Add title: Könüllülük fəaliyyəti uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət-gənclər siyasəti uğurla həyata keçirilir. Ölkədə gənclərin  peşə seçiminə xüsusi diqqət yetirilir, onların gələcək həyatının dolğun və məzmunlu olmasına səy göstərilir, istedadlı gənclərə öz bacarıq və qabiliyyətlərini sərbəst şəkildə nümayiş etdirmək üçün lazımi şərait yaradılır.
Ölkə rəhbərinin bu ili 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan etməsi ilə əlaqədar imzaladığı Sərəncam heç də əbəs yerə deyildir. Bu cənab Prezidentin gənc könüllülərə verdiyi yüksək etimadının nəticəsidir. Məhz bunun nəticəsi olaraq İsmayıllıda könüllülük fəaliyyəti geniş şəkildə təşviq olunur və bu dönəmdə, xüsusilə ölkədə elan olunmuş karantin rejimində daha fəallıq nümayiş etdirərək müxtəlif aksiyaları və layihələri həyata keçiriblər.
Azərbaycan  Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr  tarixli  3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədi ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 06 mart 2019-cu il tarixli 28 nömrəli sərəncamına əsasən  rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi barədə tədbirlər planı hazırlanmış, könüllülərlə iş üzrə koordinator təyin edilmiş və gənc könüllülər fəaliyyətə başlamışlar. 2019-cu ilin aprel ayından Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə start verilib və 20 nəfər könüllü fəaliyyətini başa vuruaraq onlara sertifikatlar təqdim olunub. Hazırda 4 nəfər könüllü fəaliyyətini uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin yarandığı ilk gündən etibarən İsmayıllıda  Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ilə birgə bir sıra aksiyalar həyata keçirilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan karantin rejimi dövründə könüllülər 65 yaşdan yuxarı tənha şəxslərə zəruri sosial xidmətlərin göstərilməsində səfərbərlik nümayiş etdiriblər. AKƏM-in başlatdığı “Könüllü qonşu” aksiyası çərçivəsində İsmayıllı könüllüləri karantin rejimi ilə əlaqədar evdən çölə çıxa bilməyən yaşlılar, xəstələr və fiziki məhdudiyyəti olan insanların ərzaq və ya dərman almaq, gündəlik məişət tullantılarının atılması kimi zəruri işlərinin görülməsini təmin edərək  23-dən çox ailənin yaxın dostuna çevrilməyi bacarıblar.
Rayon könüllüləri ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər çərçivəsində rayon ərazisində insanların çox istifadə etdikləri bankomatları və onlayın ödəmə terminallarının dezinfeksiyasını həyata keçiriblər.
Daha sonra gənc könüllülər “Böyüklərimizi qoruyaq” aksiyasına qoşularaq İsmayıllıda koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan 4000 ailəyə ərzaq yardımın paylanılmasında yaxından iştirak ediblər.
190 manat birdəfəlik yardımın verilməsi ilə bağlı Məşğulluq Mərkəzində qeydiyyata durmaq üçün zəng edən vətəndaşların qeydiyyatını ediblər və AKƏM-in başlatdığı “Könüllü donor” aksiyasına qoşularaq talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan veriblər.
Hal-hazırda Azərbaycan Könüllərinin Əlaqələndirmə Mərkəzinin başlatmış olduğu “Bir-birimizi qoruyaq” aksiyasına qoşulan İsmayıllı könüllüləri aksiya  çərçivəsində rayon ərazisində insanların kütləvilik təşkil etdiyi ərazilərdə: bankların və marketlərin önündə, bazarda və poçt məntəqəsində insanlar arasında sosial izolyasıya tədbirlərinin vacibliyini bir daha əhalinin diqqətinə çatdırırlar.

Namiq Kərimov

Şərh Yaz