9 şəhər və rayonda buraxılış imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun olaraq tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin edilib.

İmtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə 9 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejimi növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm şəkildə əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

AZƏRTAC

 

 

Şərh Yaz