Yaddas kitabcasi

2019-cu il 1-10 oktyabr tarixlərində əhalinin növbəti siyahıyaalınması keçiriləcək

Bu il oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalma məlumatları cəmiyyətin inkişaf meyillərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistika olmaqla yanaşı, baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir.

Hər birimizin layiqli yaşaması və ictimai həyatda fəal iştirakının təmin edilməsi müasir insan inkişafının əsas göstəricilərindəndir. Şübhəsiz ki, “Heç kimin kənarda qalmaması” prinsipi ilə növbəti inkişaf mərhələsinə qədəm qoymaqla, yoxsulluq, sağlam həyat şəraiti, inklüziv və bərabər keyfiyyətli təhsil, layiqli məşğulluq, gender bərabərliyi, sanitariya, enerji təchizatı və sair məsələlər əhatə olmaqla insan inkişafının əsas sosial və iqtisadi amillərinin kəmiyyət və keyfiyyətinin məqbul səviyyəsinə nail olunması yönündə kompleks proqramların həyata keçirilməsi zəmanəmizin çox ciddi çağırışlarındandır.

Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, ölkədə insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması, vətəndaş cəmiyyətinin ictimai həyatda fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Odur ki, ölkəmizin iqtisadi inkişafının insan kapitalını formalaşdıran əhalinin sosial rifahı daim dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin “İnsan amili bizim siyasətimizin prioritetidir” – sözləri bu fikrin təsdiqidir. Bu əsasla “insanlar haqqında ətraflı statistik məlumatlara olan tələbat həyatın demək olar ki, bütün sahələrində – iqtisadi, sosial, siyasi, humanitar-mədəni və sair sahələrdə səmərəli inkişaf siyasətinin formalaşdırılması üçün hazırda ciddi amilə çevrilmişdir” – desək heç də yanılmarıq.

Əhalinin siyahıyaalınması mühüm dövlət tədbiridir. Cari il oktyabrın 1-10-da müstəqil Azərbaycan tarixində 3-cü dəfə keçiriləcək əhalinin siyahıyaalınması dövlət müstəqilliyimizin 28-ci il dönümü ilə yanaşı, dünya birliyinin bir üzvü kimi ölkəmizin də qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasının ilkin mərhələsinə təsadüf edir. Demək olar ki, geridə qoyduğumuz dövrdə ölkəmizdə əhalinin 9 dəfə siyahıyaalınması baş tutub ki, bunlardan birincisi 1897-ci ildə Çar Rusiyası, digər altısı 1926-cı, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu illərdə Sovet İttifaqı və nəhayət son ikisi də 1999-cu, 2009-cu illərdə müstəqillik dövrünə aiddir. Bu siyahıyaalmalar zamanı ölkəmizin əhalisi haqqında ətraflı məlumatlar toplanılıb.

Təbiidir ki, ərazilərimizin 20 faizinin işğal olunduğu müharibə, habelə dərin iqtisadi və siyasi böhran şəraitində kollektiv təsərrüfat sistemindən müasir bazar iqtisadiyyatına keçid dövründə təzahür edən sosial problemlər demoqrafik meyllərə təsirsiz ötüşə bilməzdi. Bu minvalla 1994-cü ildə imzalanmış atəşkəs razılığı, 1996-cı ildə əldə olunmuş makroiqtisadi sabitlik və 1997-ci ildən başlamış dinamik sosial-iqtisadi inkişaf müsbət sosial-demoqrafik proseslərin dərindən öyrənilməsi və təhlili üçün milli siyahıyaalmanın keçirilməsini zəruri edib.

Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, xalqımız əzmkarlığı ilə dövlət müstəqilliyini bərpa etdikdən sonra, məhz ümummilli lider Heydər Əliyevin möhkəm və uzaqgörən siyasi iradəsi ilə yenidən milli-mənəvi birliyinə qovuşub, öz əhalisi haqqında dolğun məlumatlardan ilk dəfə 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında keçirilmiş əhalinin siyahıyaalınması sayəsində agah olub. Belə ki, 1989-cu ildən etibarən, yəni ictimai-siyasi mühitin və şəraitin kəskin şəkildə dəyişdiyi dövrdən 10 il sonra müasir statistika tariximizdə ilk dəfə əhalinin dövlət səviyyəsində siyahıyaalınması Ulu öndərin “1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1996-cı il 22 fevral tarixli Sərəncamı ilə baş tutub.

Uzun illər davam edən müharibə şəraitinin əhalinin həyat və məişətində dərin izlər buraxdığına baxmayaraq, həmin siyahıyaalmadan keçən dövr ərzində ölkədə aparılan müasir və çoxşaxəli islahatlar əhalinin artımı və həyat şəraitinin yaxşılaşmasında öz töhfəsini verib. Odur ki, sürətlə inkişaf edən müasir Azərbaycanda əhali haqqında geniş və dolğun məlumatların əldə edilməsinin zəruriliyi bir fakt kimi dövlətin qarşısında dayanıb. Bu məqsədlə müstəqil Azərbaycanda əhalinin ikinci siyahıyaalınması 10 il sonra Prezident İlham Əliyevin 2006-cı il 7 iyun tarixli Fərmanına əsasən, 2009-cu il aprelin 13-22-də keçirilib.

