxasında oturub çörək yeyəndə çoxumuz elə süfrə başındaca yatardıq.  Hər uşağın öz yeri, öz işi vardı. 1978-80-ci illər arasında hərbi xidmətdə olmuşam. V.İ.Lenin adına Ulyanovsk tankçılar məktəbini bitirmişəm. Elə bil mərhum anam məni bu peşə üçün doğmuşdu. SSRİ miqyasında elə bir tank təlimi olmazdı ki,  mən orada iştirak etməyim. Hərbi xidmətdən sonra kəndə qayıtdım, traktorda işlədim.

-Yaşar, necə oldu ki, cəbhəyə getdin. Hərbi Komissarlıq çağırdı, yoxsa özün.

– Özüm öz ayağımla. Həmin günü çox yaxşı xatırlayıram. 1992-ci ilin 9 may günü idi. Şuşanın ermənilərə verilməsi məni də ağrıdırdı. İki azyaşlı övladlarımın olmasına  baxmayaraq, könüllü getdim cəbhəyə.  Tankçı olduğumdan məni əlüstü qəbul etdilər. Mingəçevirə gəldik. Burada mənim təlim keçdiyim T-54, T-55, və T-62 markalı tanklar yox idi, hamısı T-72 idilər. Başqa tankçı yoldaşımdan mühərrikin işə salınmasını öyrənib,  idarə uçaqlarının arxasına keçdim. Ətrafdakı dərə-təpədən, meşədən, bataqlıqlardan keçərək məharətimi göstərdim. Gəncədən olan mayor rütbəli birisi mənə yaxınlaşıb əlimi sıxdı, kürəyimə əl çəkdi. Dedi ki, döyüşə yalnız səninlə gedəcəm. Adı Nazim Bayramov idi. İlk döyüşümüz Ağdərədən başladı.

Bir gündə 12 kəndi azad etdik. Onların arasında Kasabek, Artek, Çıldıran, Sırxavənd, Dovşanlı, Kərəmli və s. kəndlər vardı. Drambonda 120 nəfərlə 16 gün mühasirədə qaldıq. Qeyri-bərabər qüvvələr nisbətində döyüşə-döyüşə 12 nəfər itki ilə mühasirədən çıxdıq. Düşmənin bir tankını məhv etdik, digərlərini isə qənimət kimi götürdük. Ümumiyyətlə, Nazimlə birgə döyüşlərin hamısında qələbə çalmışıq. Ermənilər bizim soyadımızın eyni olduğundan, bizə “qardaşlar” adı qoymuşdular. Bizi oradan götürmək üçün başımıza milyonlarla qənimət qoymuşdular, bizi daima izləyirdilər. Hətta bir dəfə belə bir hadisə oldu. Hücum zamanı Nazimlə sövdələşdik ki, düşməni çaşdırmaq üçün əvvəlcə bir tanka minək, sonra başqasına keçək. Elə də etdik. Biz yerimizi yenicə dəyişmişdik ki, bizim əvvəlki tankımızı vurdular.

– Yaşar bəy, sizə Dəli Yaşar ləqəbini niyə veriblər?

– Doğrusu elə ilk gündən mənə bu adı qoymuşdular. Ağdamın Mərzili kəndi uğrunda gedən şiddətli döyüşlərdə ermənilərin dalbadal iki tankını  məhv etdim. Bu, 1992-ci ilin iyul ayının 18-də oldu. Elə həmin an ermənilər çoxlu itki ilə geriyə qaçmağa üz qoydular. Bir dəfə də Xanabad yüksəklikləri uğrundakı döyüşdə bir tankı vurub sıradan çıxardım. Tanka ehtiyacımız olduğundan komandirim, “onu kim gətirə bilər?” sorğusuna ancaq mən razılıq vermişdim. Başqa bir dəfə də, ermənilərin döyüş meydanında qoyub qaçdıqları tankı güllə yağışı altında  öz  tərəfimizə gətirmişdim. Bax, mənim belə-belə hərəkətlərim mənə “Dəli” adını gətirdi.

