YENİ ŞEİRLƏR

Heç

 

Yaxşını yamanından, düzü əyridən,

Mərdləri namərddən ayırmasan, heç.

Yollar haçalanıb, itsə cığırlar,

Allahı köməyə çağırmasan, heç.

 

Ağac bar verməsə, çəmənlər çiçək,

Gül üstə qonmasa xallı kəpənək.

Sevgiylə alışıb yanmasa ürək,

Hicranla qəlbini yoğurmasan, heç.

 

Dostlar qaçaq düşər çətin günündə,

Qohum-qardaş durar dərdin önündə.

Düşməni məhv edib günün birində,

Külünü göylərə sovurmasan, heç.

 

Tale yazan tanrı ağ-qara yazır,

Bəzən daşa yazır, divara yazır.

Dərd verir yanında həm çarə yazır,

Qəlbində ümidlər doğurmasan, heç.

 

Xoşbəxt yurdumuz var, azad elimiz.

Gül açır budaqda qönçə gülümüz.

Yerdə ayağımız, göydə əlimiz,

Cahanı ağlınla doyurmasan, heç.

 

Doldursan köksünə çölü-çəməni,

Torpaq çiçək kimi bitirər səni.

Basmasan bağrına yurdu, Vətəni,

Eşqini ürəkdə qovurmasan, heç.

Murad Məhərrəmov

 

Yadımdan çıxıb

 

Alam, gətirəm qələm, dəftər yadımdan çıxıb,

Yazam, qoymayam qala,qəhər yadımdan çıxıb.

 

Xoş keçən günlər haqda xatırlamıram heç nə,

Gözlərimlə açdığım səhər yadımdan çıxıb.

 

Hər ağrayanda əli qoymuşam sinəm üstə,

Ürəyi sağaltmışam, ciyər yadımdan çıxıb.

 

Sökdürməli olmuşam hasarı yol içindən,

Elə bilir, o hasar, çəpər yadımdan çıxıb.

 

Saxlamışam yadımda, xeyri unutmamışam,

Kim deyir, mənə dəyən zərər yadımdan çıxıb?

 

Deyə bilməyirəm ki, bircə dəfə olsa da,

Yoxdur dərddən əlamət, əsər yadımdan çıxıb.

 

Yazmamışam Tamam Nur, alıb kağız, dəftərə,

Xəbər kimi olmayıb, xəbər yadımdan çıxıb.

Tamam Nur Tağlabiyanlı

 

Şərh Yaz