Zülmət işıqla qovulur

Qısqanclıq müalicəsi mümkün olmayan, sağalmaz xəstəlik və bədbəxtçiliyin başlanğıcıdır. Bu, insan həyatını, yaşayış tərzini pozur. Boşanmaların əsas səbəblərindən biridir.

Qısqanclıq olan ailələrdə daim dava-dalaş olur, stres yaşanır. Qısqanclıq zəminində cinayətlər törədilir. Hətta elə olur ki, ər arvadının, arvad isə ərinin həyatına qəsd edir. Belə ailələrdə böyüyən uşaqların taleyi acınacaqlı olur. Çox vaxt həmin uşaqlar valideyn himayəsindən məhrum olurlar. Bir sıra hallarda belə uşaqlar narkoman və spirtli içki aludəsi və nəticədə cinayətkar olurlar. Hər bir valideyn öz hisslərini cilovlamağı bacarmalı, övladlarının gələcək taleyini fikirləşməlidir.

72 illik ömrümdə bir çox ailələrin qısqanclığa görə dağılmasının, bəzən isə ailə başçısının həbsxanaya düşməsinin şahidi olmuşam. Sevərək evlənənlər xoşbəxt yaşamaq əvəzinə, ömürlərinin ən mənalı illərini məhkəmələrdə əmlak və aliment davası ilə keçirirlər.  Bu kimi hallarda çox vaxt valideyn himayəsindən məhrum olan uşaqlar cinayətkar ünsürlərin toruna düşürlər. Ən acınacaqlı hal isə odur ki, qısqanc qızların anaları onları bu gərəksiz anlayışdan uzaqlaşdırmaq əvəzinə, daha qızışdırıcı mövqe tutduqlarına görə gənc ailələrin dağılmasına səbəb olurlar.

Həyat insana bir dəfə verilir. Dünyaya göz açan uşaq qısqanc doğulmur. Uşaqlar boya-başa çatdığı ailədə tərbiyə alır və qısqanclıq bəlasına da həmin ailədə tutulurlar.

Əsl ailə bir dəfə qurulur. Gəlin elə edək ki, ailələrimiz dağılmasın. Ömürlərinin 50-80 ilini birlikdə yaşayan nənə-babalarımızdan nümunə götürək. Mətbuat, televiziya həmin ailələri təbliğ etsin, nümunə göstərsin. Gənc ailələrdə ər arvadın, arvad ərin mobil telfonunda  ailələrin dağılmasına rəvac verəcək bəhanələr axtarmasınlar. Bir-birlərinə inansınlar, etibar etsinlər. Öz yarısını tapanlar bütövləşib xoşbəxt yaşasınlar, bir daha ayrılmasınlar. Sevgi, məhəbbət qarşılıqlı hörmətə əsaslanır. Qarşılıqlı hörmət olmadan, bir-birinə güzəşt etmədən birgə yaşamaq, möhkəm ailə qurmaq mümkün deyil.

Hər ailə kiçik bir cəmiyyətdir. Ailələr söz-söhbətsiz, sağlam, möhkəm olarsa, cəmiyyətimiz də sağlam və möhkəm olar. Gəlin ailələrin dağılmasına yol verməyək. Vətən üçün layiqli vətəndaşlar tərbiyə edək.

45 illik ailə təcrübəsinə əsaslanıb valideynlərə tövsiyə edirəm ki, övladlarını uşaqlıqdan qısqanclıq kimi çətin müalicə olunan  xəstəliyə tutulmaqdan qorusunlar. Onları gələcək ailələrinin möhkəm təməlli olması naminə düzgün tərbiyə etsinlər. Ailələr dağılmasın. Uşaqlar ailədə valideynləri ilə birlikdə atalı-analı böyüsünlər. Ailələr qısqanclıq bəlalarından uzaq olsunlar. Zülmət işıqla qovulur. Qısqanclığı isə nifrətlə deyil, sevgi ilə yox edək.

Yaşar Nuriyev,

təqaüdçü müəllim

 

Şərh Yaz