İsmayıllı: Elin gözü, elin sözü zirvələrdən soraq verir

Yüksək mənəvi keyfiyyətlərə arxalanıb enişlərdən zirvələrə inamlı yol keçənlər və o zirvələrdən elinin, obasının bugünkü firavanlığı ilə qürrələnənlər, daha firavan sabahını gözləri qarşısında canlandıranlar hamının sevimlisi olur, böyük inam qazanıb, güclü nüfuz sahibinə çevrilirlər. Qocaman Qafqazın əzəmətindən güc alan, sinəsində əsrlərin tarixini yaşadan, Cavanşir yurdu kimi ürəklərdə yaşayan, Azərbaycanın mirvarisi adlandırılan İsmayıllıya hər dəfə yolumu salanda, onun bir-birindən yaraşıqlı ünvanlarına baş çəkəndə, daha bir yeni inkişafın, ürəkləri riqqətə gətirən daha bir gözəlliyin şahidinə çevriləndə və bütün bunlar üçün gecəsi gündüzü olmayan, öz işindən, gücündən, adamlarla xoş ünsiyyətindən, bir də dövlətə, dövlətçiliyə sədaqətindən ləzzət ala-ala özündə yüksək mənəvi güc tapan rayon rəhbərinin fəaliyyətində və bu fəaliyyətin yaratdığı böyük əmək coşqunluğunda da bunları aydın görürük. El arasında olub, elin söz-söhbət boxçasını açanda bunu bir daha yəqinləşdirdik.

 

Güclü iqtisadiyyat bolluq və firavanlıqdır

 

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun burada fəaliyyətə başladığı ilk günlərdə keçirdiyi ümumrayon müşavirəsində hamıdan tapşırılan işə vicdanının səsi, ürəyinin hərarəti, qolunun qüvvəsi ilə yanaşmasını tələb etməsinin ötən illərdə nə kimi nəticələr verdiyini müqayisə edəndə İsmayıllıda enişdən zirvəyə doğru inamlı yol başlandığını aydın görürük. Hələ sovetlər birliyi vaxtından aqrar rayon kimi respublikada öncüllər sırasında gedən İsmayıllı müstəqillik illərinin əvvəllərində bir qədər ləngimələr olsa da son altı-yeddi ildə yenə əvvəlki şöhrətini qaytarmaq üçün inamlı addımlar atıb. Taxılçılar 2014-cü ildə cəmi 83 min 620 ton məhsul əldə etmişlərsə, 2019-cu ildə bu göstəricini 106 min 505 tona çatdırmışlar. Hər hektardan məhsuldarlığı 6,9 sentner artırılmışdır.  Qarğıdalının hektardan məhsuldarlığı 2014-cü ildəkinə nisbətən 72,4 sentner çoxalmışdır. Keçən il rayonda 9 min tona yaxın cəmi tərəvəz məhsulları əldə olunub ki, bu da 2014-cü ildəkindən xeyli çoxdur. Üzümlüklərin ümumi hektarının 2014-cü ildəki 931-dən 2019-da 1123,1-ə çatdırılması, beş il bundan əvvəlkinə nisbətən ötən il 1645 ton çox məhsul əldə olunması faktı da inkişafın bariz nümunəsidir. İsmayıllının ənənəvi kənd təsərrüfatı sahələrindən olan meyvəçilikdə də qazanılan uğurlar ürəkaçandır. Bir faktı qeyd edək ki, hazırda rayonda 3669,6 hektar meyvə bağı var ki, onun da 851 hektarını barverən bağlar təşkil edir. İsmayıllının kənd təsərrüfatı əməkçiləri, bu sahəyə maraqlı olan fermerlər fınıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına da qayğını artırmışlar. Bu gün rayonda mövcud olan 2091 hektar fındıq bağlarının 87 hektarı bar verən bağlardır. Bu il İsmayıllı kümdarlar da bol məhsul istehsalına nail olmuşlar. Son dörd ildə rayonda tütünçülüyün inkişafında da böyük dönüş yaranmışdır. Heyvandarlıq da dinamik inkişafdadır.
2019-cu ildə rayonda 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmişdir. Onların biri kartof, 6-sı isə taxıl toxumçuluğu üzrə ixtisaslaşmış təsərrüfatlardır.
Bir sözlə, iqtisadiyyatın gücləndirilməsi üçün el gücü sel gücünə çevrilmiş rayonun rəhbər qurumları tərəfindən verilən məqsədyönlü istiqamət bolluğun, firavanlığın təmin olunmasına, ismayıllıların sosial həyat tərzinin daha da yaxşılaşdırılmasına sanballı təkan olmuşdur.

 

İsmayıllı hər gün abadlaşır, hər gün gözəlləşir

Bəli, təknəsi bol çörəkli, ruzi-bərəkətli olan İsmayıllı sakinləri tikib qurmağa, abadlıq yaradıb gözəlliyi artırmağa, Azərbaycanın mirvarisinin, bütün elin gözündə əsil gözəllik ünvanına çevrilməsinə də xüsusi önəm verirlər. Yaşlı nəslin nümayəndələri o illərin İsmayıllısını gənclərə tez-tez xatırladıb deyirlər ki, o vaxt rayon mərkəzinin yalnız bir küçəsi asfalt örtüklü idi və bu gün küçələr boyu görünən daş hasarların yerini kol vurulmuş çəpərlər tuturdu. İndi isə tamam başqa aləmdir. Bu gün İsmayıllı böyük tikinti, abadlıq meydançasını xatırladır. Burada inşa olunan obyektlərin böyük əksəriyyəti əhalinin xidmətinə verilən sosial obyektlərdir. Ötən il İsmayıllı şəhəri ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Vahab Osmanov küçəsində 100 yerlik uşaq bağçasının, şəhər ərazisində istismar müddətini başa çatdırmış, çoxmənzilli yaşayış binalarında yaşayan sakinləri yeni mənzillərlə təmin etmək üçün X.Natəvan küçəsində 48 mənzilli yaşayış binasının, şəhərin Heydər Əliyev prospektində “Azərxalça” ASC-nin ikinci xalça istehsalı müəssisəsinin tikintisi, İvanovka qəsəbəsindəki Mədəniyyət sarayında əsaslı təmir işləri başa çatdırılmışdır. Rayonun ərazisində digər sosial obyektlərin o cümlədən əsaslı və modul tipli məktəblərin, kiçik və orta istehsalat müəssisələrinin inşasına başlanmış, İvanovka qəsəbəsində toxum emalı zavodunun, Girdiman çayı yatağında xırda buynuzlu heyvanların çimizdirilməsi üçün xüsusi qurğunun tikinti işlərinə başlanmışdır. Şəhərdaxili küçələr abadlaşdırılmış yollara asfalt örtük vurulmuş, bəzi ictimai yaşayış binalarında təmir işləri aparılmışdır. Yol tikintisi sahəsində də görülən işlər ürəkaçandır. Rayonun yol çəkənləri ən ucqar yaşayış məntəqələrinə gedən yolları da qaydaya salırlar.
Rayonda xüsusi qayğıya ehtiyacı olan ailələrə və uşaqlara diqqət, hər tərəfli dəstək və bunun üçün lazımi şərait yaratmaq da daim diqqət mərkəzindədir. Uşaq və Ailələrə Dəstək Mərkəzinin rayondakı müvafiq qurumu ilə birgə fəaliyyət sayəsində bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin qurum üçün hazırda yüksək keyfiyyətlə inşa olunan bina bunun bariz nümunəsidir. Yaxın vaxtlarda bu obyekt də istifadəyə veriləcəkdir.  Rayonda əhalinin təbii qazdan və elektrik enerjisindən fasiləsiz və lazımi səviyyədə istifadəsinə də qayğı ön planda saxlanılır. Son illərdə Qalaçıq, Soltankənd, Qalagah, Zeyvə kəndlərinə qaz çəkilişi başa çatdırılmış, bir neçə yaşayış məntəqəsinə çəkiləcək qaz xətlərinin marşrutları razılaşdırılmışdır.
Ötən ilin fevral ayının 5-də rayon ərazisində baş verən zəlzələdən zərər çəkənlər respublikanın müvafiq qurumları ilə yanaşı rayon rəhbərliyinin gündəlik nəzarət və qayğısından kənarda qalmamışlar. Adının çəkilməsini istəməyən bu cür zərər çəkmiş sakinlərdən biri bizimlə söhbətində vurğuladı ki, dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci vitse prezident Mehriban Əliyevanın yüksək diqqət və qayğısının işığı onlara böyük təkan oldu və bu işıqdan güc alan rayon rəhbərləri onları bir gün olsun qayğıdan kənar qoymadılar. Bütün bunların nəticəsində 66 yaşayış məntəqəsində indiyə kimi 86 yaşayış evi inşa olunmuş, 271 evdə  bərpa gücləndirmə, 440 evdə təmir  işləri görülmüşdür. Bu istiqamətdə işlər davam edir. Tənha və kimsəsizlərə, müharibə əlillərinə, şəhid ailələrinə qayğı daim gündəmdədir. Faktlar da bunu təsdiqləyir. Rayonda sosial xidmətə ehtiyacı olan 206 nəfər adam dövlətin onlara göstərdiyi qayğıdan razılıqla danışır, üzlərinə həmişə açıq olan ümid qapılarından daim inam və ümidlə ayrıldıqlarını söyləyirlər.
Respublikamızın ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində İsmayıllı rayonundan 149 nəfər şəhid, 145 nəfər isə öz sağlamlıqlarını itirərək əlil olmuş, 604 nəfər döyüşlərdə iştirak edərək birinci Qarabağ müharibəsi veteranı statusu almışdır. Qeyd edilən təbəqədən olan insanlar dövlətimiz tərəfindən yüksək qayğı və diqqətlə əhatə olunmuşdur. 2003-cü ildən bəri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə rayonumuzda bir 27 mənzilli, iki 36 mənzilli və bir 16 mənzilli binalar inşa edilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilmişdir. Bundan başqa 12 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələrinə isə fərdi mənzil tikilib, daha 10 nəfər üçün bu cür mənzil tikilib istifadəyə verilmək üzrədir. 31 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunmuşdur. Rayon rəhbərliyinin də gündəlik qayğısını daim hiss edirlk. şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə vaxtaşırı görüşlər keçirilir. 34 şəhid məzarının qəbirüstü abidəsi dəyişdirilərək qara mərmərlə yenisi ilə əvəz olunmuşdur. M.F.Axundov küçəsində yaşayan bir qrup Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin əvvəllər elektrik enerjisinə görə yaranmış borcları ödənilmişdir. Elə həmin binanın birinci mərtəbəsindəki 9 mənzil əsaslı surətdə təmir olunmuş binanın fasadı rənglənmişdir və binanın qazanxanası yenisi ilə əvəz edilmişdir. Binaların həyətlərində istirahət guşələri və mərasim evi tikilmişdir. H.Əliyev prospektində yerləşən 16 mənzilli bina istilik sistemi ilə təmin olunmuşdur. Ali məktəbə qəbul olan 1 nəfər I qrup Qarabağ əlilinin övladına, 4 şəhid övladına təhsil aldığı müddətdə hər birinə hər ay 100 manat təqaüd ayrılmışdır.