– Yaşar bəy, sözsüz ki, cəbhədə başdan ayağa qədər qan-qadadır. Amma elə olur ki, bu qan-qadalar içərisində bəzi məqamlar daha çox xatırlanır. Sizdə belə anlar olub?

– Bəli, özü də bir neçə dəfə. Ancaq ikisi haqda danışacam. 16 günlük Drambon mühasirəsindən sonra daha 3 gün mühasirədə qalmışam. Gördüm ki, tankımla birlikdə mühasirədəyəm, düşmən məndən qüvvətlidir. Tankım sağ-salamat ələ keçməsin deyə, onu yaxınlıqdakı gölə sarı sürüb batırdım. Dar axşam olduğundan və mənim suda boğulduğumu zənn edib ermənilər təqib etmədilər. Mən tankdan gücüm çatan qədər qumbara götürüb çıxdım. 3 gün 3 gecə ac-susuz mühasirə şəraitində “turbaza” deyilən yerə kimi yol gəldim. Yolda içi erməni hərbiçiləri ilə dolu bir “Qaz -69”-u partlatdım,  turbazaya çathaçatda “jiquli”də olan üç nəfər əsir götürüb özümüzünkülərə təhvil verdim. Əks həmlələrin birində, batırdığım tankımı çıxarmağa nail olmuşdum.

İkinci ən ağır anım isə Ağdamın Mahrızlı kəndində oldu. 92 nəfəri yeməklə zəhərlədilər. Cəmisi 9 nəfər yarımcan halda salamat qaldıq. Qardaşlarım məni Moskvaya aparıb bir ilə yaxın müalicə etdirdilər. Elə bu hadisə də mənim döyüş yoluma son qoydu.

– Yaşar, bəs incikliklərin nədəndir?

-İnsan o vaxt incik düşür ki, onu lazımi qədər qiymətləndirmirlər. Mən cəbhəyə gedərkən ailəmiz çox pis vəziyyətdə idi. Ailəmiz böyük, övladlarım kiçik idi. Digər tərəfdən atamı şərləyib tutmaq istəyirdilər. O vaxt İsmayıllı rayonu prokuroru işləmiş İsmət Qayıbova Allah rəhmət eləsin. O, işə müdaxilə etməsəydi atamı tutacaqdılar. Başqa tərəfdən isə torpaqlarımız düşmən tapdağı altında inildəyirdi. Minlərlə vətənsevərlər kimi mən də vətənimin müdafiəsinə qalxdım. Vəziyyəti pisləşən ailəmizin üzvlərindən biri, bir gün yardım üçün can qoyduğum kolxozun rəhbərliyinə müraciət edir. O, nəinki müraciət edən adamı qarşılayıb ürək-dirək verir, əksinə zəhər dilini işə salıb deyir ki, Yaşar bir ala-bula şalvarı geyinib kol dibində gizlənəcək, mən onun üçün burada arvad-uşaq saxlayacam? Özünüz fikirləşin, bu cür duyğusuz insanlara nə deyəsən?

Başqa bir incikliyim 62 yaşımın olmasına baxmayaraq, hələ də “Müharibə veteranı” adı almamağımdır. Əlimdə bütün qeydiyyatları ilə təsdiqlənən hərbi biletim, yeniləmək istədiyim veteran vəsiqəsinin surəti ola-ola illərdir ki, məni get-gələ salıblar. Bax, məni və digərlərini incik, bəzən də küsgün vəziyyətə salan belə-belə işlərdir.

Müəllifdən: Hər iki yenilməz “İsmayıllı uşaqları” batalyonunun qazilərini  dinlədikcə, onların vətənə, millətə olan sevgisini, təəssübkeşliyini hiss etdikcə qürur duydum. Hər iki qazi bu gün də, vətənin bu ağır çağında onun müdafiəsinə getməyə, Ali Baş Komandan İlham Əliyev cənablarının əmri  altında vuruşmağa hazırdırlar.

Dinldi və qələmə aldı:

 Vaqif  Məmmədov

 

 

 

 

Şərh Yaz