Etimadı doğrultmaq danılmaz borcdur

Dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Xoş rəftarı, nəzakəti diqqət çəkən xüsusiyyətlərindəndir. Kimliyinə bələd olduqdan sonra işgüzarlığı, vətənsevərliyi, dövlətə sədaqətli olması, yerini-yurdunu qəlbən sevməsi ilə layiqli vətəndaş olduğuna sevinirsən.

İctimai fəallığı, sosial məsuliyyəti sayəsində onu rayonda çoxu tanıyır. Kürd Eldarbəyli kəndinin sakini, Yeni Azərbaycan Partiyasının üzvü, Hacıhətəmli bələdiyyəsinin sədridir. Vətənpərvərlik, halal zəhmətə bağlılıq ideyalarının təbliği bu sadə insanın ictimai fəaliyyətinin qayəsidir. Özünün dediklərinə diqqət verək:

– Müasir dövrdə iş yerlərində qazanılan uğurlar dövlətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas meyarlardan sayılır. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev bizlərə hər zaman malik olduğumuz qabiliyyət və intellektual imkanların reallaşmasına geniş meydan verilməsini vacib sayır. Odur ki, biz də bu istiqamətdə işimizi qurur, inkişaf etdirir və uğur qazanırıq. İnsan amili, insanlara xidmət ümdə vəzifəmizdir.

Haqqında danışdığım bələdiyyə sədri Hüseynov Maqsud Ərziman oğludur. 1972-ci ildə Kürd Eldarbəyli kəndində anadan olub. Atası ailənin tələbatını alın təri ilə qazandığından Maqsud da əməyə erkən alışıb, necə deyərlər atanın sağ əlinə çevrilib. Doğma kənd məktəbini əlaçılar sırasında bitirib. Təsərrüfat işlərində valideynlərinə yardımçı olub. Sovxozda fəhlə kimi çalışıb.

Maqsud Hüseynov 1994-1996-cı illərdə Ağdaş Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 2005-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirib. Kürd Eldarbəyli kəndində YAP ilk təşkilatının sədridir. Bu sahədə irəli sürdüyü faydalı təşəbbüslər həmişə ali məqsədə, dövlətçiliyə xidmətə hesablanıb. İstənilən əmək sahəsində sosial məsuliyyət prinsipini  həmişə vacib amil sayır. Onun fikrincə, kənddə yaşayan hər bir insan nəinki torpağın qədrini bilməli, hətta onun hər qarışından səmərəli istifadə etməyi bacarmalıdır. Bələdiyyənin hüdudlarında sosial infrastruktur qənaətbəxş səviyyədədir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun tövsiyə və tapşırıqları, məsləhətləri birmənalı şəkildə fəaliyyət proqramımızdır. İƏD üzrə icra nümayəndəliyi ilə iş birliyimiz problemli məsələlərin həllində uğurlu nəticələr verir.

Müsbət işi qeyd olunan insanın müsbət keyfiyyətlərinin olması tam təbiidir. M.Hüseynov dostluqda, yoldaşlıqda  möhkəm və sədaqətlidir. Ona ümid bəsləyən kəsi naümid qoymur. Başladığı işi sona çatdırmaq şakəridir. Ona göstərilən etimadı doğrultmaqda nümunədir.

Hacıhətəmli bələdiyyəsi – kəndin özü daxil olmaqla, həm də Kürd Eldarbəyli və Gideyli gəndlərini əhatə edir. Son 5-6 ildə bu kəndlərdə sosial infrastruktur müsbətə xeyli dəyişib. Ərazidə 3 məktəb,  2 poçt və 2 tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir. Odur ki, bu kəndlərdən çox nadir hallarda başqa yerlərə köçən olur. Burada zəhmətə alışan insanlar öz güzəranını məşğul olduğu təsərrüfat hesabına qura bilir.

Ərazidə sosial durum, şəhid və müharibə veteranları ailələrinə qayğı daim diqqətdə saxlanılır. Əlamətdar günlərdə onlar xüsusilə yad olunurlar. Milli adət-ənənələr qorunur. Ağsaqqal, ağbirçək sözünə dəyər verilir. Böyüklərin xeyir-duası olmadan, toy-nişan məclisləri qurulmur. Odur ki, erkən nigah, boşanma halları da yox səviyyəsindədir. Söz yox ki, sadalanan məsələlərdə bələdiyyənin də öz təsir gücü vardır.

Hacıhətəmli bələdiyyəsində 2019-cu ilin birinci yarısında görülən işlər qənaətbəxş hesab olunub. Burada uzun illər problemə çevrilmiş içməli su məsələsinin həlli günün vacib işlərindəndir. Hazırda bu istiqamətdə ciddi iş aparılmaqdadır. Çalışmaların müsbət nəticə verəcəyi gözlənilir. Bunun üçün bələdiyyə ərazidə daha çox iş görməli, daha çox iş görmək üçün isə vətəndaşlardan vergi toplanması məsələsinin tam həllinə nail olmalıdır.

İstənilən yerdə gənclərə yüksək inam və etimad vardır. Ərazidəki gənclərin asudə vaxtının təşkili bələdiyyənin başlıca vəzifələrindəndir. Asudə vaxtın səmərəli təşkili, gənclərlə aparılan mənəvi tərbiyə işi yüksək uğurlarla –  yerə-yurda bağlılıq, vətənpərvərliklə nəticələnir. Elə bu il “Hacıhətəmli” futbol komandasının rayon birincisi olması buna əyani subutdur.

Hacıhətəmli bələdiyyəsində çalışanlar, o cümlədən M.Hüseynov üzərinə düşən vəzifələri dəyərləndirmək bacarığına malikdir. Yerli xarakterli yeni layihələr həyata keçirmədən yeni uğurlara imza atmaq çətin ola bilər.  Seçicilərinin etimadını doğrultmaq hər bir bələdiyyə üzvünün danılmaz borcudur.

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkidə Hacıhətəmli bələdiyyəsinə üzv seçilmək istəyənlərə,  səlahiyyətli üzvlərlərə, eləcə də Maqsud Hüseynova növbəti dəfə seçicilərin etimadını qazanmağı arzu edirik.

Hacıməmməd Məmmədov

Şərh Yaz