 

Təhsil İsmayıllının brendidir

İsmayıllıda təhsilin inkişafına elin gözü, elin sözü ilə nəzər salanda çoxda uzaqda olmayan zirvələrdən xoş ovqatlı soraqlar gəlir və rayonda bu günümüzə, gələcəyimizə nə qədər yüksək qayğı olduğunu görürük. Respublikanın Əməkdar müəllimi, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov söhbətinə yuxarıdakı fikirlərlə başlayıb, sonra bir neçə konkret misallarla son altı ilin uğurlarının təhlilini verdi:
– Təhsildə qazandıqları ən yüksək nəticələrə görə 2013-2019-cu illərdə rayonumuzun ümum təhsil məktəblərinin 16 məzunu qızıl, 4 məzunu gümüş medallarla təltif edilmişdir. 2013-cü ildə rayonumuzdan ali məktəblərə 291 nəfər qəbul olunmuşdur. 2018-ci ildə bu göstərici 336-ya, 2019-cu ildə isə 384-ə çatmışdır. 2018-ci ilin nəticələrinə görə İsmayıllı rayonu respublikanın kənd rayonları arasında ikinci olmuşdur. 2013-2018-ci illərdə rayonda 2380 şagird yerlik 15 yeni məktəb binası inşa olunmuşdur.
Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılmışdır. Keçən müddət ərzində Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayon ümumtəhsil məktəblərinin 15 nəfər qabaqcıl müəlliminə Əməkdar müəllim fəxri adı verilmiş, 10 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Respublika Təhsil Nazirliyi tərəfindən 40 nəfərdən çox müəllimə “Qabaqcıl təhsil işçisi”  döş nişanı verilmişdir.  22 məktəb “Ən yaxşı ümumtəhsil müəssisəsi”, 26 müəllim “Ən yaxşı müəllim” adına layiq görülmüşdür.

