Yarışlar əməkdaşlıq kəsb edir

Yanvar ayının 16-da Bizlan kənd ümumi orta məktəbinin təşəbbüsü, Basqal qəsəbə tam orta məktəbinin, eləcə də İsmayıllı RTŞ Həmkarlar Komitəsinin təşkilatçılığı ilə R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin və ətraf kəndlərin dayaq məntəqəsi olan Basqal qəsəbə tam orta məktəbinin hər cür müasir şəraitə malik idman zalında Basqal, Xankənd, Sulut tam orta, Bizlan, Zeyvə və Mücü kənd ümumi orta məktəbinin müəllimləri arasında şahmat, şagirdləri arasında isə dama yarışları keçirilib.

Yarışlar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Yarışı giriş sözü ilə Basqal qəsəbə tam orta məktəbinin icraçı direktoru Yeganə Ağayeva açıb.
Tədbirdə iştirak edən İsmayıllı RTŞ-nin məsul əməkdaşları Şəfaqət Rəsulov və Hafiz Kərimov da çıxış edərək belə yarışların əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Bu maraqlı yarışda şahmat üzrə Mücü kənd ümumi orta məktəbinin direktoru Ağabala Zülfüqarov 1-ci, Basqal qəsəbə tam orta məktəbinin icraçı direktoru Yeganə Ağayeva 2-ci, Basqal məktəbinin təsərrüfat müdiri Tələt Mustafayev və ocaqçısı Anar Hüseynov isə 3-cü yeri tutublar.

Dama yarışında isə Zeyvə məktəbinin şagirdi Səbuhi Babaşov 1-ci, Basqal məktəbinin şagirdi Nurlan İsmayılov  2-ci, Bizlan məktəbinin şagirdi Tural Eyvazov 3-cü yeri tutub.

Qaliblər həm Basqal məktəbinin rəhbərliyi, həm də İsmayıllı RTŞ-nin həmkarlar təşkilatı tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Kamran Məlikzadə,

Basqal qəsəbə tam orta məktəbinin müəllimi

 

Şərh Yaz