Sadə, zəhmətkeş eloğlumuz

Haqqında söhbət açacağım şəxs – Eyvaz Həmzəyev həyatının 78 ilini elə bu günlərdə başa çatdırıb. 1942-ci ilin yanvar ayının 25-də İsmayıllı rayonunun Şəbiyan kəndində zəhmətkeş kolxozçu ailəsində anadan olub. Kənddəki 7-illik məktəbi bitirdikdən sonra 7-8 kilometr aralıda olan Tircan kənd orta məktəbində təhsilini davam etdirib.

3 il müddətində bir gün belə dərsdən qalmayan məktəbli Eyvaz qarlı-şaxtalı, yağışlı günlərdə təhsilə sərf etdiyi vaxtı dəyərləndirərək orta təhsilini başa çatdıran kimi, 1960-cı ildə sənədlərini Şamaxı Zoobaytarlıq Texnikumuna verir. İmtahanların hamısından əla qiymət alır və 3-illik təhsili fərqlənmə diplomu ilə bitirdikdən sonra  bir neçə ay o vaxtkı Əli Bayramov adına kolxozda baytar texniki kimi çalışır. Hərbi xidmətə çağırış onu işdən, ev-eşikdən ayırır. İki illik hərbi xidmətinin 18 ayını SSRİ ərazisində, 6 ayını isə Kuba Respublikasında başa çatdırır.

1966-cı ildə hərbi hissədən tərxis olunan gənc E.Həmzəyev  Təzəkənd kəndindəki Cavanşir adına kolxozda 3 il baytar texniki vəzifəsində çalışır. Burada bacarıqlı mütəxəssis kimi tanındığından Tircandakı fermada yaranmış problemlərin həlli üçün bu təsərrüfatda çalışması məsləhət görülür. 1970-1975-ci illərdə isə Rayon Heyvan Xəstəlikləri ilə Mübarizə Stansiyasında baytar-texniki vəzifəsində çalışıb.

Arxada qalan gərgin zəhmət illəri ərzində yaxşı işləmək, işlədiyi sahədə özünü tanıtmaqla bərabər gənc baytarı daha çox ali təhsil almaq, ixtisasa dərindən sahib olmaq haqqında düşünürdü.

E.Həmzəyev haqqında yazacağım yazı üçün etdiyim qeydlərə özünün dediklərini əlavə edirəm:

– Ali təhsil almaq məqsədi ilə sənədlərimi hazırladım. SSRİ ərazisində baytarlıq  sahəsində ən nüfuzlu təhsil ocağı olan Kazan Dövlət Baytarlıq İnstitutuna daxil olmaq üçün ərizə verdim. Qaydalara görə texnikumu fərqlənmə ilə bitirdiyim üçün burada bir imtahan verib əla qiymət alacağım halda digər imtahanları verməyəcəkdim. Biologiyadan imtahanda “4” qiymət aldım. Digər fənlərdən – kimya, fizika və ədəbiyyatdan da imtahan verərək 1974-cü ildə istehsalatdan ayrılmamaqla tələbə adını qazandım.

1980-ci ildə ali təhsilli mütəxəssis kimi rayondakı “Oktyabr” kolxozunda  “İri buynuzlu mal-qara arasında yayılmış brusellyoz xəstəliyində “Ştamp № 82 vaksininin tətbiqi ilə sağaldılması” mövzusunda diplom işini müdafiə etdim. 1975-1980-ci illərdə rayonun baş epizootik baytarı olmuşam. 1980-ci ildə  Rayon İstehsalat Aqrar Birliyinin baş baytar həkimi vəzifəsində çalışmışam.

İşləyən hər kəsin kənardan izlənməsi heç də sirr deyil. 1983-cü ildə  Əli Bayramov adına sovxoza direktor təyin olunmağımı işimə verilən qiymət kimi qəbul etdim. Bu vəzifədə iki il çalışdım. 1985-ci ilin yazında İsmayıllıdakı Rayonlararası Konstruktor-Texnoloji və Təcrübə-Eksperimental Müəssisəsinin şöbə müdiri vəzifəsinə irəli çəkildim. Burada bir il işlədikdən sonra rayondakı Quşçuluq fabrikinə baş həkim vəzifəsində əmək fəaliyyətimi davam etdirdim. 1997-ci ilin yanvar ayında Respublika Dövlət Baytarlıq Təchizatı Birliyinin İsmayıllı rayonu üzrə baytarlıq əczaxanasının müdiri vəzifəsinə təyin olundum. Bu vəzifəni 2000-ci ilə kimi daşıdım. O vaxtdan kiçik sahibkar kimi, fərdi baytarlıq aptekimdə fəaliyyət göstərməkdəyəm.

Ərzaq bolluğu və təhlükəsizliyi sahəsində fəaliyyətim olduğundan özümü xeyli rahat hiss edirəm. Qazandığım nəzəri bilikləri və böyük təcrübəni əmək fəaliyyətində olduğum 56 il ərzində böyük səxavətlə xərcləmişəm. İşlədiyim idarə və müəssisələrdə, ümumi və fərdi təsərrüfatlarda bəslənən heyvanların, quşların, arı ailələrinin sağlam və məhsuldar olması üçün çəkdiyim zəhmətdən zövq almışam. Bu illər ərzində aldığım məvacibin, süfrəmə qoyulan çörəyin halallığı ilə qürur duymuşam.

Yola saldığımız ildə ailə qurmağımın 50 ili tamam oldu. Həyatımdan, taleyimdən razı adamam. 4 oğul, bir qız böyütmüşəm. 15 nəvənin babasıyam. Uşaqlarımdan 4-ü ali təhsillidir. Bir oğlum fəhləliyə üstünlük verib.

Oxuduqlarınız sadə, zəhmətkeş bir eloğlumuzun keçdiyi ömür yolunun qısa xronikasıdır. Payıma düşən isə Eyvaz Həmzəyev ilə söhbəti yadda saxlayıb qələmə almaq oldu.

Hacıməmməd Məmmədov

Şərh Yaz