Nəzərə alsaq ki, ötən 10 il ərzində ölkə əhalisinin demoqrafik göstəriciləri xeyli dəyişib, bu halda əhali haqqında yeni demoqrafik məlumatların toplanması üçün yeni siyahıyaalmanın keçirilməsi qaçılmaz zərurətdir. Unutmaq olmaz ki, 2009-cu ildə 8 milyon 922,4 min əhalisi olan Azərbaycanda növbəti siyahıyaalma ərəfəsində 10 milyonuncu sakin qeydiyyata alınıb.

Əhalinin siyahıyaalınması baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir. Müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyəti daha da artıb. Bu gün statistika məlumatı olmadan dünyada mühüm qərarların qəbul edilməsi mümkün deyil və qlobal səviyyədə baş verən proseslər də göstərir ki, dəqiq statistika olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Bir tərəfdən müasir problemlərin həlli istiqamətində çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkili zərurəti, digər tərəfdən isə “Gündəlik-2030” da qarşıya qoyulmuş məqsəd və hədəflərə çatma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın aktual məlumat bazaları əsasında istehsalını şərtləndirir. Etiraf edilməlidir ki, belə məlumat bazaları da ilk növbədə ənənəvi qaydada toplanan siyahıyaalma məlumatları ilə yaradılır.

Əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ümumi sosial-iqtisadi fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də, dayanıqlı inkişaf üçün əhalinin sayı, tərkibi, məşğulluq vəziyyəti, təhsili, məskunlaşması və digər demoqrafik xüsusiyyətləri, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, bütün ölkə əhalisi üzrə cins, yaş, doğulduğu yer, yaşayış yeri, daimi və ya müvəqqəti yaşama, müvəqqəti qaib olma, vətəndaşlıq vəziyyəti, milli (etnik) mənsubiyyəti, ailə vəziyyəti, təhsil səviyyəsi, əlillik və sağlamlıq durumu, qaçqın və ya məcburi köçkün statusu, gəlir mənbələri, məşğulluq statusu, mənzil-məişət şəraiti və sair başqa əlamətlərə görə dolğun məlumatlar bir qayda olaraq vahid şəkildə yalnız əhalinin siyahıyaalınması yolu ilə əldə edilir. Bu məlumatlar ev təsərrüfatlarının tədqiqi üçün elmi əsasda seçmə məcmunu təşkil edir.

Əhalinin siyahıyaalınması ən kiçik coğrafi ərazi vahidləri belə əhatə olunmaqla bütün ölkə ərazisində yaşayan əhalinin sayının və seçilmiş sosial-demoqrafik göstəricilərə dair məlumatların mütəmadi zaman intervalları ilə rəsmi uçotunu aparmağa (və ya məlumatları tutuşdurub yoxlamağa) imkan verən tədbirdir. Bu tədbir fərdi məlumatların (respondentlərlə sorğu aparılması yolu ilə və ya reyestrlərdəki məlumatların istifadəsi əsasında) toplanılması, emalı və ümumiləşdirilməsi prosesini, habelə demoqrafik, iqtisadi və sosial məlumatların qiymətləndirilməsi, dəqiqliyinin müəyyənləşdirilməsi, təhlili və yayılması prosesini özündə ehtiva edir. Göründüyü kimi, əhalinin siyahıyaalınması baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir və yalnız daimi yaşayan şəxslər barəsindəki məlumatları deyil, müvəqqəti yaşayan şəxslərə, vətəndaşlığı olmayan şəxslərə, qaçqınlara və məcburi köçkünlərə, evsiz şəxslərə və ya köçəri əhali qruplarına dair məlumatları ümummilli səviyyədən tutmuş, ayrı-ayrı kiçik yaşayış məntəqələrinə qədər bir çox müxtəlif coğrafi vahidləri əhatə edən statistik göstəricilər formasında təqdim və təhlil etməyə imkan verir.

Müəyyən yaş qrupunda olan qadınlar arasında doğum səviyyəsi, nikaha (rəsmi və ya qeyri-rəsmi) daxilolma vəziyyəti, əhalinin yaş qrupları və cins bölgüsündə savadlılıq və riyazi savadlılığın ən az müəyyən edilmiş funksional səviyyəsi, işləməyən, təhsil almayan və ya peşə təlimi keçməyən gənclərin xüsusi çəkisi, habelə elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisini xarakterizə edən DİM göstəricilərini əhalinin siyahıyaalınmasının keçirilməsi üçün nəzərdə tutulan sorğu anketlərinin məlumatlardan birbaşa əldə ediləcək.

Burdan da belə qənaətə gəlmək olar ki, dayanıqlı inkişaf siyasətinin işlənib hazırlanması üçün əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınması yolu ilə əldə edilə bilər. Bir sözlə, indiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırkı siyahıyaalmada aktiv iştirak həyati vacib dərəcədə əhəmiyyətlidir. Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir insani borcdur, çünki bu məlumatlardan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcək.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                     

 

Şərh Yaz