Ən kiçik kəndlərimiz də diqqətdədir

Güyüm kəndi problemləri dövlət qayğısı nəticəsində ardıcıllıqla həll olunan Diyallı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqəsidir. İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov 12 iyul 2019-cu il tarixdə burada sakinlərlə görüş-qəbul keçirib.

Məlumat üçün bildirək ki, 182 nəfər sakini olan kənd 52 təsərrüfat və 46 evdən ibarətdir. Qaib əhalinin sayı 50 nəfərdir. Bu rəqəm əmək məşğulluğu üçün ərazidə müəyyən sahələr üzrə iş yerləri yaratmaq əvəzinə, digər yerlərə iş dalınca gedənlərin hesabına belə qabarıq görünür.
Ölkədə gedən inkişafdan, rayonda son vaxtlar görülən işlərdən ətraflı danışan M.Sadıqov Prezidentin son Sərəncamları əsasında İsmayıllıda həyata keçirilən layihələrdən də söz açıb. O qeyd edib ki, görülməkdə olan işlər yaxın gələcəkdə ən kiçik kəndlərimizi belə əhatə edəcəkdir.

RİH-nin başçısı M.Sadıqov görüş-qəbulun iştirakçılarını dinləyib. Çıxış edənlər kənd yolunun təmiri, kəndə qaz xəttinin çəkilməsi, yararsız elektrik dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsini xahiş ediblər.

Görüş-qəbulda söhbət cari ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərə dəyən zərərlə bağlı olub. Məlum olub ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən kəndə ezam olunan komissiya buradakı evlərin böyük əksəriyyətinin zəlzələdən zərər çəkdiyini deyil, istismar müddətini qismən başa vurmaqla, köhnəlməyə məruz qaldığını müəyyənləşdirib. Bununla belə, daha qəzalı olan evlərin təmiri və bərpası nəzərə alınıb.

Söhbət əsnasında fərdi evlərin, zəbt olunmuş torpaqların sənədləşdirilməsi barədə də danışılıb.

RİH-nin başçısı M.Sadıqov qaldırılan hər bir məsələni qanunamüvafiq şəkildə cavablandırıb, əlaqədar xidməti təşkilatların rəhbərlərinə olunmuş xahişlər istiqamətində təxirəsalınmaz işlərin icrasını tapşırıb.
Ş.Soltanov

 

Şərh Yaz