Yaddas kitabcasi

Basqal qəsəbə tam orta məktəbinin açılışı olub

Basqal qəsəbə tam orta məktəbinin yenicə tikilib başa çatdırılmış binasında sentyabr ayının 17-də açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

C.Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illərin bu sahədəki nailiyyətlərini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlər və nailiyyətlərdən söz açıb. Təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Təhsil naziri C.Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət edib.

Məktəb 432 şagird yerlikdir.  Müasir təhsil üçün zəruri olan hər cür avadanlıqla təchiz olunub. Binada  fizika,  kimya,  biologiya laboratoriyası, 18 sinif otağı, texniki təlim otaqları, kitabxana, oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, eləcə də idman zalı yerləşir.

Ş.Soltanov

Şərh Yaz