Sonda bir gün…

Onlar hər yerdə var. Bədii əsərlərdə, filmlərdə, seriallarda, film kimi həyatlarda… Onlar həyatın acı istiotudurlar. İstənilən halda həyat adlı təamda zəhər dadarlar. Di gəl, onlarsız da həyatı təsəvvür etmək mümkün deyil. Belə olsaydı, zatən oxuduğumuz əsərlər, baxdığımız filmlər, tamaşalar da maraqlı olmazdı. Onlarla eyni cəmiyyətdə yaşamaq, eyni havanı, suyu, bəzən həyatı paylaşmaq nə qədər acı olsa da, bir o qədər də “rəngarəngdir”.

Həyatdan ədəbiyyata, kinoya köçürülmüş mənfi obrazlardan, pislərdən, məmur olaraq dövlət üçün deyil, özünə çalışan adamlardan danışıram…

İnsanın düşüncəsi nədirsə, onun mahiyyəti, öz varlığı ilə yer üzündə ifadə etdiyi məzmun da odur…

Xeyir əməllərə ünvanlanmış düşüncələr insanın mahiyyətini xeyir işığında kökləyir… Dünyadakı bütün bəd əməllər isə insanın düşüncələrindəki şərin ifadəsidir. Təəssüflər olsun ki, şər, pis adamlar yamanca çoxalıb, lap alaq otları kimi. Dondan-dona girib özlərini istənilən yerdə təqdim edə bilirlər.

Acın toxdan xəbəri olmadığı kimi, isti evdə oturanın da soyuqda donandan, işlinin də işsizdən xəbəri olmur. Bəzilərinin varlıq kimi özündən, ürəksizlərin isə ürəklilərdən xəbəri yoxdur. Çox şeydən, hətta özlərindən xəbərləri olmayanlar bu duyğusuzluqlarına necə dözürlər, necə yaşayırlar? Təəccüblü orasıdır ki, onlar nifrətə hədəf olduqlarını asanlıqla görür, duyur, lakin, özülərini sındırmırlar.

Belələrinə nə deyəsən? Ay yazıq, bir gün sən də bu dünyadan köçəcəksən. Yığdıqlarından heç nəyi apara bilməyəcəksən. Apardığın iki şey olacaq – özünə etməyə çalışdığın “yaxşılıq”lar və hamıya etdiyin pisliklər…

Uşaq vaxtı eşitdiyimiz, oxuduğumuz nağıllarda xeyir şərə qalib gələrdi. Pislik xeyirxahlığa məğlub olardı. Böyüdükcə, şər insanlarla rastlaşdırca gördük ki, nağıl elə nağıldır. Həyat yaxşı adamları yenidən pis adamlarla qarşılaşdırmaq üçün hadisənin sonunda üç nöqtə qoyur. Sonda göydən üç alma düşür və onlardan biri də sənə çatmır.

Hacıməmməd Məmmədov

 

 

Şərh Yaz