“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi”dir

Dayanıqlı inkişaf üçün informasiya mühüm əhəmiyyətə malikdir

 

Azərbaycan xalqı bu gün firavan həyat yaşayır. Ölkəmizdə azad və demokratik mühit mövcuddur və bu da xalqımızın sərbəst düşünməsinə, müstəqil seçim etməsinə, xalqın öz müqəddəratını özü həll etmək qabiliyyətində olmasına dəlalət edir. Azərbaycan dünyaya örnək olan bir dövlətə çevrilməkdədir. Artıq ölkəmiz bir sıra sahələrdə qabaqcıl təcrübəsini dünyaya təqdim edib. Ölkəmizdə keçirilən bir-birindən möhtəşəm beynəlxalq tədbirlərdə Azərbaycan xalqı və dövlətimiz dünyada tolerantlığın, multikulturalizmin, əsil qonaqpərvərliyin standartını formalaşdırdı. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, iqtisadiyyatın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Ulu öndərin müdrik siyasəti möhtərəm cənab Prezidentimiz tərəfindən mükəmməl şəkildə davam etdirilir. Elə onun nəticəsidir ki, ölkəmizdə dünyaya örnək ola biləcək xalq-prezident birliyi mövcuddur. O birliyin nəticəsidir ki, ölkə başçısı hər bir vətəndaşın seçimi olduğu kimi, hər bir vətəndaşın prezidentidir.

Son illər Azərbaycanda referendum aktının yekdil səslə imzalanması xalqımızın möhtərəm cənab prezidentin ətrafında sıx birləşməsinin nəticəsidir. Xalqın taleyüklü qərarlarda aktiv iştirakının təmin olunmasından, atılan hər bir addımın, verilən hər bir qərarın arxasında Azərbaycan xalqının mənafeyinin dayanmasından, əhalinin xoşbəxt gələcəyinin təmin olunması üçün hesablanmış qərarlar odluğundan hər bir Azərbaycan vətəndaşı əmindir. Xalqımız referendum səsverməsində, Prezident seçkilərində, millət vəkilləri və bələdiyyələrin seçilməsi üçün keçirilən səsvermələrdə son dərəcə aktiv iştirak edir, öz yekdil mövqeyini ortaya qoyur.

 

İnsan potensialı həlledici rol oynayır

 

Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz çıxışlarında qeyd edir ki, mən Azərbaycanın ən böyük Sərvətinə, Azərbaycan xalqına inanıram. Doğrudan da bu fikirlər dövlət Başçısının, Birinci vitse-prezidentin xalqımıza verdiyi olduqca böyük dəyərin təzahürüdür.

Əhalinin sayı və onun strukturu daim zamana görə dəyişir. Bu dəyişikliklər bütünlükdə iqtisadiyyatın və cəmiyyətin inkişafına öz təsirini göstərir. Ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması  prosesi  Əhalinin siyahıyaalınması adlanır. Statistik tədqiqatın birinci mərhələsində ilkin statistik məlumatlar formalaşır ki, bu da aparılacaq tədqiqatın bünövrəsini təşkil edir. Statistik tədqiqatın etibarlı, düzgün, keyfiyyətli olması üçün məhz ilk növbədə onun bünövrəsi keyfiyyətli olmalıdır.  Dünyanın demək olar ki, bütün ölkələrində mövcud olan statistika haqqında qanuna əsasən, siyahıyaalma zamanı toplanan bütün məlumatlar statistik məqsədlər üçün istifadə olunur. Hər bir şəxs haqqında əldə edilən məlumat hər hansı təşkilat və ya fərdi şəxsə verilə bilməz. Müxtəlif ölkələrin siyahıyaalma üzrə anket forması çox oxşardır. Dövlətin sosial proqramlarını həyata keçirmək üçün anketə müvafiq suallar daxil edilir. Siyahıyaalma hər bir ölkənin milli statistikasının əsasını təşkil edir, istər regional, istərsə də qlobal səviyyədə demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir.

Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə keçirilib. Ölkənin sosial-iqtisadi proseslərinin idarə edilməsi ilk növbədə əhali haqqında keyfiyyətli informasiya təminatını tələb edir. Hər bir ölkə öz ehtiyatları haqqında məlumata malik olmalıdır. Bu baxımdan əhalinin sayı, onun tərkibi, keyfiyyət göstəriciləri mühüm strateji ehtiyat hesab edilir.

Rəsmi qurumların açıqlamasına görə Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sözügedən konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanıb. Bu konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan verib.

 

Bu il yenidən əhalinin siyahıyaalınması keçiriləcəkdir

 

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  fərmanına əsasən Azərbaycanda 2019-cu il 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçiriləcəkdir.

