Dövlət qayğısına görə minnətdarlıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  dekabr ayının 25-də rayonun Talış kəndində sakinlərlə görüş-qəbul keçirib.  Görüş-qəbul kəndin ümumi orta məktəbində baş tutub. Yeri gəlmişkən qeyd edək ki, 80 şagird yerlik məktəbdə hazırda 91 şagird təhsil alır. Bu sıxlıq digər tərəfdən sevindirici haldır. Çünki kənddə artım, inkişaf var.

Görüşdə gedən danışıqlardan bəlli oldu ki, ərazidə əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Son iki ildə burada 8 hektar sahədə fındıq bağı salınıb. 1,5 hektar sahədə isə tut tingləri əkilib. Təsərrüfatın bu sahələri ilə məşğulluq göstərir ki, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün yollar axtarmaqdadırlar.

Görüş qəbulda çıxış edənlər yaşayış məntəqəsində sosial infrastrukturun səviyyəsindən razılıq etdilər. Ərazi üçün yeganə problemin içməli su çatışmazlığı olduğunu bildirdilər.

RİH başçısı M.Sadıqov əhali arasında məşğulluq səviyyəsini yüksəltmək, mümkün imkanlardan istifadə edərək, yeni iş yerləri açılması məsələsində gənclərə tövsiyələrini verdi. Qarşıdan gələn bayramlar münasibəti ilə tədbir iştirakçılarının timsalında ərazidə yaşayanlara xoş arzularını çatdırdı.

Kənd sakinləri səmimi və müntəzəm görüşlərin keçirilməsi, göstərilən dövlət qayğısına görə minnətdarlıq ifadə etdilər.

Ş.Soltanov

Şərh Yaz