“Gözlər yoldan yığılarmı…” kitabının təqdimatı

Əkbərov Xəqani Eyvaz oğlu 25 yanvar 1968-ci ildə İsmayıllı rayonunun Gəraybəyli kəndində anadan olub.

1975-1985-ci illərdə Gəraybəyli kənd orta mətəbindətəhsil aldıqdan  sonra “Rusiya“ sovxozunda inşaat briqadasında fəhlə işləyib. 1986-1988-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində Yusif Qasımov adına maşınqayırma zavodunda işləməyə başlayıb və işləyə-işləyə Neft Akademiyasının axşam şöbəsinin neft-mexanika fakültəsinə qəbul olunub.

İnstitutun 3-cü kursunda oxuyarkən, 1993-cü ilin oktyabrında könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmək üçün Sabunçu Rayon Hərbi Komissarlığına ərizə ilə  müraciət edir və Sabunçu batalyonunun kəşfiyyatçı bölməsinə yazılıb. 2 aylıq hərbi təlimdən sonra Ağdam rayonunun Güllücə kəndində olan 190 nömrəli hərbi hissədə xidmətə başlayıb.

Ağdam rayonunun bir çox kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin dekabr ayının 25-də  Bəyəhmədli kəndi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib, 3 gün sonra, dekabr ayının 28-də itkin düşüb.
O vaxtdan 26 il keçməsinə baxmayaraq, X.Əkbərov haqqında hələ də heç bir dəqiq  məlumat əldə olunmayıb. “Xatirə kitabı” redaksiyasının yaradıcı heyyəti tərəfindən 25 illik ömür yolundan bəhs edən “Gözlər yoldan yığılarmı…” kitabı çapdan çıxıb. 2019-cu ilin sentyabr ayının 27-də Bakıda Əl oyunları sarayında Mətbuat Şurasının təşkilatçılığı ilə  kitabın təqdimat mərasimi keçirilib.
Yanvar ayının 25-də, şəhidin doğum günündə anadan olduğu kəndin yenicə istifadəyə verilmiş tam orta məktəbinin akt zalında  “Xatirə kitabı” redaksiyasının əməkdaşları, eyni zamanda kitabın müəllifi yazıçı, şair-publisist Nəzirməmməd Zöhrablı və rayon ziyalılarının iştiraki ilə növbəti təqdimat və anım mərasimi keçirilib.

Elnarə Poladova

 

Şərh Yaz