Yaddas kitabcasi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də İsmayıllı rayonuna gəlib

* Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

 

* Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış olub.

 

Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında da iştirak ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış olub.

İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb.

 

Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub. Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.

İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.

Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.

Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina: Salam. Xoş gəlmisiniz.

Mehriban Əliyeva: Sağ olun.

Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.

Mehriban Əliyeva: Məmnuniyyətlə.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxdılar.

Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.

Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu. Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.

İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı, binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.

Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.

Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.

Olqa Jabina: Həmişə şadıq.

Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.

Şərh Yaz