Mövzu ilə bağlı İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun fikirlərini aldıq. Ə.Əzizov qeyd edib ki, ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərinə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılması əhalinin siyahıyaalınmasının əsas məqsədidir. Dünyanın bir çox ölkələri üçün əhalinin vəziyyəti haqqında məlumatların yeganə və dəqiq məlumat mənbəyi hər bir vətəndaşın sorğusuna əsaslanan ənənəvi və geniş miqyaslı əhali siyahıyaalmasıdır. Siyahıyaalma aparılmadan əvvəl əhali ilə əhatəli iş aparılır. Əsas məqsəd əhalinin siyahıyaalınmasının faydalı, zəruri tədbir olduğunu göstərmək və inandırmaqdır. BMT-nin “Əhali və mənzil fondunun siyahıyaalınması – 2020” tövsiyələrində əhalinin siyahıyaalınmasının üzv ölkələr tərəfindən ən azı 10 ildən bir keçirilməsi qeyd olunmuşdu. 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olmuşdur.

Əhalinin siyahıyaalınmasının müasir tarixində üç mərhələni qeyd etmək olar. Birinci mərhələdə siyahıyaalmaların təşkili və onların proqramlarının müəyyən olunması üçün əsaslar qoyulub.

İkinci mərhələdə əhali siyahıyaalmaları Avropanın və Amerikanın bütün ölkələrində, bəzi Asiya və Afrika ölkələrində başlayıb. Tədricən nəzəri-metodoloji materiallar inkişaf etdirilib və əhalinin siyahıyaalınması təcrübəsi təkmilləşdirilib, yeni göstəricilər daxil edilib, əhalinin siyahıyaalınması proqramları, eləcə də onların emalı proqramları genişləndirilib.

Üçüncü mərhələ əhali haqqında məlumata olan tələbatın artması ilə şərtlənirdi. Əhalinin siyahıyaalınması bir sıra Asiya ölkələrində, eləcə də yeni müstəqil dövlətlərin yaranması ilə bağlı Afrikada aparılmağa başlandı. XX əsrin sonuna qədər əhalinin siyahıyaalınması demək olar ki, dünyanın bütün əhalisini əhatə edib. İnkişaf etmiş ölkələrdə vətəndaşlar qanuna tabe olur və əhalinin siyahıyaalınması hər kəsin vətəndaşlıq borcu kimi səciyyələndirilir.

 

 Hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür!

 

Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Azərbaycan xalqı uzaqgörən xalqdır və öz müqəddəratını həll edə biləcək qədər geniş dünyagörüşünə malik xalqdır. Bu gün əhalinin savadlılığının artırılması, gənclərin, uşaqların dünyagörüşünün inkişaf etdirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasəti uğurla icra olunan dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafında müsbət təsirsiz ötüşməyib.

Bəllidir ki, hər bir vətəndaş yaxşı yaşamaq istəyir. Hər bir vətəndaş rifah halının yaxşılaşdırılmasını, əmin-amanlıqda yaşamağı seçdiyi üçün, daha güclü dövlətdə yaşamaq istədiyi üçün öz seçimlərində son dərəcə dəqiq və dərin düşüncə ilə davranır. Təbiidir ki, əhalinin seçimləri, müstəqil davranması barədə kortəbii davranmaq olmaz. Hər-hansı bir informasiyanı yayarkən mütləq etibarlı mənbəyə, rəsmi qurumun təqdim etdiyi göstəricilərə istinad etməliyik. Bu mənada cəmiyyətin informasiya təminatında  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar önəmlidir. Hər bir ölkənin statistik göstəricilərini əks etdirən bu kimi rəsmi qurumları mövcuddur. Proqnoz məlumatların hesablanması üçün əsas məlumat mənbələri əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari qeydiyyatı və əhalinin mexaniki hərəkətidir. Əhalinin siyahıyaalınması əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Eləcə də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi öz dəqiq informasiyaları ilə əhalinin məlumatlanmasına xidmət edir.

Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyevin sözlərinə görə cəmiyyətin dolğun informasiya ilə təmin olunması, əhalinin məlumatlılığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dəqiq informasiya dayanıqlı inkişaf üçün mühüm amildir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu gün Dünya Statistika Komitəsinin Beynəlxalq təşkilatların statistik hesablama palatası öz açıqlamalarında Azərbaycan iqtisadiyyatının, mədəni həyatdakı tərəqqisinin sürətli və dayanıqlı inkişafını təsdiq edir.

Yazı “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” dərc olunub.

Elnarə Günəş,

AJB-nin üzvü

 

Şərh Yaz