İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin olunub 

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun sərəncamı ilə İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. Qurumun yeni rəhbəri Rövşən Əliyevdir. O, RİH başçısı tərəfindən kollektivə təqdim olunub.

R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəblilər üçün 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir.

2015-ci ildən təyinata qədər Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışan R.Əliyev ailəlidir, 2 övladı var.

“İsmayıllı xəbərləri”

Şərh Yaz