Yaddas kitabcasi

Yaddaşlarda yaşayan qəhrəman

Böyük Vətən Müharibəsi qəhrəmanı, əslən basqallı Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir insanlarda xoş ovqat yaratdı.

Müharibə haqqında düşünürəm. Daha doğrusu, müharibə və əlahəzrət zaman haqqında. Hələ də ruhumuzda gəzdirdiyimiz müharibə ağrısının zamanlaşan, ədəbi fakta çevriləcək ünvan və zamanına şahid olacağımı güman edirəm. Böyük Vətən müharibəsinin izlərini bədənlərinin müxtəlif əzalarında gəzdirən insanların müharibədən sonrakı yaşamı, ruhi gərginlikləri mövzunu hər zaman diri saxlamağa imkan verir. Həmin savaşın içində olan insanların bir qismi şəhid oldu, bir qismi əsir düşdü, bir qismi də sağ olsalar belə, daxilən sevinməyə, həyatdan zövq almağa qadir olmadılar. Çünki onların yaddaş hücrələrində, ruhi dərinliklərində müharibənin qranat oskolları kimi qorxulu qalığı dolaşmaqdaydı…

Bu qorxu onların sabaha aparan yolla aralarına əbədi sədd çəkdi. İndi o illərdən bizi uzun zaman ayırır. Belə mürəkkəb, ziddiyyətli dövrün bəzi sonucları haqqında illər sonra bəhs etmək yazardan böyük həssaslıq tələb edir. Müharibənin aparıldığı məkanlarda, ümumiyyətlə müharibədə olmayan, taleyindən bu ağrını keçirməyən şəxsin müharibə mövzusunda əsər yazması çətindən çətindir. Qələm sahibinin beynindəki yaddaş lövhələri dil açıb danışmadıqca, yazdıqları süni təsvirdən, deklamasiyadan, sxematik yanaşmadan o yana getmir…

Nə isə… Mövzudan yayınmayım. 21 dekabr 2019-cu ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində şəhid Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində Böyük Vətən Müharibəsi qəhrəmanı, əslən basqallı olan siyasi rəhbər Kamal Ağarəzixan oğlu Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Qəhrəmanın hünəri – Vətən qəhrəmanlarını unutmur” adlı tədbir keçirildi.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü və Basqal qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə hazırlanmışdı. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov, İsmayıllı Rayon Təhsil Şöbəsinin Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, qəsəbədəki idarə, müəssisə və təşkilatların əməkdaşları, Bakı və digər şəhərlərdə yaşayan, əslən Basqaldan olan ziyalılar, iş adamları, hərbçilər dəvətli idilər. Həmçinin burada qonşu kəndlərin icra və məktəb nümayəndələri, qəsəbə sakinləri iştirak edirdilər.

Tədbirin əvvəlində Böyük Vətən müharibəsi və Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirin bədii hissəsi nümayiş etdirildi. Məktəbin gənc müəllimləri və şagirdləri tərəfindən şeirlər və hərbi vətənpərvərlik mahnıları səsləndirildi, Kamal Qasımovun qəhrəmanlığını əks etdirən səhnəcik təqdim olundu. Bədii hissənin sonunda Kamal Qasımova həsr olunmuş, 1941-ci ildə “Azərbaycanfilm” tərəfindən lentə alınmış “Vətən oğlu” filmi nümayiş etdirildi. Tədbirin rəsmi hissəsini giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov açaraq tədbir iştirakçılarını salamladı.

Daha sonra qəhrəmanın şərəfli ömür yolu barədə geniş məlumat verdi. Bildirdi ki, Kamal Qasımov müharibənin əvvəlində – 1941-ci ilin iyul ayında üç gecə ərzində altı əsgərlə Moldaviya ərazisində Cənub cəbhəsində Prut çayı üzərində üç körpü partladaraq düşməni Rumıniya ərazisindən Moldaviya ərazisinə keçməsinin qarşısını almışdır. Kamal Qasımov düşmənlə qeyri-bərabər keçən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

İsmayıllı RİH-nin nümayəndəsi Murad Məhərrəmov rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusilə vurğuladı. Ardınca çıxış edən İsmayıllı Təhsil Şöbəsinin əməkdaşı Hafiz Kərimov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Məktəbin icraçı direktoru Yeganə Ağayeva çıxış edərək, hərbi vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacibliyindən danışdı.

Tədbirdə iştirak edən basqallı ziyalılar da fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. AMEA-nın elmi işçisi Abduləhəd Tağıyev, Ukraynanın Xarkov şəhərində Azərbaycan diasporunun üzvü Kifayət Cəfərova, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Mikayıl qızı çıxışlarında Basqal qəsəbə tam orta məktəbinin tikintisinə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Daha sonra Roman Səfərov çıxışında Kamal Qasımova həsr etdiyi şeiri səsləndirdi. Ardınca çıxış edən ehtiyatda olan polkovnik-leytenant Çingiz Məhərrəmov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi, bu kimi tədbirlərin sayının gələcəkdə daha da çox olmasını arzuladı. V.Şnurre yazırdı ki, “Osvensimdə baş verən dəhşətlər hərfləri, sözləri, təsəvvürləri, hətta simvolları dəyişdi, çünki gerçəklik daha onlardan istifadə etməyə imkan vermir”.

Bəli, müharibə simvollarla işləməyə yer tanımır. Onun öz “simvolları” – işarə və rəmz gerçəkliyi var. Bu gerçəklik ancaq və ancaq insan həqiqətinin yüksək bədii ifadəsində və zamanın diqtəsində təzahürünü tapmalıdır. Necə ki, Böyük Vətən müharibəsi qəhrəmanı Kamal Qasımovun ruhu göylərdə, işıqlı xatirəsi dəyərli insanların qəlbində və yaddaşında yaşayır, bax bu həmin insanlarda da xoş ovqatlar yaradır.

Tədbir itirilmiş torpaqların geri qaytarılması, üçrəngli bayrağımızın Qarabağda dalğalandırılması arzusu ilə sona çatdı.

yyaz Mustafayev,

Basqal qə icra nümayəndəsinin müavini

Şərh Yaz