Bu ucalıq hər zaman seviləcək

Tarix hər bir millətə dahi şəxsiyyətləri nadir hallarda bəxş edir. Bu şəxsiyyətlər isə tarixi yaradır, ona əbədi və silinməz hərflərlə şərəfli sətirlər yazır, millətlərini, xalqlarını, dövlətlərini ucaldırlar. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi belə nadir şəxsiyyətlərdən biri olaraq, bu gün milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə anılır.

Ulu öndərimiz Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Bu fikirlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə İsmayıllı rayonunun Soltankənd kəndində keçirilən tədbirdə səslənib.
35 illik rəhbərliyi  dövründə ulu öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, Azərbaycan xalqı üçün etdikləri keçirilən tədbirlərin hər birində xatırlanıb, xilaskarlıq missiyası xüsusilə diqqətə çatdırılıb.

Məruzəçi  Şahin Musayev bildirib ki, 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi.

Bu ucalığın zaman keçdikcə daha çox seviləcəyi etiraf olunan tədbirlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov, təbliğat qrupunun üzvləri, ərazidəki sakinlər iştirak ediblər. M.Məhərrəmovun çıxışı da maraqla dinlənilib.
Məruzə və çıxışlarda Ulu öndərin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların inam və etibarı, istək və məhəbbətlərinin gündən-günə artdığı qeyd olunub.

Bildirilib ki, Heydər Əliyev siyasətinə sədaqət nəticəsində müstəqil Azərbaycan bu gün yeni inkişaf və tərəqqi dövrünü yaşayır.

Niyazi Ələkbərov,

Soltankənd bələdiyyəsinin sədri

Şərh Yaz