Rayon məktəblərinin beynəlxalq əlaqələri də genişlənmişdir

Rayonumuzla Yaponiyanın İto şəhəri arasında bağlanmış dostluq müqaviləsi çərçivəsində hər il məktəblərin dostluq səfərləri təşkil edilir. Məktəblilər Gündoğan ölkə ilə yaxından tanış olmaqla “İto yay festivalı”nda iştirak etmişlər. Yaponiyalı qonaqlarda rayonumuza səfər etmiş, rayonumuzla yaxından tanış olmuş və ölkələrinə xoş təssüratlarla qayıtmışlar. Şəhər 1 nömrəli tam orta məktəbində distant təhsil formasında şagirdlərə yapon dilinin öyrədilməsi təşkil edilmişdir.
Dünyanın 41 ölkəsinin qatıldığı e-Twninq layihəsi çərçivəsində beynəlxalq müsabiqədə Respublikamızın 6 məktəbi o cümlədən İsmayıllı rayonunun 2 məktəbi müsabiqənin qalibi olmuşdur. Bu müsabiqədə qalib gəlimiş, şəhər 1 və 5 nömrəli tam orta məktəbləri Avropa məktəbi adına layiq görülmüşlər.
Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi İsrayılzadə Şamxal Abil oğlu ABŞ-ın San-Dieqo Dövlət Universiteti, STEM Qlobal Koryera İnstitutu, STEM Akademiyasının birgə keçirdiyi beynəlxalq “Wornshop” konfransında ingilis dilində keçirilən yarışda qaliblər sırasında yer almışdır.

 

Gəncliyə qayğı, gələcəyə qayğıdır

İsmayıllıda bu günümüzün aparıcı qüvvəsi, gələcəyimizin etibarlı dayağı sayılan gəncliyə qayğı  daim gündəmdədir. Onların hər bir təşəbbüsünə, təşkilatçılığına, işgüzarlığına, qazandığı uğura həmişə xüsusi hörmət bəslənilir, yüksək dəyər verilir. Doxsanıncı illərdə həyatı taleyin ümidinə buraxılmış Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyev tərəfindən təşkilatlanmış, ölkəmizin sosial iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Bizimlə söhbətinə yuxarıdakı fikirlərlə başlayan rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov daha sonra aşağıdakıları söylədi:
– Azərbaycan gəncliyi üçün sevindirici haldır ki, ümummilli liderin gənclər siyasəti sahəsində başladığı işi cənab Prezident İlham Əliyev uğurla, dəyanətlə, yaradıcılıqla davam etdirir. Bakı Dövlət universitetinin 100 illik yubileyində ölkə rəhbərinin söylədiyi səfərbəredici nitq bir daha bu fikri təsdiq edir.
Gənclərin məşğulluğunun artırılması, işlə təmin olunması, peşələrə yiyələnməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə bir sıra səmərəli işlərin həyata keçirildiyini qeyd etmək istərdim. 2013-2014-cü illərdə ingilis dili və dizayner kursları təşkil olundu. Həmin kursların məzunları bir sıra sahələrdə bacarıqla çalışırlar. Hərbi xidmətdən qayıtmış peşə və ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” açıldı. Həmin məktəbin məzunları da müxtəlif təsərrüfat sahələrində aparıcı qüvvəyə çevrilə biliblər.
Rayon gənclər və idman idarəsinin fəaliyyətindən, gənclərimizin təhsildə, idmanda, intellektual və hərbi-idman oyunlarında, bilik yarışlarında qazandığı uğurlardan danışmaq yerinə düşər. Qeyd edim ki, “Ölkəmizi tanıyaq” tur-aksiya zamanı şagirdlərimiz 9 rayon arasında keçirilən bilik yarışında kuboka sahib çıxıb. “Əlaçı” teleyarışmasında 2 şagirdimiz birinci yeri tutub. Bu qələbələr “Təhsil İsmayıllının brendidir” fikrini yenidən təsdiq edir. Qaliblərin rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilməsi və mükafatlandırılması qazanılacaq yeni-yeni nailiyyətləri əsaslı surətdə stimullaşdırır. Rayon icra hakimiyyəti gənclərin, idmançıların uğurlarını həmişə diqqətdə saxlayır, təqdir edir və müxtəlif formada qiymətləndirir.
Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqində cənab Prezident İlham Əliyev demişdir:

– “Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi – bu sintez Azərbaycanda var… Gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər”.
Bu fikirləri bütün fəaliyyəti üçün əldə rəhbər tutan İsmayıllı gəncləri novatorluğu ənənələr üzərində qurur, yaşlı nəsildən öyrənir, öz yeni düşüncə tərzlərini, fəallıqlarını, yenilik həvəslərini yaşlı nəslin təcrübəsi ilə uzlaşdırırlar.

 

Qocalara hörmət dünənə, bu günə, sabaha ehtiramdır

 

İsmayıllıda bu hörmətin, ehtiramın dərin köklər üstündə olduğunu görəndə xalq şairi  Zəlimxan Yaqububun  “Yarpaqlar, budaqlar, köklər” şeirındəki fikirləri yadıma saldım. Yarpaqlar küləyə yalvarır ki, onları qoparıb uzaqlara aparmasın, budaqlar gövdələrə yalvarır ki, onu qurutmasın, köklər də torpağa dil açır ki, onu unutmasın. Görün sözlərin, fikirlərin hikmətini. Hər şey köklərə, köklərsə torpağa bağlıdır. Oradan qidalanıb budaqlanır, yarpaqlanır, bol bəhrəli olur ağaclar. Bax, qocalar da belədir. Aqillər yaxşı deyiblər ki, hər kəs qocalara hörmət etsə, öz qocalığını təmin etmiş olar. Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehovun bu barədə fikirləri də maraqlıdır:
– İlləri verib yaş qazanmışam. Uşaqlığımı da, gəncliyimi də yaxşı xatırlayıram.
Yaşım keçsə də, dövlət qarşısında qalan borcumu yerinə yetirməkdən ötrü mənim üçün lazımi şərait yaradıblar. Rayonun ictimai həyatının fəallarındanam. Rayon icra hakimiyyətinin fəaliyyəti gözlərim qarşısındadır. Hər şeyi yaxşı görürəm. Yerlərdə keçirilən qəbullarda, görüş-qəbullarda, mədəni, kütləvi tədbirlərdə, mərasimlərdə iştirak edirəm. Bir daha yəqin edirəm ki, İsmayıllıda mənəvi, saf sosial mühitin formalaşmasında, qanuna, ədalətə əsaslanan fəaliyyət insanlar tərəfindən rəğbətlə qarşılanır.
Müxtəlif vəzifələrdə çalışarkən lazımi səviyyədə xidmətləri olmuş insanlar bir zamanlar unudulmuşdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu unutqanlığa son qoyuldu. Cənab Prezident İlham Əliyevin rəhbərlik fəaliyyəti dövründə ölkədə neft kapitalı insan kapitalına çevrilib. İsmayıllı da bu sahədə dəyərli bir nümunədir. Elə bir tədbir, mərasim olmur ki, yaşlı nəslin nümayəndələri oraya dəvət olunmasın. Hərəkət imkanları məhdud olan əlillərin, veteranların, ağsaqqalların, ağbirçəklərin evlərinə həkimlərlə, gənclərin, icra orqanlarının nümayəndələri ilə gedilməsin. Bu gedişlər zamanı, təbii ki, mövcud problemlər də öz həllini tapır. Dünyasını dəyişmiş tanınmışların, sıravi müəllimlərin, əmək adamlarının anım və xatirə günlərinin, həyatda olanların yubileylərinin keçirilməsi rayon icra hakimiyyəti tərəfindən yaranan bir ənənədir. Vaxtilə Qalacıqda dünyaya gəlmiş ləzgi qızı Gülgəz Seyfullayeva bir müəllimlə ailə qurub və Lahıca köçüb. 1950-ci illərin başlanğıcında baş tutan bu köç qədim Lahıcı tam dağılmaqdan qoruyub. Gülgəz xanım xalçaçılıq peşəsini buradakı qızlara öyrətməklə. Bilavasitə icra hakimiyyəti başçısının təşəbbüsü ilə 2014-cü ildə G.Seyfullayevanın 95 illik yubileyi keçirilib. 2013-cü ildə yazıçı-publisist, yaradıcılığında Basqalın tarixini əks etdirən Miryavər Hüseynovun da 80 illik yubileyi respublika miqyaslı tədbirlərdə qeyd olunub. Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin, Elmlər Akademiyasının müxbir üzvü olmuş Maqsud Cavadovun, uzun illər nazirlər Sovetində işləmiş Rza İsmayılovun və başqalarının xatirə günləri, həyatı davam edən keçmiş aparıcı vəzifə sahiblərinin, müəllimlərin, təsərrüfat başçılarının, icra orqanlarında işləmiş insanların  yubileyləri keçirilib. Çoxsaylı kitab təqdimatları olub.
Yekun onu deyə bilərəm ki, İsmayıllıda insana qiymət, ona dəyər vermək çoxistiqamətli inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir.

