Dövlət Aqrar İnkişaf Mərkəzində hesabat yığıncağı keçirilib

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində 2019-cu ildə aqrar sahədə görülmüş işlərin yekununa həsr olunmuş hesabat yığıncağı keçirilib. Mərkəzin direktor müavini Qinyaz Əkbərov hesabat məruzəsi ilə çıxış edib. 2019-cu ildə aqrar sahədə qazanılmış uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Rayonun ümumi əkin sahəsinin 85 faizdən çoxunu təşkil edən taxılçılıqda qazanılan uğurlar qeud olunub.

Əvvəlki illə müqayisədə 3394.2 ton çox məhsul istehsal olunduğu vurğulanıb. 2020-ci ildə aqrar sahədə qarşıda duran vəzifə və problemlər müzakirə olunub.

Heyvandarlıq sektorunun müdiri Elsevər Əzizov, bitkiçilik sektorunun müdiri Paşa Məmmədov, Baytarlıq İdarəsinin rəis əvəzi Mahir Bayramov görülən işlərdən danışıblar.

Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması, eləcə də ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasında fermerlərə göstərilən dəstəkdən söz açıb.

İsmayıllı RİH başçısı aparatının məsul nümayəndəsi Şahin Hüseynov aqrar sahədəki problemləri xüsusi vurğulayıb və qarşıda duran vəzifələr barədə çıxış edib.
O, aqrar sahənin rayonun ümumi daxili məhsulunda xüsusi yer tutduğunu, həmçinin əhalinin məşğulluğunda mühüm əhəmiyyət daşıdığını vurğulayaraq rayonda kooperasiyaların yaradılmasının, aqrar sığortanın inkişafının, aqrar sahədə müəssisələrin yaradılmasının vacibliyini qeyd edib. 2020-ci ildə daha yüksək nailiyyətlərə çatmaq üçün innovativ metodların, mütərəqqi texnologiyaların, elmin yeni nailiyyətlərinin kənd təsərrüfatına tətbiqinin zəruri olduğunu bildirib.
2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalının bütün növləri üzrə əvvəlki illə müqayisədə daha yüksək nəticələr qazanıldığı və 2020-ci ildə qarşıda duran məsələlərin həlli üçün bütün imkanlardan istifadə olunacağı qeyd olunub.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz