Hər kim yüz il yaşamasa…

Heç kim və heç nə yaddan çıxmır

 

Mart ayının ilk günləri idi. Sumqayıtdakı “Şəki” restoranında Böyük Vətən müharibəsinin iştirakçısı Müsənnif Əhmədovun anadan olmasının 100 illiyi münasibətilə övladları və digər qohumları böyük bir ziyafət təşkil etmişdilər. Bu ziyafətə qohum-əqrəba ilə birlikdə İsmayıllı və Sumqayıt şəhərlərinin ziyalıları, ictimai təşkilatların nümayəndələri, müharibə və əmək veteranları da dəvət olunmuşdular. Hamı sevinc içərisində idi.

Adəti üzrə məclisi aparıcı açdı. O, dedi:

– Əziz dostlar, bu gün biz buraya müharibə veteranı Müsənnif babanın anadan olmasının 100 illiyi münasibətilə toplaşmışıq. Müsənnif Ruhulla oğlu Əhmədov 1920-ci il mart ayının 1-də İsmayıllı rayonunun Həftəso kəndində anadan olmuşdur. Müharibəyə gedəndə onun 19 yaşı var idi. 1939-cu ildə o, Finlandiya müharibəsində, 1941-ci ildə isə almanlarla müharibədə iştirak etmişdir. Onun döyüş yolu demək olar ki, bütün cəbhələrdən keçmişdir. Smolensk, Kiyev, Kalininqrad, Odessa, Oryol və digər qaynar döyüş cəbhələri onun qanlı səngərləri olmuşdur. Amma bu cəsur döyüşçü həmişə ön xəttdə olmuş, qəhrəmanlıq nümunəsi göstərmişdir.

Sonra söz müharibə və əmək veteranlarından Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürova verilmişdir. Sovet müəllim öz çıxışında yubilyar veteranın şanlı həyat yolundan danışmış, Azərbaycan Respublikası Müharibə Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İsmayıllı rayon bölməsinin sədri, polkovnik Əlaləm Babayevin adından Fəxri fərman və mükafatı Müsənnif Əhmədova təqdim etmişdir. Salonu alqış sədaları bürümüşdür.

Növbəti dəfə söz İsmayıllı rayonundakı Qoşakənd ərazi idarəetmə nümayəndəsi Fəxrəddin Əkbərova verilmişdir. O, yubilyarın müharibədən sonrakı illərdə rayonun Ağbulaq kəndində yaşamasından, kolzozda, sovxosda, ticarət, iaşə və s. sahələrdə çalışmasından, yeniyetmə və gənclər arasında apardığı maarifləndirmə və vətənpərvərlik işlərindən ağızdolusu danışdı. Axırda nümayəndəlik adından ona bir daha minnətdarlıq edərək ən xoş arzularını bildirdi. Yenə mikrafonda aparıcının səsi eşidildi:

– Bilirsiniz ki, bu gün ölkəmizdə Silahlı Qüvvələr etibarlı əllərdədir. Bu Qüvvələrə Ali Baş Komandan İlham Əliyev başçılıq edir. Cənab İlham Əliyev Ordumuza, Böyük Vətən müharibəsi iştirakçılarına həmişə böyük qayğı və diqqət göstərir. Elə buna görədir ki, istər əsgərlərimiz, istərsə də keçmiş döyüşçülərimiz həmişə onun qayğısından ilham alır, ölkəmizdə əmin-amanlığın qorunmasında mətin və mübariz dayanırlar.

Yubilyarın 100 illik ziyafətində ürəkdən çıxış edən oğlu Nail Əhmədov, şair-publisist, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu, “İnsan və təbiət” qəzeti baş redaktorunun əvəzi, əməkdar jurnalist İldırım Dəmirli, yubilyarın yaxın qohumları Nurəddin Şahalıyev, Qəhrəman Babayev və başqaları da Müsənnif Əhmədovun keçdiyi həyat yolundan fəxrlə danışmış, onun Vətənə və el-obaya olan hörmət və ehtiramını əyani faktlarla izah etmiş, bu böyük cəbhə və əmək fədaisinə ən xoş arzularını bildirmişlər.

Axırda söz yenə aparıcının dilindən eşidilmişdir:

– Biz fəxr edirik ki, bu gün bu ziyafətdə 100 yaşlı bir mahir döyüşçünün – Müsənnif Ruhulla oğlu Əhmədovun bu böyük yubiley bayramında iştirak etdirik. 100 il… Bu, nə böyük ömürdür?! Bu nə böyük şərəfdir?! Döyüş qəhrəmanımız Müsənnif Əhmədov bu 100 ildə nələr görmüş, nələr etmiş, nələrə nail olmuşdur?! O, bu 100 illik ömrü kişi kimi yaşamışdır. Xalq şairi Osman Sarıvəlli belələri haqqında necə də gözəl demişdir:

Səksənində alma əsa,

Doxsanında batma yasa,

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir.

İldırım DƏMİRLİ,

Əməkdar jurnalist

 

Şərh Yaz