 

***
İsmayıllının sosial-iqtisadi həyatına qısa nəzər saldıq və eşitdiklərimiz, gördüklərimiz barədə yekunda fikirlərimizi rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla bölüşdük. Rayonun rəhbəri iqtisadiyyatda, idarəetmə strukturlarında, kadrların seçilməsi, yerləşdirilməsi sahəsində ölkə Prezidenti  İlham Əliyev tərəfindən aparılan çox uğurlu islahatların artıq beynəlxalq arenada öz güclü sözünü deyən, əldə etdiyi böyük uğurları ilə tanınan və beləliklə də dünyanın aparıcı dövlətləri ilə bir cərgədə addımlayan Azərbaycanımızın daha firavan sabahından xəbər verdiyini bildirdi. Qeyd etdi ki, rayonun uğurları çox olsa da, dövlət başçısının qarşıya qoyduğu möhtəşəm vəzifələrin müqabilində yaxşı bilirik ki, biz hələ çox iş görməliyik. İstəyirik ki, adamlarımızın sosial həyatı indikindən də yaxşı olsun, İsmayıllının bütün yaşayış məntəqələri təbii qazdan istifadə etsin, sahibkarlıq fəaliyyətinə daha geniş meydan verilsin, istehsalatın, idarəetmənin bütün sahələrində gənclərə yaşıl işıq yandırılsın. Arzular, istəklər çoxdur. Ömrü-ömür kimi yaşamaqla ayların, illərin çətinliklərindən uğurla keçmək, zirvəyə çatmaq üçün daşlı-kəsəkli yollarda cəsarətlə, vüqarla addımlamaq lazımdır. Düzlərə əlvida deyə-deyə zirvələrə gedən ismayıllılar, orada daha çox arzuların olacağını da yaxşı bilir  və bunun üçün min bir pilləni də keçməli olduqlarından xəbərdardılar. Yolunuz nurlu, amallarımız çin olsun dedik. Söhbətimizə yekunda xalq şairi Zəlimxan Yaqubun aşağıdakı misralarını xatırladıq:

Duyğusuz, düşüncəsiz sinəyə yükdü ürək,
Sev
əndə, seviləndə dağdan böyükdü ürək.   

Rasim Amanov,

Respublika” qəzetinin bölgə müxbiri

Şərh Yaz