Möhkəm zəmin əsasında inkişaf

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə İsmayıllı rayonunun Lahıc qəsəbə, Diyallı, Kürdmaşı, Qurbanəfəndi, Bizlan və digər yaşayış məntəqələrində tədbirlər keçirilib.

Tədbir iştirakçıları öncə bir dəqiqəlik sükutla Ulu öndərin əziz xatirəsini yad ediblər.

Məruzələrdə 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyevin qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkəti nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtması, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirməsi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində də böyük və şərəfli yol keçib. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qalıb. Bu illər ərzində dövlətçiliyin əsasları qoyulub.

Azərbaycan özünü dünya birliyinə təqdim edib, beynəlxalq əlaqələri inkişaf etdirib. Dünya xəritəsində özünə layiq yer tutub, ölkədə nəhəng sosial və iqtisadi islahatlar uğurla aparılır. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olub, ölkəyə böyük həcmdə investisiyalar cəlb edilib. Azərbaycan belə bir möhkəm zəmin əsasında günbəgün inkişaf edir.

Çıxış edənlər dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan və doğma xalqına misilsiz xidmətlərindən danışıblar.

İftixar hissi ilə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən Ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamı daha da artırıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz